Yeni Azərbaycan Partiyasının 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımov Milli Məclisə seçiləcəyi təqdirdə sahibkarların təşviq edilməsi işinin sürətləndirilməsi ilə və bizneslə bağlı təkliflərini parlamentdə qaldırmaq niyyətindədr.
Bu barədə hakim partiyanın saytına müsahibəsində “KARAT-HOLDİNQ”-in prezidenti deyib. Onun sözlərinə görə, rayonlardakı inkişaf layihələrinin maliyyələşdirilməsi, müxtəlif proqramların həyata keçirilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, sərmayə qoyuluşlarının artırılması, yeni müəssisələrin yaradılması və digər məsələləri dövlətin üzərinə qoymaq da düzgün olmazdı.
“Bütün iqtisadi tədbirlərin hamısını hökumətin imkanları hesabına reallaşdırmaq olmaz.
Bazar iqtisadiyyatının başlıca tələblərindən biri azad sahibkarlığın inkişaf etdirilməsi və iş adamlarının öz imkanları hesabına iri layihələr həyata keçirməsindən ibarətdir. Biznes strukturları daha fəal olaraq ölkənin istehsal gücünün artması, iqtisadi inkişafın sürətlənməsi üçün ardıcıl addımlar atmalıdırlar”-deyən deputatlığa namizəd qeyd edib ki, biznesmenlər böyük maliyyə resursları hesabına yeni müəssisələrin istifadəyə verilməsi üçün daha fəal işləməlidirlər.
O, seçkilər zamanı vətəndaşlarla sıx ünsiyyət, onları düşündürən, narahat edən əsas məsələləri diqqət mərkəzində saxlamağa çalışacağını deyib.
YAP-ın vahid namizədi qeyd edib ki, deputat olmaq üçün əsas resurs xalqın səsidir, vətəndaşların namizədə olan inamının təmin olunmasıdır.
“Yəni, seçici yaşadığı ərazidən namizədə inamırsa, etibar etmirsə, həmin şəxsin deputat olması absurddur”-deyən Ə.Qasımov bildirib ki, regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olmaqdadır.
Deputatlığa namizəd bununla yanaşı, bəzi yaşayış məntəqələrinin kommunal və sosial infrastruktur təminatı ilə bağlı müəyyən çətinliklərin olduğunu deyib. Onun sözlərinə görə, bir sıra kəndlərin qaz, istilik, su-kanalizasiya, yol və sarə sahələr üzrə məsələlər qalmaqdadır.
Həmin məsələlərin həlli dövlətmizin həyata keçirdiyi regional inkişaf proqramları çərçivəsində yaxın 4-5 il ərzində öz həllini tapacaq. Deputat seçiləcəyim təqdirdə seçicilərimin qaldırdığı məsələləri parlamentin tribunasından səsləndirəcəyəm”-deyə o, vurğulayıb.
Biznesmen namizəd bildirib ki, deputat seçiləcəyi təqdirdə onun üçün əsas məsələ isə
bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə təminatının gücləndirilməsi, investisiyaların cəlb olunmasının genişlənməsi, rayonların mövcud iqtisadi potensialından geniş şəkildə istifadə olunması, rəqabət mühitinin daha da yaxşılaşdırılması və digər iqtisadi bölmələrlə bağlı qanuvericilik təşəbbüsündən ibarətdir.
“Seçicilər mənə etimad göstərəcəyi halda qeyd etdiyim məsələlərlə bağlı qanunların qəbul olunmasında təşəbbüslər irəli sürmək niyyətindəyəm”-deyə Ə.Qasımov bildirib.
Əsabil Qarakişi oğlu Qasımov 8 noyabr 1955-ci ildə İmişli rayonunda anadan olub. 1980-ci ildə Moskva Yeyinti Sənaye İnstitutunu bitirib. Əmək fəaliyyətinə Bakı Ət Kombinatında başlayıb. Hazırda «Karat» Holdinq MMC-nin direktorudur.
Modern.az