Modern.az

Hərbi çağırış yaşı artırıla bilər

Hərbi çağırış yaşı artırıla bilər

Təhsil

14 İyun 2015, 15:26


Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.

Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa digər peşə sahibi. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir.

Ölkə qanunvericiliyinə görə, 18 yaşı tamam olan gənclər orduya hərbi xidmətə çağırılır.

Azərbaycanda sıravi hərbi xidmət müddəti 18 aydır. Ali təhsilli gənclər isə 1 il hərbi xidmətdə qulluq edir. Hərbi xidmət həm də gənclər üçün bir həyat məktəbidir. Belə ki, xidmətdə olan gənc fiziki, mənəvi-psixoloji cəhətdən formalaşır, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrənir. Ona görə də çox vaxt el dilində deyirlər ki, hərbi xidmət bir kişilik məktəbidir. Görünən odur ki, gənclərin hərbi xidmətə marağı hər keçən gün artır. Təsadüfi deyil ki, rəsmi statistik məlumatlara görə, son illər Azərbaycan ordusunda fərarilik halları əhəmiyyətli şəkildə azalıb. Demək olar ki, yox səviyyəsinə enib. Halbuki, 15 il əvvəl bu kimi problemlər daha qabarıq formada özünü göstərirdi. Bütün bu müsbət dinamikalar aparılan islahatlar və nizam-intizamın gücləndirilməsilə bağlıdır.

Gənc əsgərlərlə tez-tez fərdi söhbətlər aparılır, onların problemləri dərindən öyrənilir.

Arzuolunmaz halların baş verməməsi üçün təlim-tədris müddətində gənc əsgərlərlə təlim prosesini başa vurmuş əsgərlərin görüşünə icazə verilmir. Gənc əsgərlərin səhhəti hər gün yoxlanır. Problemləri, şikayətləri öyrənilir. Əsgərin üzləşdiyi istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər görülür. Təbii ki, belə olan halda gənclərin hərbi xidmət keçməyə olan marağı artacaq. Hərbidə xidmətdən yayınma hallarının azalmasının fövqündə dayanan başlıca mənəvi faktorlardan biri gənclərdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasıdır. Məsələ ondadır ki, xidmətə çağırılan gənclər müxtəlif ailələrdə böyüyüb və onların psixoloji durumları fərqlidir. Ailə şəraiti ilə bağlı olaraq əsgərlərin hər biri düşdüyü hərbi mühiti fərqli şəkildə qəbul edir. Ancaq vətənpərvərlik hisslərinin gənclərdə arzuolunan səviyyədə olması onlara bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım edir. Eyni zamanda, onlarda vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə formalaşmasına kömək edir.

Belə ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realist və praqmatik prizmadan yanaşır.

Gənclik anlayır ki, hansısa bir dövlətin vətəndaşı gəlib onların yerində Qarabağ problemini həll edən deyil. Bütün bu kimi amillər nəticə etibarilə orduda fərarilik hallarının heçə enməsinə gətirib çıxarır. Onu da nəzərə almalıyıq ki, dövlətimiz 20 il əvvəlki respublika deyil. Bəzi çatışmazlıqlara rəğmən, ötən dövr ərzində dövlət aparatı, dövlətçilik, dövlət şüuru formalaşır. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara qarşı mübarizə aparılır. Görünən odur ki, hər keçən gün gənclər üçün hərbi xidmətin önəmi artır. Ali təhsil alan gənclər hərbi xidmətə getməyi özləri üçün mənəvi bir borc hesab edir. Bütövlükdə hərbi xidmətin gənclərdə vətənpərvərlik hisslərinin, milli mənlik şüurunun formalaşmağında özünəməxsus rolu və əhəmiyyəti var. O baxımdan, həri xidmətin rolunu heç vaxt kiçiltmək olmaz. 

Qanunvericiliyə əsasən, gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir. Çağırış yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı təkliflər səsləndirilsə də, qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi ilə bağlı müzakirələr dayandırılıb.

Qonşu Türkiyə və Gürcüstanda hərbi çağırış yaşı ilə bağlı bir sıra islahatlar həyata keçirilir. Qonşu Türkiyədə bu ilin fevralında “Hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı 20-dən 21-ə yüksəldilib. Digər qonşu ölkə Gürcüstanda da  hərbi xidmətə çağırış yaşı Azərbaycandakı kimidir. Lakin Gürcüstan dörd ildən sonra hərbi çağırışdan imtina etməyə və ordunu yalnız müqavilə əsasında komplektləşdirməyə hazırlaşır.

Hərbi ekspert Emin Həsənlinin fikrincə, Azərbaycanda hərbi çağırış yaşının artırılacağı gözləniləndir.

O, hesab edir ki, Azərbaycanda hərbi çağırış yaşının artırılması məsələsi 12 illik təhsil sisteminə keçid zamanı gündəmə gələcək.

“Yeni təhsil sisteminə keçiddən sonra hərbi çağırış yaşının bir yaş artırılması məsələsi müzakirə olunacaq. Bu sistemdə təhsil alacaq oğlan uşağı 17 yaşında məktəbi bitirəcək və onun 18 yaşında hərbi xidmətə çağırılmasında müəyyən problemlər yaranacaq,” deyə o, Oxu.Az-a bildirib.

Ekspertin sözlərinə görə, yaş həddinin artırılmasında psixoloji məqamlar da nəzərə alınmalıdır. “Bu məsələdə 18 və 19 yaş arasında olan uşağın psixoloji yetkinlik məqamına xüsusi diqqət verilməlidir,” o qeyd edib. 

O, bildirib ki, bir müddətdən sonra Azərbaycan peşəkar orduya keçəcək və hərbi çağırış azalacaq.

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə ədalətli həll olunandan sonra ali təhsillilərin hərbi xidmətə çağırışla bağlı möhlət hüququ artırıla, onların xidmət müddəti azaldıla bilər,” o bildirib. 

Həsənli son dövrlər Azərbaycan ordusunda neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən islahatları təqdirəlayiq hesab edir.

“Artıq orduda sürücü, aşpaz və bu kimi vəzifələri icra edənlər mülki şəxslərdir. Əsgərlərin ən çox mübahisə etdiyi məsələlər hərbi qulluqçuya aid olmayan vəzifələrin onlara həvalə edilməsi olurdu. Lakin artıq bu, aradan qaldırılıb. Bütün bu islahatlar ordunun gücləndirilməsinə, əsgərlər arasında şəffaf münasibətlərin qurulmasına yönəldilib,” Həsənli deyib. 

Ekspertin fikrincə, dünyanın istənilən ordusunda neqativ hallar müşahidə olunur.

“Bu cür hallar yalnız azaldıla bilər, onların tamamilə aradan qaldırılması mümkün deyil. Azərbaycan ordusunda bu cür halların aradan qaldırılması üçün dövlət sistemli olaraq ardıcıl iş aparır. Bir çox neqativ hallar araşdırılarkən məlum olur ki, bu cür hadisəni törədən əsgərin öz ailəsində və psixikasında müəyyən problemi var,” o qeyd edib. 

Həsənlinin sözlərinə görə, orduda əsgərlər arasında dava, mübahisə, nizamnamədən kənar hallar azalmaqdadır.

“Bu kimi hallar azalmaqda davam edəcək, amma bütövlükdə aradan qaldırılması mümkün deyil. Cəmiyyətdə bu cür hallara xüsusi diqqətlə yanaşılmalıdır və xüsusi iş aparılmalıdır ki, neqativ halların azalmasına gətirib çıxarsın. Necə ki, aparılmış işlər nəticəsində Azərbaycanda fərarilik halları tamamilə aradan qaldırılıb,” o deyib. 

Hərbi çağırış yaşının mümkün artırılmasını psixoloji nöqteyi-nəzərdən şərh edən psixoloq Elnur Rüstəmovsa hesab edir ki, 18 yaş hərbi xidmətə çağırış yaşı üçün uyğun yaşdır.

“Çağırış yaşının 18 yaş müəyyən olunmasında əsas hədəf odur ki, orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul ola bilməyən oğlanlar hərbi xidmətə çağırılsınlar.Hərbi xidmət müəyyən bacarıq və vərdişlərin əldə edilməsi üçündür,” deyə o bildirib. 

Rüstəmov hərbi xidmətə çağırış yaşının qaldırılmasının müsbət nəticələr verəcəyini düşünmür.

“Əgər orta məktəbi bitirən oğlan artıq karyera qurubsa və işləyirsə onun 20-21 yaşında hərbi xidmətə getməsi çətin olacaq. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmayan oğlanların dərhal hərbi xidmətə getməsi daha düzgündür. Çağırış yaşının 18 yaşdan 35 yaşa qədər olması doğru və məqsdəuyğundur. Psixoloji nöqteyi-nəzərindən bu, çox düzgün bir addımdır,” o əlavə edib. 

  P.S. Yazı AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dari təbliğatın aparılması” layihəsi çərçivəsində hazırlanıb.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı