Modern.az

Azərbaycanın tolerantlıq ənənələri Los Ancelesdə müzakirə olunub

Azərbaycanın tolerantlıq ənənələri Los Ancelesdə müzakirə olunub

17 Avqust 2015, 10:40


Los Ancelesdə yaşayan yəhudi icmasının nüfuzlu dini mərkəzlərindən olan "Valley Outreach" sinaqoqunda Azərbaycana dair təqdimat keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Modern.az-a verilən məlumata görə 2015-ci ilin 14 avqust tarixində keçirilən təqdimatda sözügedən sinaqoqun 500 nəfərə yaxın üzvü iştirak edib. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edib.  

Sinaqoqun rəhbəri Ravvin Ron Li Paz tədbiri giriş nitqilə açaraq, Azərbaycan baş konsulunun dəvət olunmasının təsadüfi olmadığını vurğulayıb.

O, bildirib ki, hazırda Yaxın Şərq regionu başda olmaqla, dünyanın bir çox bölgələrində dini dözümsüzlüyün və fərqli mədəniyyətlərə qarşı zorakılığın artdığı bir vaxtda, Azərbaycan öz qədim tolerantlıq ənənələri və dünyəvi dövlətçilik praktikası ilə dünya xalqlarına çox dəyərli mesajlar verir və bu səpkidə nümunəvi model təşkil edir.

O, Azərbaycanı “qaranlıqlara işıq saçan nur” adlandırıb. Ravvin Li Paz daha sonra sözü baş konsul N.Ağayevə verib.  

Baş konsul N.Ağayev Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi sürətli inkişaf və çağdaşlaşma yolundan bəhs edib.

Diplomat qeyd edib ki, Azərbaycan  xalqı 1918-ci  ildə  İslam  dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutub. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğununu bildirən N.Ağayev, bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını vurğulayıb.    

Diplomat, həmçinin, çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.  

Azərbaycanın zəngin hidrokarbon resurslarına və bu çərçivədə neft-qaz yataqlarının istismarı sahəsində  geniş təcrübəyə malik olduğunu bildirən N.Ağayev, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli roldan bəhs edib.  

Tədbir daha sonra sual-cavab hissəsi ilə davam etdirilib. Baş konsul, tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.


Modern.az     

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu