“Mərkəzi Bankın təsdiq etdiyi “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında metodoloji rəhbərlik” sənədinin tətbiqi istehlak kreditləşdirilməsinin həcmini xeyli azaldacaq və kredit təşkilatları üçün çətinliklər yaradacaq”.
Bunu Modern.az saytına maliyyə sahəsi üzrə ekspert, IJS hüquq firmasının direktoru, vəkil Əkrəm Həsənov bildirib.
O, sənədin iqtisadi mahiyyətinə və törədə biləcək nəticələrə varmadan qeyd edib ki, bu sənəd normativ xarakterli akt deyil:“Yəni hüquqi aktların dövlət reyestrinə daxil edilməyib. Sənəd tövsiyə xarakterlidir. Bu, onun ilk bəndində də birbaşa göstərilib.
Yəni Mərkəzi Bankın özü də təsdiq etdiyi sənədin məcburi hüquqi qüvvəyə malik olmasını iddia etmir. Bu isə o deməkdir ki, kredit təşkilatları sözügedən sənədin müddəalarına tam və ya qismən riayət etməyə də bilər. Böyük ehtimalla belə də olacaq. Çünki sənəd bütövlükdə kredit təşkilatlarının əl-qolunu bağlayır.
Kredit təşkilatları bilərəkdən sənədə riayət etməyəcək, Mərkəzi Bank niyə onu normativ xarakterli akt kimi, yəni məcburi hüquqi qüvvəyə malik olan sənəd kimi qəbul etməyib?
Axı bunu edə bilərdi! Belə çıxır ki, Mərkəzi Bank qəsdən sənədi elə formada qəbul edib ki, ona riayət olunmasın. Niyə? Yəqin, ona görə ki, banklardan çəkinir, onlara qarşı belə sərt tələblər müəyyənləşdirməyə cürət etmir. Həm də nəzərə almaq lazımdır ki, 20 ildən çox müddətdə Mərkəzi Bankın rəhbərliyi ilə banklar arasında sıx şəxsi qeyri-rəsmi münasibətlər yaranıb, duz-çörək kəsilib, dostluq və qohumluq əlaqələri qurulub, çoxsaylı qohum-əqrəba banklarda işə düzəlib və s.
Məsələn, tanınmış bankir Məmməd Musayev (hansı ki, indi Beynəlxalq Bankın problemli borclarının qaytarılması ilə də məşğul olur) Elman Rüstəmovun dostu və Mərkəzi Bankın öz qanunsuz məktubları ilə tanınmış baş direktoru Rəşad Orucovun qayınatasıdır. İndi özünüz düşünün: Elman müəllim və Rəşad müəllim Məmməd müəllimin bostanına daş ata bilərmi?.. Hər şey şəxsi mənafelər üzərində qurulub. Bank sistemimizin əsas problemi də məhz budur. Bu şəraitdə ən xoş məramlar belə həyata keçməyəcək.
Nəticə: Mərkəzi Bankın sözügedən sənədinin əsas məqsədi populizmdir (o cümlədən, parlament seçkiləri qabağı xalqın və hökumətin gözündən pərdə asmaqdır). Yəni: ay camaat, baxın, biz işləyirik, yaxşı sənədlər qəbul edirik və s. Əlbəttə, digər məqsəd də var: rəqib, sözəbaxmayan bankları və bank olmayan kredit təşkilatlarını aradan götürmək.
Necə? Məsələn, həmin bankda yoxlama aparılanda ona deyiləcək: sən heç bizə hörmət etmirsən ki, o boyda metodoloji rəhbərliyə riayət etmirsən?..”
Sənədin tam mətni: //www.cbar.az/…/Banklarda_v%C9%99_bank_olmayan_kredit_…
Gülşən RAUFQIZI