Dördüncü çağırış Milli Məclis bu il başa çatır. Beş illik fəaliyyəti müddətində parlamentdə bir sıra qanun layihələri hazırlanıb, müzakirə edilib və qəbul olunub.
Milli Məclisdə ən çox qanun layihələrini hazırlayan deputat Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevdir.- Milli Məclisdə ən çox qanun layihəsi hazırlayan deputatlardansınız. İndiyə qədər neçə qanun layihəsinin müəllifi olmusunuz?
- Mən hələ millət vəkili seçilməmişdən Milli Məclisin Sosial Siyasət Komissiyası ilə ekspert statusunda əməkdaşlıq edirdim. O zaman mən Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyində İdarə rəisi idim və əlil problemləri ilə məşğul olurdum. “Əlilliyin qarşısının alınması, əlilərin reabilitasiyası və sosial müdafiəsi haqqında” və “Məşğulluq haqqında qanunların”, “Əmək məcəlləsi” nin hazırlanmasında fəal iştirakım olub. 2000-ci ildə Milli Məclisə üzv seçiləndən sonra isə ilk müəllifi olduğum “Körpələrin və azyaşlı uşaqların qidalanmqası haqqında” Qanun 2002-ci ildə qəbul edilib. Bundan sonrakı vaxtlarda “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Dərman vasitələri haqqında”, “İnsanın immunçatışmazlığı sindromu xəstəliyi ilə mübarizə haqqında” “Psixiatriya yardımı haqqında” Qanunların hazırlanması və təqdim olunması, habelə, “Əmək məcəlləsi”nə, “Ailə məcəlləsi”nə 30-dan çox əlavə və dəyişikliyin edilməsi, hərbi xidmətə çağırılanların iş yerlərinin saxlanılması, Qarabağ əlili vafat etdiyi halda onun mənzil növbəsinin saxlanılması, nigaha girən şəxslərin icbari tibbi müayinəsi, müavinətlərin infilyasiyaya uyğun indeksasiyası və s.müddəalar mənim müəllifliyim, təklifim, yaxud yaxından iştirakım ilə hazırlanan və qəbul olunan layihələrdir.
- Sizin tərəfinizdən hazırlanan və ya işçi qrupunda olduğunuz qanun layihələrindən hansıları hələ də qəbul edilməyib?
- Bilirsiniz, Qanun yaradıcılığı uzun sürən və müxtəlif razılaşmalar tələb edən bir prosesdir. Gərək Qanun elə hazırlansın ki, onun işləməsi maliyyə və inzibati problemlər yaratmasın. Bizim Sosial Siyasət Komitəsinin mətbəxində bir neçə qanunumuz var ki, onların qəbulu bir neçə maddənin razılaşdırılmaması, yaxud işləmə mexanizminin tam dəqiqləşdirilməməsi səbəbindən ləngiyir.
Belə layihələrdən “Tütün istehlakının məhdudlaşdırılması haqqında” anun, “Pasientin hüquqları haqqında” Qanun, “Ailə həkimi haqqında” Qanun., “Reproduktiv sağlamlığın qorunması haqqında ” Qanun (işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı) icra orqanları ilə razılaşmanın olmaması səbəbindən ləngiyir. Düşünürəm ki, nüvbəti çağırış Milli Məclisin dövründə bu layihələrin hamısı öz həllini tapacaq.
- Milli Məclisin payız sessiyasında hansı məsələləri qaldıracaqsınız? Nə kimi təklifləriniz olacaq?
- Milli Məclisin payız sessiyası qısa sessiya sayılır və onun da əsas hissəsi Dövlət Büdcəsinin qəbuluna ayrılır. Həm də nəzərə alsaq ki, bu il beşinci çağırış Milli Məclisə seçkilər ilidir, noyabra qədər deputatların əksəriyyəti seçki məsələləri ilə məşğul olacaqlar, sonrakı dövrdə isə Məclisin formalaşması prosesi gedəcək, yeni təklif edilən layihələrin hazırlanması və qəbul edilməsini real saymıram.
Amma bir sıra sosial-ictimai məsələlər var ki, onları millət vəkillərinin, hökumətin və cəmiyyətin diqqətinə çatdırmağı, KİV-lərdə ictimailəşdirməyi və sonrakı vaxtlarda gərəkərsə qanun şəklində qəbuluna çalışmağı düşünürəm.
Bunlardan pensiya hüququ olmayan Qarabağ əlillərinə verilən müavinətlərin məbləğinin artırılaraq müvafiq pensiya məbləğinə çatdırılması, əlillərin diskriminasiyasının qarşısını alan normaların tətbiq olunması, aztəminatlı insanlar üçün sosial evlərin tikilməsinin hüquqi əsaslarının yaradılması, doğuşdan sonrakı məzuniyyətin 70 günə çatdırılması və s. təklifləri Parlamentdə səsləndirməyi düşünürəm.
- IV çağırış Milli Məclis artıq öz işini yekunlaşdırır. Bu müddət ərzində sizin tərəfinizdən Azərbaycanın beynəlxlaq aləmdə tanıdılmasında, Qarabağla hansısa işlərin görülüməsində sizin tərəfinizdən hansı addımlar atılıb?
- Azərbaycanın xarici siyasət kursu cənab Prezident tərəfindən müəyyənləşdirilir və müvafiq qurumlar, o cümlədən, Milli Məclis beynəlxalq fəaliyyətini bu kursa uyğun həyata keçirir.
Mən ayrı-ayrı şəxslərin, o cümlədən detutatların ölkə xaricində razılaşdırılmamış, fərdi, özfəaliyyət qaydasında tədbirlərə qatılmasını, çıxışlar etməsini doğru saymıram.
Məclis rəhbərliyi ilə razılaşdırılmayan belə tədbirlərə qatılmıram. Azərbaycan parlamenti beynəlxalq təşkilatlarda, parlamentlərarası əməkdaşlıq çərçivəsində milli maraqlarımızı fəal şəkildə təmsil edir. Mən ilk beş ildə ATƏT-in, son on ildə isə Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı Parlament ssambleyasında nümayəndə heyətinin tərkibində və üzvü olduğum Pakistan, Qazaxstan, Rumınya, Litva, Çexiya, Əlcəzair, Brazilya parlamentlərarası əməkdaşlıq qruplarının tərkibində öz səlahiyyətlərim çərçivəsində müəyyən işlər görmüşəm.
- Ötən 5 ildə seçiciləriniz qarşısındakı fəaliyyətinizi necə xarakterizə edə bilərsiniz? Seçki platformanızı necə qurmuşdunuz?
- Bunun ən doğru cavabını seçicilər verə bilər. Amma mən hər ay seçicilərimlə görüşürəm, qaldırılan problemləri qanunvericilk və səlahiyyətim daxilində həll etməyə çalışıram. Köməkçim isə hər gün Gəncədəki iş otağımızda olur və gündəlik mənə məlumat verir. Onu da etiraf edim ki, deputatın həll edə biləcəyi problemlər o qədər də çox deyil.
- Gəncədən millət vəkili seçilmisiniz, seçicilərinizlə görüşünüzdə ən çox hansı problemlər qaldılır? Onlar əsasən hansı məsələlərlə bağlı sizə müraciət edir?
- Problemlər müxtəlifdir. Əas müraciətlər məşğulluq, təhsil haqqının ödənilməsi, mənzil təminatı, bahalı tibbi əməliyyatlar, məhkəmə işləri ilə bağlı olur. Gəncədə son illər aparılan quruculuq-abadlıq işləri seçicilərin həyatına müsbət təsir göstərdiyi kimi müraciətlərin xarakterini də dəyişib. Əgər əvvlki illlərdə daha çox qaz, işıq, yol, su, kanalizasiya, evlərin damması kimi yerli ümumi xarakterli problemlər qaldırılırdısa, indi bu məsələlərlə bağlı, demək olar ki, müraciətlər yoxdur.
- Parlament seçkilərinə az bir vaxt qalır, yenidən deputatlığa namizədliyinizi irəli sürəcəksiniz?
- Mən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm və indiyə qədər qatıldığım hər üç seçkiyə partiyanın namizədi kimi qatılmışam. Əgər Partiyamızın rəhbərliyi mənə yenidən etimad göstərərsə, məmuniyyətlə indi təmsil olunduğum dairədən namizəd olaram. Fərdi qaydada namizədliyi irəli sürmək partiyalılıq prinsipinə və siyasi etikaya uyğun deyil.
- Qara Dəniz İqtisadi Əməkdaşllq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti və Büro üzvü seçilmisiniz, bilmək istərdik ki, burada gələcəkdə Azərbaycan, Qarabağla bağlı hansı məslələrin və ya hər hansı sənədlərin müzakirəsi, qəbul edilməsi gölzənilirmi?
- Tam məsuliyyətlə və fəxrlə deyə bilərəm ki, Azərbaycan bu təşkilatda əsas söz sahiblərindən biridir. Bu il QDİƏT Parlament Assambleyasının baş katibin vəzifəsinə Azərbaycan təmsilçisi, bizim sabiq deputat həmkarımız Asəf Hacıyevin seçilməsi də bu beynəlxalq qurumda nüfuzumuzun bir göstəricisidir.
Adından göründüyü kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı daha çox iqtisadi və sosial yönümlü bir qurumdur.
Lakin siyasi və hüquqi məsələlər də bu təşkilatda vaxtaşırı müzakirə edilir. Bizim nümayəndə heyətimiz demək olar ki, hər iclasda Qarabağla bağlı məsələ qaldırır, Ermənistanın işğalçıçıq siyasəti dəyişməyincə, Azərbaycan torpaqları işğaldan azad olunmayınca bu dövlətlə əməkdaşlığın mümkün olmayacağıanı vurğulayırıq.
Ermənistanın bir sıra regional iqtisadi layihələrdən kənarda qalmasında QDİƏT-in qəbul etdiyi qərarların mühüm əhəmiyyəti olub.
QDİƏT Parlament Assambleyasının növbəti iclaslarından birində qədim İpək Yolunun bərpası layihəsi müzakirə olunacaq. Çalışacağıq ki, Ermənistan bu layihədən də kənarda qalsın. Əslində tarixi həqiqət də bundan ibarətdir ki, İpək Yolunun keçdiyi ərazilərdə Ermənistan deyilən bir dövlət olmamışdır.
Aytən ZƏHRA