Bu gün Azərbaycan televiziyasının (AzTV) və bütövlükdə teleməkanımızın baxımlı verilişlərindən biri olan “Səhər” proqramının yayıma başlamasının 20 ili tamam olur.
Modern.az xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Qulu Məhərrəmli bildirib: “Veriliş 1995-ci il avqustun 14-də efirə çıxıb və bu günədək təxminən 7 minə yaxın buraxılışı ekranda olub.Bu illər ərzində ölkənin ictimai-siyasi və mədəni həyatını dolğun şəkildə işıqlandıran “Səhər” maraqlı televiziya verilişi kimi tezliklə tamaşaçılar arasında populyarlıq qazanıb. Proqram, eyni zamanda uzun illər ərzində reportyor, rejissor və aparıcılar üçün sınaq laboratoriyası rolunu oynayıb. Bu gün teleməkanda tanınan teleaparıcıların bir çoxu ilk addımını bu proqramda atıb”.
AzTV bu gün efirə gedən buraxılışında qısa məlumatla kifayətlənərək, əlamətdar yubileyi qeyd etməyib. Bu laqeydliyə münasibət bildirən televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli belə münasibəti AzTV-nin “daxili işi” kimi izah edib. Onun fikrincə, əsas məsələ proqramın davam etməsidir.
“Səhər”in ilk aparıcısı və on iki il müddətində proqramın rəhbəri olmuş Q.Məhərrəmli bu verilişi “televiziya tariximizin ciddi yaradıcılıq hadisəsi, danılmaz mədəniyyət, sənət və jurnalistika faktı” kimi dəyərləndirib.
O, sosial şəbəkədə yazdığı statusunda qeyd edib ki, “belə proqramlar yalnız peşəkarlığın, həssas teleduyumun, mənəvi-əxlaqi prinsipləri öndə saxlayan, işgüzar və səmimi bir kollektivin səyləri sayəsində ekran əsərinə çevrilir, geniş tamaşaçı rəğbəti qazanır.
“Səhər”in bu uğurunda zəhmətkeş redaktorlar da, bir-birindən parlaq olan aparıcılar da, texniki işçilər də eyni dərəcədə iştirak edib”.
Daim kadr arxasında qalan, amma proqram üçün böyük zəhmət sərf etmiş rejissor qrupunun işini ayrıca vurğulayan professor “Səhər”in keçmiş və indiki əmkdaşlarını təbrik edərək yaradıcılıq uğurları arzulayıb.
Modern.az