Modern.az

Dərəçiçəkli oğlan – mənim qəhrəmanım

Dərəçiçəkli oğlan – mənim qəhrəmanım

Təhsil

19 Avqust 2015, 12:12

... O danışır, mən isə, nəzərlərimi müsahibimin əllərinə yönəldirəm. Arıq, nazik dərinin altından görünən göy damarlara baxıram. Uzun barmaqlarını əlindəki çəliyin başında çarpazlayır, bu vaxt əllərində zərif bir titrəyiş hiss olunur, barmaqlarını açıb-yumduqca əlləri əsir, fikirlərini ifadə etdikcə bəzən əllərini yuxarıya ya da önə doğru uzadır və bu zaman sanki hansısa melodiyanı ifa edən orkestrin dirijoru kimi barmaqları havada oynayır... Mənim fikrim tam diqqətimlə onun söylədiklərində olsa da, gözlərimi əllərindən çəkə bilmirəm. Nədənsə mənə elə gəlir ki, mən müəllimlərin əlini o saat tanıyıram, bilirəm. Bəlkə bunun səbəbi mənim dünyaya gəlişimlə ilk təmas etdiyim əlin sahibinin istisi, doğmalığıdır. Bəlkə də... Amma mənim qədər kimsə bir müəllim əlini tanıya bilməz. Elə bu günkü kimi, indiki kimi...

Mən müsahibimin dediklərini yaddaşıma yığa-yığa onu söhbətə tutmağa çalışıram. Suallarımı hərdən təkrar etməli olsam da, səlis və savadlı nitqi ilə çox aydın şəkildə cavab verir. Ona baxır və düşünürəm: həqiqətən də oddan-alovdan keçmək dedikdə, keçməkeşli həyat yolu dedikdə, bu insanların yaşadığı həyatı, onların taleyini düşünməliyik. Onlar həm də bizə həyat yolumuzda bir nümunədir.

Müsahibimin nə az, nə çox, 91 yaşı var. İndi bu yaşında mən onun körpəliyini düşünürəm. Anasının laylasını, onu oxşamasını təsəvvür edirəm, dəcəl oğlan uşağı olmasını, məktəb illərini, bütün həyatı boyu müharibənin, aclığın, ayrılığın əzabını yaşamasını, kasıb, amma qürurlu bir gənc oğlan olan dövrlərini təsəvvürümə gətirmək istəyirəm. Onun yurd həsrəti ilə alışıb yanan, ürəyinin ən sarı siminə toxunan bu mövzudan danışmasını istəyirəm. Bəli, o mənim qəhrəmanımdır. Dərəçiçəkli oğlan...


Əslində eşitdiklərimin içərisində ən çox qulağıma yatan, mənə şirin gələn bu adın – Dərəçicək adının niyə belə doğma təsir bağışladığını tam kəsdirə bilmirəm. Amma onu məhz belə adlandırmaq istədim. Dərəçiçəkli oğlan. Dərəçiçəkli oğlanın nağılı bax beləcə yarandı.

 Qəhrəmanım Rzayev Əziz Rəcəb oğludur. Əziz Rzayev həm müharibə, həm də əmək veteranıdır. Hazırda Qazax rayonunun Hüseynbəyli (Əzizbəyli) kəndində yaşayır, hamı onu “Əziz müəllim” deyə çağırır. Əslində elə bu kənddə də dünyaya göz açıb. Lakin nənəsinin ninnilərində, anasının laylasında həmişə bir yurdun həsrətinin acısını çəkdiklərinin şahidi olub, onların ürəklərindəki ağrının bayatıya, sözə hopan misralarını daim yaddaşında gəzdirib. Atası Rəcəb kişi elini, yurdunu, obasını, kəndini məcburi şəkildə qoyub Qərbi Azərbaycandan, öz əzəli doğma yurd yerlərindən Qazaxa gələndə Əziz hələ anadan olmamışdı. Lakin nənəsinin nağıllarında hər gün o yerlərə “gedər”, nənəsinin hər dəfəsində təkrar dediyi bu bayatısını o, hər gün eşidərdi.

Bu köc o köcdən deyil,

Bir yurd köçür, el köçür,

Geriyə dönüş yoxdur,

Ay ötür, illər ötür

O zamanlar bu dərdin, bu acının nə olduğunu, kimin hara köçdüyünü, niyə baş verdiyini bilmirdi, bilə də bilməzdi... Lakin Qərbi Azərbaycandan bu yerlərə məcburi köç etdiklərini, İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda şəhər tipli qəsəbə olan Dərəçiçəkdən gəldiklərini böyüklərin söhbətindən öyrənmişdi. Sonralar isə, o torpaqları qarış-qarış gəzmiş, Vətəninin hər bucağını sevmişdi. Lakin indi daha o yerlərə getmək sadəcə bir yuxu, olmayacaq bir röyadır...

Onun bu həsrətini, acısını, yurd həsrətini ifadə etmək çox çətindir. “Razdandanam mən” – deyir.

Necə idi oralar, siz tərəflər?

Bizim tərəflərin təbiəti çox gözəldir. Orda yayda da dağların başında qar olur, sərinlik, yaşıllıqlar..., dağlarda bir çiçəklər, güllər bitir ki.. ( gözləri dolur, kövrəlir). Bizim yurdlarımız, bizim ellər bambaşqadır.

Bəs o yerlər necə adlanırdı?

Oranın adını dəyişib ermənilər Zaxqadzor ediblər. Amma əsl adı Dərəçiçəkdir....

Bu toponimin yaranması da maraqlıdır. Azərbaycan dilində “iki dağ arasında dərin çuxur” mənasında işlənən “dərə” sözü ilə dilimizdə “çiçək” sözünün birləşməsindən əmələ gəlib. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılıb. Müsahibimin dediyi kimi, bambaşqa bir gözəlliyə sahib olub Dərəçiçək.

Bizim yerlərin gözəlliyini sözlə ifadə etmək asan deyil. Sanki bir rəssamın əl işidir.

Çox maraqlıdır ki, mənim müsahibim öz ata-baba yurdundan heç vaxt keçmiş zamanda danışmır, o yenə də ordadır, bəlkə danışdıqca ruhu o yerləri bir daha gəzib dolaşır və yenidən qayıdır...

O, uşaqlığının şıltaq, şirin anlarını hələ də xatırlayır.

Böyük qayaların üstünə dırmaşardıq, dağların başına qalxardıq, yamyaşıl, güllü-çiçəkli düzənlərdə gəzərdik. Bilməzdik dünyanın şərini, düşmənin arxadan zərbəsini, biz onlara dost kimi yanaşardıq. Amma onlar bizi uşaq vaxtı oynayanda da arxadan vurardılar.

Köcürüləndə babasının ilxısının, mal-qarasının elə o yerlərdə qaldığını da xatırladır. Azərbaycanlıların tələm-tələsik “dövlət qərarı əsasında “ köçürüldüyünü deyir. Təəssüf ki, bu proses dayanmadan, zaman-zaman xalqımızın başına gətirilən bir ssenari olub...

Beləliklə, qəhrəmanım Əziz Rzayev 1924 – cü ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində dünyaya göz açmalı olub. Böyük Vətən müharibəsi başlayanda isə, onun cəmi 17 yaşı vardı, orduya yazılmaq istəsə də, düz bir il – 18 yaşı olana kimi onu orduya yazmadılar, gözlətdilər. Özü belə deyir.

 Bir qədər də müharibədən danışaq. “Çox cavanlar öldülər “– deyir.

Amma biz çox mətinliklə döyüşürdük. Qələbəyə inanırdıq.

Düşünürəm, kaş bu inam, kaş bu mətinliyimiz itməyəydi, Dərəçiçəkli oğlan!

Əziz Rzayev 1942-ci ilin avqust ayında ordu slralarına çağırılıb. Müharibənin odundan-alovundan qorxmadan, o da 4 qardaşı ilə birgə müharibəyə yollanıb. 77 –ci Azərbaycan Milli diviziyasının tərkibində vuruşub. Dəfələrlə ağır döyüşlərdə olub. 1944-cü ildə hələ də üzərində gəzdirdiyi qəlpələrin ona xatirə qaldığı döyüşdə ağır yaralandığı üçün ordudan tərxis olunub. Bu aldığı yara onun qəlbindəki daha böyük agrıdan acı deyildi. Onunla bərabər cəbhədə döyüşən 4 qardaşının heç biri müharibədən qayıtmır... Qardaşlarından ikisi əkiz idi – Nəsif və Usuf (Yusif)...

Amma onu həyat əzmədi, sındıra bilmədi. Müharibədə aldığı fiziki yara ona ömürlük fiziki iz qoydu, mənəvi yaralar isə, heç zaman sağalmayan bir işgəncə oldu. Müharibədə II qrup əlil olmasına baxmayaraq, Əziz Rzayev müharibədən sonra ali təhsilə yiyələndi. Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirərək tibb və riyaziyyat təhsili aldı. Lakin onun qəlbində daim öz ata-baba yurduna dönmək, babalarının qəbrini görmək və əcdadlarının torpağında olmaq arzusu keçirdi. Qəhrəmanım bu arzusuna çatdı.

Əziz Rzayev uzun müddət Qərbi Azərbaycanda (Ermənistanda) orta məktəblərdə riyaziyyat fənnindən elə öz doğma ata-baba yurdunda dərs dedi, ömrünü-gününü müəllimliyə həsr etdi. O, həm də Azərbaycanın bır sıra yerlərində müəllimlik etdi. Əziz müəllimi isə, Qərbi Azərbaycana, doğma yurda, elinə-obasına çəkən hisslər daim izləyirdi, o yenidən fəaliyyətini oz doğma torpağında davam etdirirdi. Onun dərs dediyi şağirdlər təkcə azərbaycanlılar deyildi.


Mən onunla bu haqda danışmaq istəyirəm. “Yerevanda dərs deyirdim, ordaki bütün məktəblərdə dərs demişəm, ermənilərə, ruslara, azərbaycanlılara...”

Bəz bizimlə erməninin nə fərqi var? Onların dilini bilirsiz, bəs psixologiyasını necə ?

Erməni çox məkrlidir, onların bizə qarşı nifrəti var. Amma bizim xalqımız çox mərddir, düşmənçiliyi xoşlamırıq biz.

O, mərdliklə bağlı özünün yazdığı şeirdən bədahətən bir bənd deyir. Bəlkə də hələ qələmə almadığı seirdən bir bənd...

“Bizim tərəflərin insanları həm də hərtərəfli istedadlı olurlar”. Bunu da özü deyir. Şeir yazır. Hərdən yurd həsrəti ilə alışan ala gözləri dolur və boğazında düyünlənən qəhərini sanki boğmaq üçün bir neçə bənd deyir. Əslində mən hər dəfə onun məhz kövrək bir anda sorğuma şeirlə cavab verdiyini görürəm.

“Cavanlıqda yaman qəşəng oğlan olmusuz” – deyirəm. Üzümə diqqətlə baxır, gülümsünür, amma dinmir.

Axı cavanlıqda ala gözlü, uca boylu, səliqəli bir oğlan olub, mənim qəhrəmanım, Dərəçiçəkli oğlan. Əslində yenə təmkinli, ağır, mehriban və xeyirxahdır Əziz müəllim.

Hazırda yaşadığı Qazax rayonunun Hüseynbəyli kəndində Əziz müəllimin öz zəhməti hesabına tikdiyi, alın təri ilə, zəhmətkeş müəllim əməyi ilə qurduğu evinə Qazax Rayon İcra Hakimiyyəti, o cümlədən rayonun ictimai təşkilatlarının  nümayəndələri tez-tez baş çəkirlər Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibətilə təbrik edilən veteranlar sırasında Əziz Rzayev də var. Hər il olduğu kimi. Prezident İlham Əliyevin bu il də 9 may - Qələbə günü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçılarına ünvanladığı təbrikində Əziz müəllimin də payı olub. Bu il o, həm də Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibətilə “Fəxri fərman”la təltif edilib. O, medallarını, təltiflərini, gənclik və müharibə illərinin fotolarını səliqə ilə saxlayır və qoruyur. Çox qiymətli dəyər kimi...

...İndi Əziz Rzayev kimi qəhrəmanlarımız təəssüf ki, çox deyil. Amma onlar var. Bu insanlar Azərbaycan tarixinin canlı səlnamələridir, onların hər birinin öz nağılı, öz dastanı var. Mənim qəhrəmanımın – Dərəçiçəkli oğlanın dastanı kimi...

Avqust 2015

Qazax rayonu, Hüseynbəyli kəndi


Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...