Modern.az

"Azərbaycan özünü təhlükə içərisinə atmış olardı"

"Azərbaycan özünü təhlükə içərisinə atmış olardı"

14 Avqust 2015, 09:22

Ekspertlər neftin qiymətinin kəskin düşməsinə dair heç də ürəkaçan proqnozlar vermir. Bu baxımdan bütövlükdə iqtisadiyyatı birbaşa neftdən asılı olan ölkəmizdə də qeyri-neft sektorunun inkişafına cəhd edilir. Prezident İlham Əliyev hər zaman məsələyə münasibət bildirərkən Azərbaycanın neftdən asılılığının azaldılması, eyni zamanda insan kapitalının neft kapitalını əvəzləməsinin vacibliyini vurğulayır. Hazırda vəziyyət necədir? İnsan neft amilini üstələyə bilirmi?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına deyib ki, bu addımın atılması nəinki vacib, həm də qaçılmazdır:

“İlk dövrlər Azərbaycanda müharibənin vurduğu ziyanların aradan qaldırılmasına çox ciddi ehtiyac vardı. Həmin dövrdə kimsə neft amilini ikinci plana keçirmək istəsə belə, bu mümkünsüz  və maraqlarımıza zidd idi. Ona görə də qlobal savaşın əsaslarından biri məhz enerji resursları idi. Bu amili kənara qoyduqda Azərbaycan özünü təhlükə içərisinə atmış olardı. Digər tərəfdən, dağılan iqtisadiyyatı, köhnələn infrastruktur obyektlərin yenilənməsini yalnız neft gəlirləri hesabına bərpa etmək mümkün idi. Tam məsuliyyətlə demək olar ki, neft bütün komponentlər üzrə Azərbaycana xidmət etdi”.

Deputat hesab edir ki, Azərbaycan neft amilindən qurtulmaqdadır: “İndi bizi Ermənistanla müqayisə edəndə humanitar fəlakətin aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin bir hissəsinin yerləşdirilməsi, insanların normal şərtlərdə yaşamasının təmin olunmasını nəzərə alanda, sanki savaşı qazananın Azərbaycan olduğu görünür. Siyasət, kənd təsərrüfatı, aqrar-sənaye, o cümlədən informasiya texnologiyaları və digər sahələrə də vəsaitlərin artması üçün imkanların genişlənmədiyini vurğulaya bilərəm. Beləliklə, ölkə, sadəcə paytaxt miqyasında deyil, bölgələrlə paralel olaraq inkişaf etdi. Bu gün xarici investisiyanın bir ünvanı da Azərbaycanın bölgə və regionlarıdır.

Hesab edirəm ki, Azərbaycan şüurlu şəkildə bu dövr ərzində məhz dövlətin yürütdüyü proqramlar vasitəsilə yalnız neft asılılığından qurtulmaqdadır. Ancaq bundan sonra həmin siyasətin daha da şaxələnməsinə çalışmalıyıq. Görünən odur ki, İran ətrafında qlobal oyun, Rusiya ilə məlum sanksiyalar ötən əsrin əvvəlindəki reallığı gündəmə gətirir. Bu da az qala neftin öz maya dəyərindən aşağı satıla biləcəyi perspektividir. Çox bədbin proqnozlar var. Hətta ən peşəkar qurumlar, maliyyə, bank institutları belə, sektordakı vəziyyəti proqnozlaşdıra bilmir. Neftin qiymətinin nəinki 40, hətta 30 dollardan aşağı olacağı ehtimalları söylənilir Ölkə rəhbəri bu amilləri nəzərə alaraq son çıxışında nefti bütün məsələlərdə unutmaq lazımdır fikrini səsləndirdi”.

Deputatın sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi bütün sahələrə təsir edəcək:

“Azərbaycan hakimiyyətini ötən dövr ərzində neftin imkanlarından bu qədər çox faydalanmaqda ittiham etmək çox yanlışdır. “Nefti gələcək nəsillərə saxlamalıyıq” deyənlər yerin altında gedən tektonik proseslərə necə nəzarət edəcəklər? Biz nefti gözləyək, amma neft orda bizi gözləyəcəkmi? Doğurdanmı, neft həmin insanların saxladığı etibarlı bazadadır və orada toxunulmaz qalır?..

Qlobal bazarda neftin qiyməti aşağı düşəcəkcə, bu bütün sferalara - mənzil bazarından tutmuş ərzaq bazarına qədər təsir edəcək. Ona görə də Azərbaycanın ehtiyat büdcəsində mövcud olan vəsaitlərdən aqrar sənayeni qurmaq, daxili məhsul istehsalını gücləndirmək, xaricdə bazar axtarışlarını dərinləşdirmək, rəqabət qabiliyyətli məhsulları meydana çıxarmaq, buna paralel olaraq idxaldan məhsul asılılığını azaltmaq gərəklidir”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama