Xəbər verdiyimiz kimi, Bakı Apelyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq oyunçusu Cavid Hüseynovun şikayəti üzrə keçirilən prosesdə onun vəsatəti təmin edilməyib.
Futbolçunun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov Modern.az saytına deyib ki, yaxın üç gün müddətində Cavid Hüseynovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Səbail rayon Məhkəməsinə müraciət ediləcək.
Onun sözlərinə görə, bu gün keçirilən prosesdə Cavid Hüseynov ifadə verib: “O, hadisədən təəssüfləndiyini bildirib. Eyni zamanda, bu işdə özünü təqsirli bilmədiyini, məsələyə aidiyyətinin olmadığını açıqlayıb. Mərhum Rasim Əliyevlə bibisi oğlu Elşən İsmayılovun görüşündən xəbərsiz olduğunu deyib”.
Vəkil prosesdə zərərçəkənin ailə üzvlərindən kimsənin iştirak etmədiyini də bildirib.
Adəm Məmmədov bəzi KİV-də “Vəkili Cavid Hüseynovu ifşa etdi” başlıqlı iddialarla da bağlı fikirlərini bölüşüb: “Adını ilk dəfə eşitdiyim komanda.az saytına müsahibə vermədiyim halda mənim adımdan dezinformasiya yayıblar. Guya mən Cavidi ifşa edərək onun baş verənlərdən xəbərdar olduğunu demişəm. Bu, tamamilə yalandır. Elə bir sayt da tanımıram. Müsahibə vermədiyim halda adımdan belə bir açıqlamanın yayılması nə peşə etikasına, nə insanlığa, nə də əxlaq normalarına sığır”.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun futbolçu Cavid Hüseynovun həbs edilməsi ilə bağlı yaydığı birgə məlumata görə avqustun 8-də Bakı şəhər sakini, jurnalist Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olan Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində təhqiramiz fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. Rasim Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs - qəti imkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.
Gülşən RAUFQIZI