Modern.az

“Telekanal rəhbərləri nəticə çıxarmalıdırlar”

“Telekanal rəhbərləri nəticə çıxarmalıdırlar”

Təhsil

17 Avqust 2015, 16:47


Bir neçə gün öncə cəbhənin müxtəlif istiqamətlərində hərbçilərlə görüşən bir qrup millət vəkili, jurnalist və QHT rəhbəri hərbçilərin ölkədə fəaliyyət göstərən telekanallarla bağlı narazılıqlarının şahidi olublar.

Hətta onların bu narazılığına yüksək rütbəli zabitlər də qoşulub. Hərbçilər qeyd ediblər ki, TV-ləri izlədikcə Azərbaycanın müharibə şəraitində ölkə olması barədə fikirlər əriyir: “Biz müharibə şəraitindəyik. Ancaq telekanallarda bu, görünmür.

Hərbçilərimiz özlərini teleməkanda tapa bilmirlər. Hərbi vətənpərvərliklə bağlı verilişlərə, sosial çarxlara çox az rast gəlinir. Halbuki belə verilişlər əsasən insanların mavi ekran qarşısına ən çox toplaşdıqları vaxt sərgilənməlidir.

Biz bundan çox narazıyıq. Telekanal rəhbərləri bundan nəticə çıxarmalıdırlar”.

Hərbçilər teleməkanda şou əhlinin “at oynatması”na da etiraz edib: “Biz istəyirik ki, ən azı 10 dəfə hərbçilərə konsert verməyənlərə “Əməkdar artist”  və s. kimi adlar verilməsin. Biz bununla Azərbaycan teleməkanının yalnız hərbi-vətənpərvərlik verilişləri ilə doldurulmasını demək istəmirik. Təbii ki, bütün sahələrlə bağlı verilişlər olmalıdır. Təəssüf ki, bu sahədə balans pozulub.

Bu gün Azərbaycan müharibə şəraitindədir. Və hərbçilərin əksəriyyəti cəbhə bölgələrindədir. Ancaq buna baxmayaraq hərbçilərə hər cür yüksək şərait yaradılıb. Onlar istirahət vaxtlarında telekanallara baxırlar. Həmin vaxt özlərini görmürlər.

Azərbaycanın müharibə şəraitində olduğunu görmürlər. Ölkənin informasiya məkanında aparıcı olan TV-lərin bu siyasəti bizi üzür. İnanmaq istəyirik ki, bu müraciətimizdən sonra onlar öz fəaliyyətlərində dediklərimiz məsələləri nəzərə alacaqlar”. 

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı tanınmış ziyalılar, o cümlədən sənətçilər və ədəbiyyatçılar müəyyən çətinliklərə baxmayaraq, tez-tez cəbhə bölgəsinə gedib orada xidmət edən əsgərlərlə görüşürdülər.

Yazıçılar cəbhə bölgəsinə getməyə həmişə hazırdır

Modern.az Azərbaycan Yazıçılar Birliyində bu istiqamətdə hansı işlərin görülməsi ilə bağlı qurumun birinci katibi, xalq şairi Fikrət Qoca ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Yazıçılar Birliyi cəbhə xəttindəki vəziyyəti həmişə diqqətdə saxlayır: “Xüsusi komissiyamız da birbaşa bu işlərlə məşğul olur və ilin sonunda rəhbərliyə hesabat verir. Bizdə hərbi-vətənpərvərlik komissiyası var. Onun sədri xalq şairimiz Zəlimxan Yaqubdur. O və komissiyanın başqa üzvləri bu işlərdə çox maraqlıdırlar.

İl ərzində bu istiqamətdə tədbirlər həyata keçirilir. İlin sonunda komissiya  hesabat verir. Əlbəttə, hər yerə getmək olmur. Amma bütün şairlərin, yazıçıların ürəkləri cəbhədədir. Hamısı ora gedib əsgərlərlə görüşməyə canla-başla razıdırlar”.

Fikrət Qoca “bu istiqamətdə son zamanlar  hansı iş görülüb” sualına bu cür cavab verib: “Bir neçə gün bundan əvvəl hərbi mövzulara həsr olunan əsərlərin müsabiqəsi keçirildi. Orada rəsm əsərləri, şeir, proza da nominasiyaları var idi.

İl boyu göndərilən əsərlər arasından seçdik və Sərhəd Qoşunlarından əvvəl biz bu tədbiri orada keçirdik. Bu da bir görüşdür. Doğrudur, ola bilsin ki, cəbhədə keçirilən görüşlərdə hamı iştirak edə bilmir, amma şəxsi görüşlər də olur.

Görürsən ki, 3, yaxud 5 şair yığışaraq cəbhə xəttindəki əsgərləri ziyarət edir. Yəni, belə tədbirlər Azərbaycan Yazıçılar Birliyinin proqramında, tədbirlər planında  var”.

Televiziyaların cavabı

İctimai Televiziyadan Modern.az-a bildirilib ki, hərbiçilərin söylədiklərini müzakirə etmək istəmirlər.  Onun sözlərinə görə, hər bazar günü “Salam əsgər” hərbi-vətənpərvərlik verilişi yayımlanır: “Verilişdə Azərbaycan əsgərinin döyüş hazırlığı, mənəvi psixoloji durumu işıqlandırılır.  

Azərbaycanın milli qəhrəmanlarının döyüş yolundan bəhs edən “heç kim unudulmur, heç kim yaddan çıxmır” video çarxı gündəlik efirə verilir. Azərbaycanın milli qəhrəmanlarının həyat və döyüş yolundan bəhs edən filmlər isə hər ay yayımlanır.

Ay ərzində Azərbaycanın hərb tarixindən, görkəmli sərkərdə və generallarımızın həyatından bəhs edən ən azı 10-12 film müntəzəm olaraq efirə verilir.  Bir sözlə, deyə bilərik ki, İTV öz ictimai borcundan ləyaqətlə çıxır”.   

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məsələyə bu cür münasibət bildirib: “Mirşahin Ağayev, Vahid Mustafayev və mən də cəbhədə olmuşam. Biz də əsgərimiz şəhid olanda mütləq reportaj hazırlayıb veririk. Efirdə vətənpərvərlik ruhu aşılayan verilişlərin olmamağı barədə söylənilən fikirlər heç də həqiqət deyil. Bu yalandır, təxribatdır. Vahidin qardaşı Çingiz Qarabağda rəhmətə gedib. Bizdə şou yoxdur, hamısı vətənpərvərlik verilişləridir”.  

Tanınmış jurnalist Rövşən Cahangirov məsələyə münasibətində bildirib ki, İTV, ATV, ANS, “Space”  və digər televiziyalarda hərbi-vətənpərvərlik ruhunda verilişlər, sosial çarxlar hazırlanır: “Düşünürəm ki, sadəcə olaraq, bu məsələnin qabardılmasında peşəkarlıq çatmır, verilişlərin keyfiyyətini bir qədər də artırmaq lazımdır.

Telekanallarda milli ruhu aşılayan verilişlərin olmamağı barədə söylənilən fikirlər isə heç də həqiqətə uyğun deyil. Bunu da nəzərə alaq ki, gün ərzində yalnız hərbi-vətənpərvərlik xarakterli verilişlərə yer ayrıla bilməz. 

Ümumiyyətlə, televiziyalarda vətənpərvərlik ruhunda proqramlara xüsusi yer ayrılır, telekanallarda həftə ərzində müxtəlif adlarda hərbi-vətənpərvərlik ruhu aşılayan verilişlər yayımlanır”.    

  P .S. Yazı “Milli maraqların və hərbi məlumatların mediada qorunmasında dair təbliğatın aparılması” layihəsi çərçivəsində dərc olunur.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama