Modern.az

“Yuanın devalvasiyası Çin mallarının Azərbaycana idxalını artıracaq”

“Yuanın devalvasiyası Çin mallarının Azərbaycana idxalını artıracaq”

14 Avqust 2015, 09:27


“ “Dünya fabriki” rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb. Hətta, Çindən Azərbaycana ixracatın həcmi bu ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları azalaraq 260 milyon dollar təşkil edib. Çinin ixracat göstəricilərində müşahidə olunan azalmanın səbəblərindən biri yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. O, Çinin milli valyutası yuanın dollara nisbətən məzənnəsinin ucuzlaşmasını şərh edərkən deyib ki, devalvasiyaya qədər olan son 18 ayda Çin yuanı dəyərini Avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və Yapon yeni ilə müqayisədə isə 10-15 faiz ətrafında artırıb.  

“Bu isə kifayət qədər rəqabətli regionda onun iqtisadi mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Ona görə də Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi.

Odur ki, Çin valyutasının devalvasiya zərurətdən irəli gəlirdi. Çox güman ki, Çin valyutasının devalvasiya prosesi hələ başa çatmayıb, devalvasiyanın yenidən və kiçik templərlə olsa da davam etməsi ehtimalı indi də qalır. Yuanın devalvasiyası dünya iqtisadiyyatının nəhəngləri arasında valyuta müharibəsini gücləndirəcək”  

Qubad İbadoğlunun fikrincə, Çinin milli valyutasının devalvasiyaya uğraması ölkənin ixrac potensialının genişlənməsinə xidmət edəcək. Ekspert bununla da, Azərbaycana Çin mallarının daha çox gətiriləcəyi qənaətindədir.  

“Bu həmçinin Azərbaycana da Çin mallarının daha çox gətirilməsini stimullaşdıracaq. Son günlər dünya bazarlarında neftin və digər xammalların qiymətlərinin ucuzlaşması səbəblərindən biri də Çindəki devalvasiyadır”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama