Bir müddət əvvəl Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli kəndlərində məskunlaşan kəlbəcərli məcburi köçkünlərin, eləcə də bu kəndlərin yerli sakinlərinin ərazidə mavi yanacaq olmaması səbəbindən əlacsız duruma düşmələri və “Azəriqaz” İstehsalat Birliyinin məsələ ilə bağlı məlumatını yaymışdıq.
“Azəriqaz”dan bildirmişdilər ki, bu istiqamətdə işlər 2015-ci ilin sonuna kimi tamamlanacaq.
Bu yaşayış məntəqələrində 4 mindən artıq məcburi köçkün məskunlaşıb. Bir müddət əvvəl “Azəriqaz”-ın ictimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilmişdi ki, Qaraçinar kəndinin qazlaşması 2015-ci ilin dövlət proqramında nəzərdə tutulub: “Bu istiqamətdə işlər davam etdirilir və 2015-ci ilin sonuna qədər tamamlanacaq. Eyni zamanda, müəyyən hissəsi qazlaşdırılan Meşəli kəndindəki 11 məcburi köçkün ailəsinin yaşadığı mənzillərə də qaz veriləcək. Orada yeraltı daşıyıcı xətlər artıq çəkilib. Bir sözlə, Qaraçinarın qazlaşması zamanı Yenikənd və Meşəlinin qazlaşmayan hissələrinə də qaz veriləcək”.
Bu açıqlamadan sonra ərazidə yaşayan məcburi köçkünlər Modern.az saytına qazlaşdırılma ilə bağlı hər hansı iş aparılmadığını deyiblər.
Qaraçinar, Yenikənd, Meşəli kəndləri Goranboyun Şəfəq və Ağcakənd yaşayış məntəqələri arasında yerləşir. Həm Şəfəq, həm də Ağcakənd kəndlərində sakinlərə mavi yanacaq verilsə də, kəlbəcərlilər məskunlaşan kəndlərə mavi yanacaq verilmir.
Məcburi köçkünlər ümidlərini üzüblər. Biz isə şad xəbəri yazmaq üçün ilin sonunu gözləyirik. İnanırıq ki, “Azəriqaz”dan verilən açıqlamada deyildiyi kimi, 2015-ci ilin sonunda sözügedən kəndlər qazla təmin olunacaq.
Gülşən RAUFQIZI