Bu gün Azərbaycan tamaşaçısına daha “Uşaqlığın son gecəsi” filmindəki Murad, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz obrazı ilə tanış olan və bu kimi çoxsaylı rollar yaradan əməkdar artist Ənvər Həsənovun 65 yaşı tamam olur. Ümumilikdə əllidən çox filmdə çəkilən Ənvər Həsənov 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır.
Modern.az saytı ad günü ilə əlaqədar Ənvər Həsənovla əlaqə saxlayıb. Bütün media və jurnalistlərə təbrik, xatırlama üçün təşəkkür edən aktyor indiki və gələcək işindən danışıb:“50 ilə yaxındır kinostudiyada işləyirəm. Heç vaxt iş yerimi dəyişməmişəm. İndi də burada həm aktyor, həm də rejissor kimi çalışıram. Kinostudiyada həm də şöbə müdiriyəm.
Çox təəssüf ki, gələnilki proqramda hansı filmlərin, ümumiyyətlə, hansı işlərin görüləcəyini hələ biz də bilmirik. Hələ proqram tərtib olunmayıb. Amma mən hər zaman kino üçün çalışıram”.
Elmin NURİ