Yay fəsli ərəfəsi çoxlarımızı düşündürən məsələlərdən biri də necə və harada dincəlməkdir. Uşaqların da istirahət etmək üçün dərs ilinin sonunu səbirsizliklə gözlədiklərini nəzərə alsaq, bu baxımdan onların tətilinin səmərəli təşkili xüsusi önəm kəsb edir. Uşaqların yay istirahətinin səmərəli təşkilindən söhbət düşəndə çoxları sovet dövrünü xatırlayır.
SSRİ zamanı digər respublikalar kimi, Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərib. Uşaqlar yay istirahətləri zamanı pioner düşərgələrinə göndərilir, müxtəlif ekskursiyalara gedib dincəlirdilər.SSRİ dağılandan sonra Azərbaycanda uşaqların istirahət düşərgələrinin bir qismi dağıdılıb və qanunsuz olaraq özəlləşdirilib. Hazırda uşaqların istirahət istəkləri valideynlərin iş qrafiki ilə demək olar üst-üstə düşmür. Sovet dövründə olduğu kimi düşərgələr fəaliyyət göstərsəydi, valideynlər də rahatlıqla öz uşaqlarını istirahətə göndərə bilərdi. Amma təəssüf...
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına bu barədə təəssüflənməyə ehtiyac olmadığını bildirib:
“Bir il öncə “Uşaqların istirahəti haqqında” qanun layihəsi parlamentdə müzakirə olunub. Bu qanun postsovet ölkələrində, o cümlədən Ukrayna, Rusiyada da var. Layihə qismən maliyyə tutumludur. Amma bu layihənin əhəmiyyəti onun maliyyə tutumundan min dəfələrlə önəmlidir. Birincisi, uşaqların asudə vaxtının təşkili ən vacib məsələlərdəndir.
Burada söhbət yalnız yay tətilindən getmir. Dünya praktikasında yay tətili ilə bağlı bir sıra məsələlər nəzərdə tutulub. Bir çox ölkələrdə yay tətili iyun ayının əvvəlindən başlayır və uşaqlar üç ay müddətində ayrı-ayrı yerlərdə istirahət imkanına sahib olurlar”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda bu sahədə ilkin addımlar atılıb:
“Təhsil Nazirliyinin məktəblilərin tətil müddətinin başlanması ilə bağlı (15 iyun-15 sentyabr) verdiyi qərar bu məsələni tənzimləmək üçün atılan addımlardan sayıla bilər.
Artıq Azərbaycanda bu təcrübə var. Neçə illərdir Gənclər və İdman Nazirliyi “Ölkəm mənim” devizi altında uşaqların bir bölgədən digərinə göndərilməsinə nail olub. Təyin olunan müddətdə məktəblilər digər bölgələr barədə də məlumat alırlar.
Bu layihə Prezident Administrasiyasında da həyata keçirilib. Amma mənim fikrimcə, bunu həm yay tətili günlərində, həm də “weekend” dövründə həyata keçirmək səmərəli olar. İşəgötürənlər birliklərini, sahibkarları, Həmkarlar Konfederasiyasını bu işə cəlb etməliyik, dövlət büdcəsindən də bunun üçün müəyyən qədər maliyyə vəsaiti də ayrıla bilər.
İkinci məsələ, yay tətilindən başqa həftə sonu tətilinin (weekend) təşkilidir. Eyni zamanda, nazirlik məktəblilərə özəl tətil günləri müəyyən edib. Həmin müddətdə xaricə səfər etsəniz, təyyarələrdə kifayət qədər uşaqların olduğunu görərsiniz”.
Hadi Rəcəbli “Yaxın gələcəkdə belə bir layihənin Azərbaycanda reallaşması mümkün olacaqmı” sualına cavab olaraq deyib ki, bu, mütləq baş tutacaq: “
Ölkə başçısının göstərişi ilə Gənclər və İdman Nazirliyi, icra başçılarının iştirakı ilə praktiki işlərin görülməsinə başlanılıb. Təhsil Nazirliyi də məsələdə fəal iştirak etməlidir.
Əsas məsələ uşaqların sağlamlığıdır. Uşaqlar tətildə olduğu müddətdə pis vərdişlərdən, kompüterlərdən uzaqda, təbiətlə təmasda olur. Bir-biri ilə ünsiyyətləri yaranır. Təsəvvür edin ki, uşaq məktəbə avtomobillə gedir, avtomobillə də qayıdır.
Bu zaman hansı ünsiyyət yarana bilər? Bu cür layihənin tətbiq edilməsi uşaqlara dostluq keyfiyyətlərini aşılayır, regionlarla tanış olmasına şərait yaradır.
Bu olduqca vacib məsələdir və sevindiricidir ki, ölkəmizdə bu sahədə ilkin addımlar atılır. Bu öz hüquqi bazasını da tapacaq. Layihənin gerçəkləşməsində sahibkarlar da, dövlət müəssisələri də, həmkarlar da, bələdiyyələr də fəal iştirak edəcək”.
Gülşən RAUFQIZI