Novruz NOVRUZOV
...Əməlləri yaşadığı ömrün hüdudlarını aşan qönçə timsallı zərif və təravətli gənc pianoçu işıqların palitrasına bürünmüş yarıqaranlıq səhnədə qədim royalda seçdiyi əsəri çalırdı. Barmaqları ağ və qara dilləri dilləndirdikcə gah kəskin və çılğın, gah həzin, gah da kədərli melodiyaların harmoniyası dinləyicini dünəni xatırlamağa, bu gün və sabah haqda dərin düşüncələrə dalmağa vadar edirdi. Onun gənc aurasının ətri ətrafdakıları bihuş etmək əvəzinə insanlara gözəl və qətiyyətli, real bir həyatın dəyərlərini aşılayırdı.Amma bütün bunların özəyində yalnız bir hiss çağlayırdı:yaşamaq və yaratmaq eşqi. O öz istedadının gücü ilə təkcə qəlbləri fəth etmir, həm də Azərbaycan musiqi sənətinin salnaməsinə yeni səhifələr yazırdı...
Nərmin Nəcəfli... Bilmirəm, bu ad oxuculara tanışdır, ya yox, amma ölkəmizin və Avropanın klassik musiqi sənətkarları arasında çox məşhurdur.
Nərmin... 1996-cı ilin bir payız günü Bakının Binəqədi rayonunda sakinləşən Nəcəfovlar ailəsində bir qız uşağı dünyaya gəldi. İnsanın həyat fəlsəfəsinin özəyini təşkil edən bu hadisədə ilk baxışda qeyri-adi bir şey yox idi. Ancaq tezliklə məlum oldu ki, qızcığazı digər körpələrdən fərqləndirən nə isə fövqəltəbii hisslər mövcuddur. Savadlı valideynlər övladlarını diqqətlə izləyəndə isə... Heç demə, uşağın ağlamağında, əl-qol hərəkətlərində, yeməyində, hətta gözlərinin ifadəsində aydın sezilən harmoniya varmış. Və bu ilahi verginin hərarəti Nərminin doğmalarına sevinc bəxş etməklə bahəm uşağın təlim-tərbiyəsində onların məsuliyyətini də artırırdı. Axı, vunderkindlər öz istedadlarını həm də mənsub olduqları xalqa, ümumiyyətlə isə insanlara həsr edirlər. Demək, onların övladları həm də cəmiyyətin bir incisi ola bilərdi və uşağın məqsədyönlü ata-ana qayğısına ehtiyacı vardı. Bütün bunlara rəğmən böyüklər hər ehtimalla müşahidələrinin hobbi olacağını da düşünürdülər.
3 yaşında balaca Nərmin anasının pianosunu “dınqıldatmaqla” özünə əvəzedilməz məşğulliyyət tapırdı. Ətrafdakıları təəccübləndirən o idi ki, bu “dınqıltılarda” hissolunacaq uyğunluq vardı. Bir il içərisində gözləntilər reallığa çevrilir, çünki 4 yaşlı Nərmin notları tanıyır və pianonun səslərə uyğun dillərini tapırdı. Bu fitri istedadın parlaması üçün valideynlər qızlarının yaxınlıqdakı 26 saylı musiqi məktəbinin fortepiano şöbəsində təhsil almağını istəyirlər. Balaca qızın zərif və incə vücudu müəllimləri əndişələsə də onun istedadı qarşısında bütün çəpərlər dağılır və istisna hal olaraq 4 yaşlı uşağı məktəbə qəbul edirlər.
Nərminin ilk müəllimləri musiqidən Mətanət Əliyeva, solfeciodan Ülkər xanım olub. Hələ hərfləri tanımayan, şıltaq uşaq dünyasının cazibəsindən ayrılmayan, boyu pianonun dillərinə, ayağı səs pedallarına çatmayan şagirdin sənət dünyasına doğru ilk addımlarında bu iki müəllimənin unudulmaz rolu olub. Cəfakeş müəllimlərin tələbi ilə Nərminin Xuraman nənəsi onun stulu üçün az qala özündən böyük döşəkçə, Aslan babası isə ayaqlarının altına qoymaq üçün kətil düzəldir. 19 yaşına çatmış Nərmin indi həmin günləri həzz və iztirabla yada salır: “Məktəb konsertlərində sevimli müəllimələrimdən biri döşəkçəni, o biri isə kətili səhnəyə daşıyardı. Yuxarı sinif şagirdləri, zala yığışmış valideynlər gülüb əl çalardılar. Mən də uşaq təəssüratı ilə onlara qoşularaq ürəkdən əl çalıb gülərdim. Həmin anlar mənim qəlbimdə böyük bayram ovqatı yaradardı”.
Məktəb yaşına çatanda Nərmini Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edirlər. 6 yaşlı birinci sinif şagirdi artıq pianoda çalmağı bacarır, notların yazılışı və oxunuşu arasındakı əlaqəni, necə deyərlər, “göydə” tuturdu. Bu minvalla Nərmin Nəcəfli Tanrının onun qismətinə yazdığı talenin başlandığı professional yola çıxır. Düz 11 il xaraktercə folklorumuz qədər həzin, musiqi ölçüləri qədər sərt, insan kimi qayğıkeş əməkdar müəllim Ədilə Rəhimovadan dərs alır. “Bülbül”də ilk olaraq milli musiqimizin əsaslarını öyrənməyə başlayan Nərmin Üzeyir Hacıbəyli adlı dühanın adını tez-tez eşidir, Azərbaycan professional musiqisinin banisinin yazdıqları, dedikləri, tapdıqları barədə müəllimələri addımbaşı ona nümunələr söyləyir. Həmin illərdə “Üzeyir” adlı ecazkar sənət kəhkəşanının qapıları balaca pianoçunun üzünə açılır. İnsanın romantik duyğuları ilə yanaşı dərin fəlsəfi dünyagörüşünü milli vətənpərvərlik ruhunda birləşdirən bu qalib dünya Nərminin qəlbini əbədi fəth edir. Müqəddəs hisslərin çulğaladığı uşaq qəlbi bir gün babasından soruşur:
-Baba, Üzeyir Hacıbəylini tanıyırsan?!
-O böyük insanı tanımayan yoxdur, mənim balam, necə bəyəm?
Nəzərləri üfüqün hansı səmtinə dikildiyi bəlli olmayan nəvə verdiyi qəribə sualı ilə babasını təəccübləndirir:
-O haralıdır, baba?!
-Qarabağlıdır, bala, ən böyük musiqiçi....
-Baba, mən də qarabağlı olmaq istəyirəm!-deyə, Nərmin çılğınlıqla babasını qabaqlayır.
Doğma yurd həsrətli Aslan baba nəvəsinin sözlərindən kövrəlsə də büruzə vermir:
-Hə, mənim balam, sənin damarında axan türk qanında Qarabağ torpağının da ab-havası var. Sən həmişə çalış ki, böyük Azərbaycanlı olasan.
Ola bilsin ki, balaca Nərmin babasının nə demək istədiyini o vaxt anlamayıb, lakin qarabağlı olmaq arzusu onun həyat yolunu birdəfəlik müəyyənləşdirib: taleyini musiqiyə bağlayıb. Tapındığı yolda inamla addımlayıb, səbr və dözüm göstərib. Bəlkə də bu keyfiyyətlər ona Tanrının hədiyyəsi olub, axı, Onun “alın yazısı” tam olmalıdır! Nəticələr isə özünü çox gözlətməyib.
Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Nərmin Nəcəfli 13 yaşında xüsusi aylıq təqaüdə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.
2004-2007-ci illərdə Bakıda keçirilən müxtəlif müsabiqələrin, Moskva şəhərində 8-12 yaşlı uşaqlar arasında keçirilən beynəlxalq müsabiqənin qalibi, Tbilisidə keçirilən beynəlxalq musiqi festivalının laureatı, II və IV beynəlxalq Rastropoviç, 2011-ci ildə III beynəlxalq Üzeyir Hacıbəyli festivallarının iştirakçısı olub. 2008-ci ilin mayında “Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi”nə həsr olunmuş I Respublika müsabiqəsində “Qran-pri”yə layiq görülüb.
Nərminin Avropada tanınmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirakı böyük rol oynayıb. 2006-cı ildə Parisdə keçirilən "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi", 2008-ci ildə Strasburqda və Brüsseldə təşkil olunan “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqpamlarında, İtaliyanın Forte dey Marmi şəhərindəki solo konsertlərdə göstərdiyi məharət və istedad onun şöhrətini bir çox ölkələrə yayır və gənc pianoçu xarici müsabiqələrə dəvət alır.
2010-cu ildə Almaniyada keçirilən beynəlxalq müsabiqədə çıxış edən Nərmin dünyanın bir çox ölkələrindən – ABŞ, Almaniya, Böyük Britaniya, Belçika, Yaponiya, Bolqarıstan, Polşa, Rumıniya, Rusiya, İsveç, Portuqaliya, İndoneziya və sair ölkələrdən qatılan 38 iştirakçı arasında seçim turundan qalib çıxan 8 nəfərdən biri olub. Uğurlu çıxışına görə xüsusi mükafata layiq görülüb. Elə həmin il İtaliyadan dəvət alan N.Nəcəfli Eppan şəhərində solo konsertlə çıxış edir. Konsertdə iştirak edən professor Andrea Bonatta onun ifasını yüksək dəyərləndirir və gənc pianoçunu Polşaya, Bidqoş şəhərindəki Paderevski Piano Akademiyasına dəvət edir. Akademiyada professorlar İlya Şeps və Robert McDonalddan ustad dərsləri alan Nərmin şəhərdə təşkil olunmuş Qala konsertdə Polşa Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Çaykovskinin 1 nömrəli konsertini ifa edir.
2011-ci ildə istedadlı pianoçu Paris Konservatoriyasının professoru Muza Rubatskitenin dəvəti ilə Fransanın Bagnere de Bigorre şəhərində keçirilən Piano Pic və Litvadakı II beynəlxalq Vilnüs fortepiano musiqi festivallarında müvəffəqiyyətlə iştirak edir.
2012-ci il onun həyatına bir neçə “uğur”la iz salır. İtaliyanın Seregno şəhərində keçirilən beynəlxalq müsabiqədə böyük yaş qrupunda, Estoniyanın Narva şəhərində keçirilən IX beynəlxalq Şopen müsabiqəsində qalib adını qazanaraq diplom və hədiyyələrlə mükafatlandırılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın Reyms şəhərində keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı konsert proqramında uğurlu çıxıç edir. İngiltərənin Nyukasl şəhərində baş tutan Gənc pianoçuların V beynəxalq müsabiqəsində I yerə layiq görülməsi isə ona ilin ən sevincli anlarını bəxş edir.
2013-cü ilin şöhrət çələngi: Litvanın Kaunas şəhərində keçirilən XXII beynəlxalq festivalda, Almaniyanın Halle şəhərində təşkil olunan Euro Arts festivalının və Gənc pianoçuların Neyqauz adına IV beynəlxalq Moskva festivalında alqışlarla qarşılanan möhtəşəm çıxışlar.
2014-cü ildə Bülbül adına orta-ixtisas musiqi məktəbini bitirəndə Nərmin Nəcəfli yaşına görə artıq musiqi dünyasının zirvəsində idi. Lakin bu hələ ən yüksək nöqtə deyildi. Ona çatmaq üçünsə səbrlə öyrənmək gərək idi. Buna görə də o, öz arzusuna uyğun olaraq imtahan verib Almaniyanın Hannover şəhərindəki Musiqi, Teatr və Dram Akademiyasının fortepiano şöbəsinə qəbul olunur və professor Bernd Goetzkenin sinfini seçir. O, professor Goetzke ilə 2012-ci ildən, İngiltərədəki beynəlxalq müsabiqədən tanış idi. Həmin müsabiqədə münsiflər heyətinin üzvü olan professor Nərminin qalib adı qazanmasına səs vermiş, daha sonra onu Almaniyaya festivala dəvət etməklə yanaşı istedadlı pianoçuya ustad dərsləri keçmişdi. Elə həmin vaxtda da Nərmin ali təhsilini Goetzkenin rəhbərliyi ilə almaq fikrinə düşmüşdür. Nərminin qalib gəldiyi bir çox müsabiqələr sanbalına görə Avropa Musiqi Müsabiqələri Birliyinə (EMCY) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının siyahısı”na daxil olduğuna görə o, Bakı Musiqi Akademiyasına imtahansız qəbul edilib. Lakin gənc pianoçu klassik musiqinin əsaslarını öz professionallığı və tədris metodikası ilə dünyada məşhur olan professor Goetzkedən öyrənməyə üstünlük verib.
2014-cü ilin oktyabrında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Almaniyanın Hannover şəhərində konsert təşkil edilir. Konsertdə Hannoverdə fəaliyyət göstərən Musiqi, Dram və Media Universitetinin müəllimi, professor Brend Qoetzkenin rəhbərlik etdiyi piano sinfinin tələbələri klassik musiqi parçaları ifa edirlər. Musiqi gecəsində Azərbaycanı Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, gənclər mükafatı laureatı, Brend Qoetzkenin tələbəsi Nərmin Nəcəfli təmsil edir. O, dünya şöhrətli macar bəstəkarı G.Ligetinin “Göy qurşağı” əsərini ifa edir.
Nərmin Nəcəflinin son iştirak etdiyi tədbir builki Qəbələ beynəlxalq musiqi festivalı olub. O, ən çox sevdiyi bəstəkarlardan olan Frederik Şopenin “Andante Spianato” əsərini ifa edib və alqışların sədası uzun zaman göyləri titrədib.
Hazırda doğma yurdunda olan Nərmin fəal istirahət edir. O, valideynləri ilə birlikdə Nabranda dincəlir. Bu səbəbdən onunla görüşüb müsahibə almaq imkanı tapmadım. Amma virtual münasibətlər məkanının imkanlarından istifadə edərək ondan blits-müsahibə almağa nail oldum.
-Necə düşünürsünüz: yaxşı musiqiçi olmaq Tanrının verdiyi istedad sayəsindədir, yoxsa buna zəhmətlə nail olmaq mümkündür?
-Mən uşaq olanda valideynlərim fikirləşirdilər ki, musiqi mənim üçün hobbidir, keçib gedəcək. Özüm də düşünmürdüm ki, vaxt gələcək həyatımı musiqisiz təsəvvür edə bilməyəcəm. Budur, görürsünüz... Görünür Tanrının məsləhəti belə imiş.
-Müəllimlərinizi necə xatırlayırsınız?
-Ədilə müəllimə ilə indi də əlaqə saxlayıram. O mənə yüksək keyfiyyət olan məsuliyyət hissi aşılayıb. Mənə elə gəlir ki, öz ustadını unudan insan həyatda uğur qazana bilməz.
-Ən çox sevdiyiniz əsər(lər) və nə üçün bu əsərləri xoşlayırsınız?
-Frederik Şopenin “Andante Spianato” və “Böyük Parlaq Polonez”ini, Frans Listin “Mefisto-vals”ını, Sergey Raxmaninovun “Fortepiano və orkestr üçün 2 saylı konsert”ini daha çox xoşlayıram. Bu əsərlərdə özünüifadə çox güclüdür.
-Sevdiyiniz bəstəkar.
-Əsərlərini ifa etdiyim bütün bəstəkarlara hörmət bəsləyirəm. Amma qəlbimdə Şopenin ayrıca yeri var.
-Oxşamaq istədiyiniz musiqiçi.
-Bir çox məşhur pianoçuların ifasını dinləyir, onlardan nə isə öyrənməyə çalışıram. Oxşamaq istədiyim musiqiçi isə mövcud deyil, öz ifa tərzimi axtarıram.
-Musiqi sizə, siz musiqiyə nə vermisiniz?
-Mən?! Nə deyim, heç nə.., nə veribsə, musiqi mənə verib. Mənim 88 dostum var. Bunlar pianonun ağ-qara dilləridir. Qayğılarımı, sevincimi onlarla bölüşürəm. İnsanlarla ünsiyyətim də onlar vasitəsilə baş tutur.
ÖZÜNÜİFADƏ! Doğulan və yaşayan hər bir kəs bu dünyada özünü ifadə etmək üçün çalışır. Lakin heç də hamı bu arzusuna çata bilmir. Ona görə yox ki, bu arzuya sədd çəkilir. Ona görə ki, özünüifadə üçün anadangəlmə xüsusiyyətlərlə yanaşı real zəhmət çəkmək gərəkdir. Nərmin Nəcəflinin əməksevərliyi onu inadla arzusuna doğru aparır. Bunu görmək üçün mütləq onun ifasını dinləmək lazımdır. Ona getdiyi yolda mükəmməllik diləyir və haqqında yazdığım ilk yazını bu yerdə bitirirəm.
P.S. Yazını bitirəndən sonra Nərminin sevə-sevə ifa etdiyi əsərləri internetdən tapıb dinlədim. Onu yaxından tanımaq istəyən hər kəs, məncə, belə etsə istəyinə çatar.