Azərbaycan və Gürcüstanın İctimai Televiziyaları arasında əməkdaşlığın davamı olaraq ayda bir dəfə “Bakı-Tiflis” telekörpüsü reallaşacaq. Bu barədə razılıq hər iki telekanalın rəhbərliyi arasında keçirilən görüşdə əldə edilib.
Modern.az-ın məlumatına görə, İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov və Gürcüctanın İctimai Televiziyasının baş direktoru Qriqoriy Çanturiyanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında aparılan danışıqlarda birgə telelayihələr müzakirə edilib.
Bildirilib ki, bu vaxtadək həyata keçirilən müştərək layihələr xalqlar arasında əlaqələrin yaxınlaşmasına xidmət edib. Hər ay efirə gedəcək telekörpülərdə isə iki ölkənin gündəlik həyatında müxtəlif sahələrdə baş verən hadisələr işıqlandırılacaq və bu, dostluq əlaqələrini daha da dərinləşdirəcək. İctimai Teleradioda olan Gürcüstan İctimai Televiziyasının nümayəndə heyəti şirkətin studiyaları və texniki avadanlıqları ilə də tanış olublar.
Modern.az