Modern.az

Millətçi, yoxsa peşəkar jurnalist olmaq lazımdır?

Millətçi, yoxsa peşəkar jurnalist olmaq lazımdır?

Təhsil

14 İyun 2015, 15:58


“Çox gülməlidir. Hamı elə hesab edirdi ki, hakimiyyətdə olanlar Mİ5-ə nəzarət edir. Əslində isə tərsinədir - hökumətdə olanların hamısının bizdə dosyeləri vardı. Biz anbaan baş naziri, hökumət üzvlərini izləyirdik. Toni Bleyerin hər addımını bilirdik. Hərdən adam lap pis olurdu: nazirlər, vəzifəli adamlar, tanınmışlar – hamısının taleyi bizim əlimizdə olan materiallardan asılı idi…”  

Zaldakı 350 nəfər diqqətlə bu çıxışı dinləyir. Mənim də iştirakçısı olduğum bu qeyri-adi görüşdə auditoriyanın hamısı jurnalistlər, məruzəçi isə 90-cı illərdə Britaniya xüsusi xidmət orqanlarında işləyən, siyasi məsələlər və terror hədələrini izləyən Enni Meyşondur. Meyşon dünyanın müxtəlif ölkələrindən Kiyevdəki qlobal konfransa toplaşan jurnalistlər qarşısında çıxış edirdi.

Mİ5-in sirlərini yayan eks-agent xəyanət etdiyini saymır

Meyşon Mİ5-də gördüyü haqsızlıqlara dözməyərək mətbuata çıxmış və bu orqanın iç üzünü açmışdı. O, həmkarı Devid Şeylerlə birlikdə xüsusi xidmət orqanlarının əslində öz maraqlarının olduğunu, bir çox terror aksiyalarından xəbərdar olduğu halda olayların qarşısını almadığını bildirmişdi. Eks-agentlər bu çıxışlarına görə İngiltərədən mühacirət etmiş, 4 ilə yaxın Fransada gizlənməli olmuşdular. Sonradan dövlət sirlərini yaydıqlarına görə məhkəmə qarşısında cavab verməli olmuşdular. Enni Meyşon mətbuata çıxması ilə milli və dövlət maraqlarına xəyanət etdiyini saymır. Deyir ki, Mİ5-in qanunsuz fəaliyyətinin milli maraqlara aidiyyəti yoxdur: “Orda milyonlarla fayl vardı, hər kəs izlənilir və dinlənilirdi. Parlamentə seçiləcək adamları dəfələrlə yoxlayıblar. Leyboristlər hakimiyyətə gələrkən kabinetdə oturanların hamısı artıq bizim sənədlərimizdə idi. Jurnalistlər də diqqət mərkəzində idi. 1 il ərzində yalnız bir solçu redaktorun telefonunun dinlənməsinə 1 milyon dollar xərclənmişdi”.

Xanım Meyşon 1998-ci ildə Mİ5-in özünün bəzi adamları terrora təhrik etməsi haqqında mediaya danışıb.

Artıq bundan sonra eks-casus xanımı ekstradisiya edib məhkəməyə veriblər: “Məhkəmədə dedim ki, bizim təşkilat 1999-cu ildə Londondakı İsrail səfirliyi yanında partlayışa görə həbs edilən iki fələstinli gəncin günahkar olmadığını bilirdi, amma onların həbsinə imkan verildi. Mİ5 guya hadisələrə nəzarət etmək adıyla sınaq partlayışları təşkil edir, sonra bunu başqalarının üstünə atırdı. Bunlar haqda necə susmaq olardı?”

Erik Fixtelius: “Informasiya jurnalistin əlinə keçibsə…" 

Milli maraqlar naminə susmaq, yoxsa həqiqəti insanlara çatdırmaq? Bu mövzu daim müzakirə obyekti olub. Wikileaks olayı bir daha bu haqda diskussiyaların açılmasına səbəb oldu. Əslində, ABŞ hökuməti bu vaxta qədər Wikileaks-də yazılanların yalan olduğunu bəyan etməyib. Sadəcə məlumatları yayanların dövlət təhlükəsizliyi və milli maraqlara sayğıızlıqda ittiham edib.

Eyni situasiya “Jurnalistikanın 10 qızıl qaydası” adlı məşhur kitabda da araşdırılıb. Kitabın müəllifi, məşhur media eksperti Erik Fixtelius qaydalardan birini məhz bu məsələyə həsr edib: jurnalist vətəndaş olmalıdırmı? Azərbaycanlı jurnalistlərin İsveçə səfəri zamanı Fixteliusla şəxsən görüşüb bu məsələ ilə bağlı onun rəyini öyrənə bilmişdim. O, qətiyyətlə deyirdi ki, əgər informasiya jurnalistin əlinə keçibsə, artıq burda dövlət sirrini qorumaq və milli maraqları müdafiə etməkdən söhbət gedə bilməz.

Cahangir Məmmədli: “Qərb ekspertləri bizə bir şey deyir, özləri başqa şey yazır”

BDU-nun professoru Cahangir Məmmədli isə “əvvəlcə vətəndaşlıq, sonra jurnalist” mövqeyinin tərəfdarıdır. Özü etiraf edir ki, əvvəllər fərqli fikirdə olubmuş: “Mən də küyə düşüb hesab edirdim ki, informasiyanın vətəni yoxdur. Sonra gördüm ki, Qərb ekspertləri bunu bizə deyirlər, amma özləri belə etmirlər. Məsələn, “Ərəb baharı” ilə bağlı Qərb mətbuatı bir şey yazır, Rusiya tamam başqa. CNN, Euronews kanalları da bu məsələyə öz mövqeyindən yanaşdı. CNN hər gün deyirdi ki, Liviyada yüzlərlə insanı öldürüb xəndəklərə atılır. İndi bu insanların qalıqlarını axtarırlar, tapmırlar”. Cahangir müəllim deyir ki, Rusiyadakı parlament seçkiləri ilə bağlı baş verən iğtişaşlar haqqında rus telekanallarında nəsə görmək mümkün deyildi: “Rus qəzetləri də obyektiv olmur. Rusiyanın ən tanınmış qəzeti olan “Komsomolskya pravda”da Türkiyəyə münasibətə diqqət yetirin. Rusların Türkiyəyə turist axınının qarşısını almaq üçün min cür şey yazırlar. Hətta dünyanın ən obyektiv qəzetlərindən olan “AiF” də o təbliğatı aparır ki, rus xalqı türk turizm sektorunu boykot etməlidir”.

Cahangir Məmmədli deyir ki, Azərbaycanın indiki beynəlxalq siyasətini nəzərə alaraq, jurnalist ilk öncə vətəndaşlıq mövqeyini önə çəkməlidir: “Hətta qanunun da  icazə verdiyi elə anlar var ki, o məsələdə vətəndaşlıq istiqamətindən yararlanmaq lazımdır. Qanuna əməl etmək asan, etik normalara riayət etmək isə daha çətindir. Çünki etik normaların dəqiq çərçivəsi yoxdur, bu qaydalar vicdanla toqquşa bilər. Bəlkə də mənimlə razılaşmayanlar olacaq. Amma mən bu fikrimdə qətiyəm – jurnalist öncə vətəndaş olmaldır”.

Fuad Muradov: “Öndə Azərbaycan maraqları gəlməlidir”

Millət vəkili Fuad Muradov hesab edir ki, jurnalistlər milli maraqlar çərçivəsində olan məsələlərdən yazanda ehtiyatlı olmalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentləri ilə işləyən, Azərbaycanın xeyrinə sənədlərin hazırlanması prosesində iştirak edən Fuad Muradov bəzən mətbuatda gedən xəbərlərin bu işlərə mane olduğunu deyir: “Bu reallıqdır. Milli maraqlar hamımızı daha dəqiq işləməyə vadar edir. Əqidəmizdən, siyasi baxışlarımızdan asılı olmayaraq, hamımz azərbaycanlıyıq və ölkəmizi sevirik. Əsas odur ki, Azərbaycan inkişaf etsin. Odur ki, bu məsələdə ilk öncə Azərbaycan maraqlarını düşünərək düzgün qərar vermək lazımdır”.

Ələsgər Məmmədli: “Əgər dövlət sirri kənara sızırsa, bu boşluğu göstərməlisiz”

Hüquq isə bu məsələyə fərqli yanaşmanı sərgiləyir. Media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, jurnalist millətçi, mühafizəkar yox, qərəzsiz olmalıdır. Peşəkar jurnalist tərəflərə bərabər yanaşmağı bacarmalıdır: “Təbii, çox vaxt buna əməl etmək mümkün olmur. Məsələn, azərbaycanlı jurnallist Dağlıq Qarabağ münaqişəsindən yazanda necə tərəfsiz qala bilər? Amma bəzi məqamlarda buna çalışmaq lazımdır”.

Hüquqşünas İkinci dünya müharibəsi zamanı baş verən hadisəni xatırladır. Həmin vaxt “Chicago Tribune” qəzeti amerikan kəşfiyyatı ilə bağlı əlinə keçən məlumatı dərhal yaymışdı.

Qəzet yazmışdı ki, amerikanlar yapon hərbi donanmasının gizli xəbərləşmə kodunu ələ keçirib. Təbii, bu xəbər yayılan kimi yaponlar şifrəni dərhal dəyişir və amerikanların üstünlüyü bir anda yox olur: “Həmin jurnalisti məhkəməyə verirlər. Əvəvlcə məhkum etsələr də, sonradan ali məhkəmə ona bəraət qazandırır. Məhkəmə qeyd edir ki, bu informasiya jurnalistin əlinə çatan zaman o, artıq yayılıbmış. Həm də digər məsələ var: bəlkə elə düşmən tərəf bilərəkdən qarşı tərəfi tələyə salmaq üçün metoddan istifadə edib, onda necə olacaq?” Ələsəgr Məmmədli deyir ki, jurnalist kənara sızmış məlumatı yaymaya bilər, amma bu o demək deyil ki, bununla onu qorumuş olur: “Bəlkə də bu, jurnalist üçün bir imkandır ki, dövlət orqanlarındakı informasiya sızmasının qarşısını alsın. Əsl professional odur ki, düzgün qərar verə bilsin: o, informasiyanı yaysa dövlətə daha çox zərər verər, yoxsa gizlətsə?” Ə.Məmmədli bu yaxınlarda Hacıqabulda hərbi hissədə baş verən “dedovşina” hadisəsi haqqında məlumatların yayılmasını təqdiredici hal sayır. Çünki məhz bundan sonra ordudakı problemlərin nə dərəcədə dərin olduğu üzə çıxdı: “Məlumatı yayanları çox qınadılar. Hətta məhkəmə prosesi də oldu. Amma ictimaiyyətə aydın oldu ki, problemləri gizlətməklə əksinə onları dərinləşdirmiş oluruq. Xəstəliyə nə qədər erkən diaqnoz qoyulsa, onu daha tez müalicə etmək olar”. 

“Azpress” hərbi sirləri ermənilərə satmaqda ittiham olunub

Azərbaycanda da ara-sıra dövlət sirrinin yayılması ilə bağlı jurnalistlərə qarşı ittihamlar səslənib. Belə hadisələrdən biri bu yaxınlarda “Azpress” əməkdaşının başına gəlib. Saytın baş redaktoru, tanınmış fotojurnalist Rasim Sadıxov deyir ki, ötən il redaksiyaya edilən telefon zəngi onları çaşdırıb. Özünü Ağdam cəbhəsindən olan leytenant kimi təqdim edən bir şəxs “Sizin redaksiya vətən xaini yetişdirir” deyə qışqır-bağır salıb. Məsələdən heç nə anlamayan redaktoru sabahısı gün Milli Təhlükəsizlik Nazirliyinə dəvət ediblər. Orda aydın olub ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Ağdam cəbhəsinə səfəri zamanı çəkilən şəkillər problem yaradıb: “Bizim fotomüxbir istənilən obyektə gedəndə hərtərəfli çəkiliş aparır.

Həmçinin cəbhə xəttində. Leytenant deyirdi ki, biz cəbhədəki strateji nöqtələrin hamısının şəklini sayta yerləşdirəndən sonra ermənilər bu pozisiyaları dəqiq atəşə tutublar. Bizi vətənə xəyanətdə suçlayırdılar. Amma mən də izah etdim ki, jurnalist orda icazəsiz çəkiliş aparmayıb, o nə biləydi ki, hansı yer strateji baxımdan önəmlidir, hansı yer hərbi baxımdan əhəmiyyət daşıyır? Məgər görmürdülər ki, müxbir fotoaparatı hara tuşlayıb?” Özü də dəfələrlə hərbi hissələrdə olan, münaqişə nöqtələrindən reportajlar hazırlayan Rasim Sadıxov əmindir ki, konkret bu halda KİV nümayəndəsinin yox, zabitin səhlənkarlığından söhbət gedə bilərdi.

Mətbuat tarixi də göstərir ki, indiyə kimi dünyanın müxtəlif ölkələrində bu tip mübahisələr yaranıb. Lakin yuxarıdakı ekspertlərin rəyləri kimi, hər məsələdə media əhlinin də məsələyə mövqeyi və seçimi müxtəlif olub. Jurnalistlərin verdiyi qərarın düzgün olub-olmadığını isə hadisələrin sonrakı inkişafı göstərib.

V.Əhmədova

Qeyd: Yazı “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində hazırlanıb

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı