- Mənə kömək edin, başqası kimi yaşamaqdan yorulmuşam.
- Sakit olun, indi onsuz da heç kim özü kimi yaşamır.Məşhur Hollivud filmlərinin birindən götürülən bu dialoq insanın cəmiyyətdə və həyatda öz yerini tapmaması, ömrünün sonuna kimi sanki kimisə yamsılaması kimi ağır psixoloji məqamlar qabardılır. Bu dilemmanın hamıya aid olub-olmadığını demək çətindir.
Hər bir cəmiyyətin intellektual inkişaf mexanizminə uyğun olaraq haqqında danışdığımız prosesin dərəcəsi böyüyə, yaxud azala bilir. İndiki Azərbaycan cəmiyyətində özünü deyil, başqasını yaşayan, onu təlqin edən, özü kimi ola bilməyən sünilik göstəricilərinin sayı da təbii ki, yox deyil.
Kimlərsə “ehtiyat baza”sında bir neçə “maska” saxlayır və mühitə, ünsiyyətdə olduğu obyektə uyğun maskaları dəyişir. Hamı olur, hər şey olur, amma özü olmur. Modern.az-ın sosial-psixoloji problem kimi qaldırdığı mövzuya cəlb olunan ekspertlər də bu barədə öz maraqlı yanaşmaları ilə diqqət çəkirlər.
Filosof Müşfiq Şükürovun fikrincə, insanlar heç zaman özləri ola bilmirlər. Cəmiyyətdəki ağrı da elə bu səbəbdən yaranır. Filosofun düşüncəsinə görə, əsas problem insanların öz daxili mahiyyətlərini reallaşdırmaq üçün yaşamamalarıdır:
“İnsanlar heç zaman özləri ola bilmirlər. Bu səbəbdən özgə həyatı yaşamış olurlar. Cəmiyyətdəki ağrı da elə bu səbəbdəndir. Özgə, yad həyat yaşayanların ağrısı. Ədalətsizliyi, zalımlığı, oğurluğu, yalanı, yaltaqlığı özünə çatmış adamlar edə bilməzdi. Bu niyə çətindir? Çünki bu, həyatın başlıca vəzifəsidir - özünə çatmaq! Amma insanların çox cüzi hissəsi bu vəzifənin varlığından xəbərdardır. Daha cüzi hissəsi isə həqiqətən onun öhdəsindən gələ bilir, özü olur.
Onlara sonra müdriklər deyirlər. Sağlıqlarında isə axmaq, dəli, səfeh adlandıranlar çox olur. Çünki çoxları üçün bu dünyanın vəzifəsi - çoxlu var, güc və şöhrət toplamaqdır. Adını karyera qoyanda, mahiyyət dəyişmir. Bunun üçün yaşayırlar. Özlərinin daxili mahiyyətlərini reallaşdırmaq üçün yox. İnsan həyatı yaşamaq çətin işdir. Gərək idrakından, hissiyyatından da tam olaraq yararlanasan. Quş qanadından, aslan pəncəsindən, dişindən yararlanaraq yaşamağa çalışdığı kimi. Amma insanların çoxu insana verilənləri istifadə edərək yaşamaq istəmirlər, heyvan həyatına meyl edirlər. Nəticədə ağrı və ədalətsizliklə dolu özgə həyatını yaşayanların cəmiyyəti yaranır”.
Psixoloq Elnur Rüstəmov isə özü kimi olmayıb başqalarını yamsılayanları vaxtilə məqsədlərinə çata bilməyən, öz mahiyyətindən get-gedə uzaqlaşan insanlar sırasında görür:
“İnsanın hər şeydən əvvəl oturuşmuş bir dünyagörüşü olmalıdır. Bu, çox təəssüf ki, indiki gənclərin əksəriyyətində yoxdur. Ona görə də onların təsir dairəsinə düşmək, başqası kimi yaşamaq ehtimalları daha çoxdur. Əvvəllər internetin daha çox inkişaf etmədiyi bir zamanda bu cür hallar yaşanırdı. Yəni dövrün yeniyetmələri bir gün kosmonavt, bir gün prokuror olmaq istəyirdi. Bu istəklə bərabər onlar xəyallarını da yamsılayırdılar. İndi internet bu cür sürətlə inkişaf edib, sosial şəbəkələr bütün dünyasını təsir altına alıb. Deməli, bu gün gənclərin təsir altına düşməsi, özləri olmamaq ehtimalı daha çoxdur.
Həqiqətən də belədir, əksəriyyəti təsir altında eyforiyadadır, elə bil ki, havadadır. Bu isə əslində onları qarşıya qoyduqları əsas məqsəddən uzaqlaşdırır. Eyforiyaya qapılan gənc məntiqi mühakimə bacarığını zəiflədir. Bu da sonradan böyük problemə səbəb olur. Deyirlər, pis sənət yoxdur, pis sənətkar var. Məğlubiyyət yoxdur, sadəcə, mübarizəni dayandırmaq var. Pedaqogikada buna xüsusi önəm verilir. Amma bu günün gəncləri eyforiyadan çıxıb reallığı görəndən, yaxud qarşıya qoyduqları məqsədə çata bilməyəndən sonra artıq onlara özləri kimi yaşamaq nəsib olmur”.
Psixoloq Könül Cəfərova isə bu amili birbaşa özgüvən əksikliyi ilə bağlayır: “Bu birmənalı şəkildə özgüvən əksikliyi ilə bağlıdır. Çünki insan öz dəyər və keyfiyyətlərinin fərqinə varmır, özünü bəyənmir. Amma qarşısındakı özünü təsdiq edən insanın keyfiyyətlərini özü üçün ideallaşdırır və özündə onda olanları reallaşdırmağa başlayır. Bu səbəbdən də öz həyatlarını deyil, başqalarının həyatına təzahür edib onların həyatını yaşayırlar”.
Elmin NURİ