Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli kəndlərində məskunlaşan kəlbəcərli məcburi köçkünlərin, eləcə də bu kəndlərin yerli sakinlərinin ərazidə mavi yanacaq olmaması səbəbindən əlacsız duruma düşdükləri barədə məlumat vermişdik.
Qeyd edək ki, bu yaşayış məntəqələrində 4 mindən artıq məcburi köçkün məskunlaşıb. Bir müddət əvvəl “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev saytımıza açıqlamasında qeyd etmişdi ki, Qaraçinar kəndinin qazlaşması 2015-ci il dövlət proqramında nəzərdə tutulub: “Bu böyük kənddir və təxminən 509 abonenti var”.Modern.az məsələnin nə yerdə olduğunu öyrənmək üçün yenidən “Azəriqaz”İB ilə əlaqə saxlayıb. İ. Kərbalayev Modern.az saytına növbəti açıqlamasında bildirib ki, bu istiqamətdə işlər 2015-ci ilin sonuna qədər tamamlanacaq:
“Eyni zamanda müəyyən hissəsi qazlaşdırılan Meşəli kəndindəki 11 məcburi köçkün ailəsi yaşayan mənzillərə də qaz veriləcək. Orda yeraltı daşıyıcı xətlər artıq çəkilib. Bir sözlə Qaraçinarın qazlaşması zamanı Yenikənd və Meşəlinin qazlaşmayan hissələrinə də qaz veriləcək”.
Məlumat üçün bildirək ki, Qaraçinar, Yenikənd, Meşəli kəndləri Goranboyun Şəfəq və Ağcakənd yaşayış məntəqələri arasında yerləşir. Həm Şəfəq, həm də Ağcakənd kəndlərində sakinlərə mavi yanacaq verilsə də, kəlbəcərlilər məskunlaşan kəndlərə mavi yanacaq verilmir.
Gülşən RAUFQIZI