Modern.az

SOCAR ABŞ-da erməni lobbisindən müdafiə olunmaq üçün iki müqavilə bağladı

SOCAR ABŞ-da erməni lobbisindən müdafiə olunmaq üçün iki müqavilə bağladı

Təhsil

15 Avqust 2015, 15:00


Azərbaycanın dövlət neft şirkəti SOCAR ABŞ-da son vaxtlar onun əleyhinə aparılan təbliğata qarşı müdafiə olunmaq üçün iki lobbi firması ilə kiçik büdcəli müqavilələr bağlayıb.

Virtualaz.org saytı “The Hill” qəzetinə istinadən xəbər verir ki, SOCAR “Global Policy İnitiatives” və “30 Point Strategies” adlı lobbi firmaları ilə ötən ay müqavilə bağlayıb.

Müqavilələr barədə məlumat Amerika qanunvericiliyinə uyğun olaraq Ədliyyə Departamentinin məlumat bazasında yerləşdirilib.

Firmalar 2013-cü ildə SOCAR-ın maliyyə dəstəyi hesabına bir qrup Konqres üzvünün Bakıya səfəri ətrafında ABŞ-da baş qaldırmış qalmaqala dair məsələlərlə məşğul olacaq.

Konqresin etika komissiyası bu səfəri araşdırıb və belə qənaətə gəlib ki, konqresmenlər SOCAR tərəfindən maliyyələşdirilən bu səfərə qatılmaqla etika qaydalarını pozmayıblar. SOCAR isə bildirib ki, konqresmenlərə birbaşa heç bir maliyyə ayırmayıb və səfər onun Amerikanın iki qeyri-kommersiya təşkilatına ayırdığı maliyyə hesabına təşkil edilib. Bu isə qanunlara zidd deyil.

Bildirilir ki, SOCAR Amerika lobbi firmaları ilə iyulun 22-də müqavilə bağlayıb. Müqavilələrdən birinə əsasən “30 Point Strategies”  KİV, Birləşmiş Ştatlar hökuməti və Konqresi qarşısında meydana çıxan məsələlər və ictimai işlərlə bağlı SOCAR-a məsləhətlər verəcək.

Bu xidmətin əvəzində firma ayda 17500 dollar alacaq. “The Hill” qeyd edir ki, xarici şirkətlərin və hökumətlərin verdikləri milyonlarla dollarlıq sifarşlərlə müqayisədə SOCAR-la bağlanmış müqavilənin haqqı cüzi görünə bilər. “Global Policy İnitiatives” firması isə həmin xidmətlərə görə SOCAR-dan ayda 7500 dollar alacaq.

Konqresin etika komissiyasının SOCAR-ın iki Amerika qeyri-hökumət təşkilatına ayırdığı 750 min dollarlıq vəsait hesabına baş tutmuş həmin səfərdə hansısa pozuntu aşkar etməməsinə baxmayaraq Birləşmiş Ştatların bəzi media dairələri və erməni lobbisi bu qalmaqalı hər fürsətdə qızışdırır.

Onu Azərbaycan hökumətinə qarşı təbliğat vasitəsinə çevirir. Həmçinin beynəlxalq enerji şirkətinə çevrilmiş SOCAR-ın imicinə zərbə vurmağa çalışır. Bu baxımdan SOCAR-ın Amerikada ona edilən hücumlara görə müdafiə olunmaq üçün lobbi firmalarına sifariş verməsi başadüşüləndir.

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama