Modern.az

“Rus rublunun manata təzyiqi güclənib” – MÜSAHİBƏ

“Rus rublunun manata təzyiqi güclənib” – MÜSAHİBƏ

21 Avqust 2015, 14:42


İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli Çin iqtisadiyyatındakı böhran və onun Azərbaycana təsiri ilə bağlı Modern.az saytının suallarını cavablandırıb:

- Son vaxtlar Çin iqtisadiyyatında başlanan böhranlı proseslər dünyanın diqqət mərkəzindədir. Bunun Azərbaycana təsiri barədə mülahizələrdə isə fikirlər haçalanır. Çin iqtisadiyyatında baş verən böhranlı proseslərin Azərbaycana təsiri barədə nə deyə bilərsiniz?

- Çinin fond birjasında yaranan təlatümlər göstərdi ki, onun inzibati amirlik şəraitində bazar elementlərindən istifadə modelinin imkanları son 30 ildən artıq dövrdə olduğu kimi, bundan sonra da 8-10 faizlik yüksək iqtisadi artım templərini təmin etməkdən və ixracı yüksək templərlə artırmaqdan ötrü yaramır.

Çünki yeni reallıqlar və rəqabət şəraitində bu modelin imkanları tükənib. Hazırda Çin iqtisadiyyatında yaşanılan problemləri təkcə yuanın devalvasiyası vasitəsilə həll etmək mümkün deyil. Çinin daxili bazarda tələbatın artması ilə şərtlənən balanslı artım templərinə nail olunmasından ötrü, görünür liberallaşdırmanı dərinləşdirmək, iqtisadi azadlıqları genişləndirmək, bazar institutlarının inkişafını sürətləndirmək və müasir tələblər səviyyəsinə çatdırmaq və digər belə addımlarla islahatların yeni mərhələsinə keçmək lazım gələcək.

Buna nə qədər nail olunacağı zamanın işidir. Ona görə də Çin iqtisadi inkişafın yeni mərhələsinə keçməkdən ötrü populyar olmayan islahatlar aparmaqla labüd sürətdə həm də böhrandan keçməlidir. Bu böhran dünya iqtisadiyyatına, xüsusən də Çinlə daha sıx iqtisadi - ticarət əlaqələrində olan ABŞ, Avropa ölkələri və başqalarına daha çox təsir edəcək. Azərbaycana gəldikdə, Çin iqtisadiyyatında başlanan böhranlı proseslərin bizim ölkəyə birbaşa ciddi təsirindən yox, dolayı, bəlkə də əgər belə demək mümkünsə, dolayının da dolayısı yolu ilə və ayrıca bir detal xarakterli təsirləri ola bilər.

- Niyə birbaşa təsirindən danışmaq olmaz?

- Çox sadə səbəbə görə... Axı bizim fond və maliyyə bazarımızın qlobal maliyyə və fond bazarları ilə bazar münasibətlərinin məlum təməl prinsipləri əsasında qurulan elə bir əlaqəsi yoxdur... Azərbaycan dünyanın nəhəng iqtisadi, siyasi, elmi, milli-mədəni mərkəzlərindən olan Çin ilə əlaqələrə xüsusi əhəmiyyət verir.

Bununla belə, Çin Azərbaycanın iqtisadi-ticarət əlaqələrində öndə gedən ölkələrdən deyil. Çin Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 2,5 faiz payla 13-cü yeri tutur. Deməli, sözügedən sahələrdə də nəzərə çarpan təsirdən söhbət gedə bilməz. Sadəcə, Azərbaycanın Çindən aldığı malların bir qədər artıb-azalmasından söhbət gedə bilər. Azərbaycanın Çinə göndərdiyi məhsullara gəldikdə, bu, ölkəmizin ixracının cəmi 0,3 faizini təşkil edir. Əgər nəzərə alsaq ki, Azərbaycanın Çinə ixracı 63 milyon dollar təşkil edib, bu sahədəki hər hansı bir dəyişikliyin elə bir “istisi-soyuğu” olmayacaq. Yalnız neftin qiymətinin aşağı düşməsi kontekstində ciddi təsirdən danışmaq olar.

- Dolayı təsir dedikdə, neftlə bağlı məqamı nəzərdə tutursunuz?

- Bəli. Çində artım templərinin zəifləməyə başlaması dünya bazarında neftə olan tələbatın azalmasında özünəməxsus rol oynamaqla, neftin qiymətinin aşağı düşməsinin iqtisadi amillərindən biri ola bilər.

Doğrudur, neftin qiymətinə müxtəlif geosiyasi, geoiqtisadi, psixoloji, qlobal bazar oyunçularının spekulyativ təsirləri olur. Amma bizim dediyimiz amil də təsir edir. Neftin qiymətinin aşağı düşməsi bir tərəfdən neft gəlirlərimizi azaldır, digər tərəfdən 21 fevral devalvasiyasından sonra neftin qiymətinə həssaslığı artan manata təzyiqi artırır. Dolayı yolla olsa da, neftin qiymətinə təsir vasitəsilə Azərbaycana təsir daha çox hiss olunandır...

- Bayaq maraqlı bir ifadə işlətdiniz. “Dolayının da dolayısı yolu ilə təsir”. Bu necə ola bilər?

- Bilirsiniz, rus rublu dönərli valyuta olmasa da, çox təəssüflər olsun ki, son vaxtlar onun da manata təzyiqi güclənib. Neftin qiymətinin 50 dollardan aşağı enməsi və 40 dollara yaxınlaşması şəraitində manat duruş gətirə bilər. Amma bu qiymət birbaşa manatın məzənnəsinə ciddi təsir göstərməsə də, dolların qlobal məzənnəsindəki dəyişikliklər, eləcə də rus rublunun nəzərə çarpan dərəcədə aşağı düşməsi yenidən manata təzyiqi artırıb. Xüsusən də əgər neftin qiyməti 40 dollar və ondan aşağı şəraitdə bir müddət qalmaqda davam etsə, onda bir tərəfdən neftin qiymətinin enməsinin manata təzyiqi artacaq, digər tərəfdən rus rublunun məzənnəsi yenidən dəyişəcək. 1 dollar 70 rubldan da aşağıya düşə bilər. Bu da dolayının dolayısı yolu ilə əlavə olaraq manatın məzənnəsinə də təsir göstərir və bu təsir güclənə bilər.

- Ayrıca detal xarakterli təsir də ola bilər?

- Bəli, ayrıca detal və ya element xarakterli təsir isə Çinin fond bazarındakı mövcud qeyri-sabitliyin hökm sürdüyü bir şəraitdə Azərbaycanın Dövlət Neft Fondunun Çinin qiymətli kağızlar bazarına investisiya qoyması ilə əlaqədar ola bilər. Burada qısa zaman kəsiyində Çin yuanının devalvasiyası və hazırkı şəraitlə şərtlənən hansısa itkilərdən danışmaq mümkün olsa da, yuan investisiya Neft Fondunun valyuta portfelinin 1 faizindən bir qədər artığını təşkil etdiyindən və bu məsələyə Dövlət Neft Fondunun vəsaitlərinin diversifikasiyasına xidmət edən uzunmüddətli strategiyanın tərkib hissəsi kimi baxıldıqda, burda ciddi itkilərdən danışmaq olmaz.

- Son vaxtlar Azərbaycanda müşayiət olunan qiymət artımının Çin iqtisadiyyatında baş verən böhranla əlaqələndirilməsi hallarına münasibətiniz necədir?

- Fikrimcə, bu mülahizə düz deyil, ən azı yarımçıq xarakter daşıyır... Onsuz da qiyməti artırmaq istəyənlər elmi cəhətdən əsaslandırılmış dəlillər gətirə bilməyəndə, bir qayda olaraq formal məntiqə əsaslanan amillərdən istifadə edirlər. Ötən il Azərbaycanla Çin arasında xarici ticarət dövriyyəsi 762 milyon dollar təşkil edib ki, bunun da 667 milyon dolları və ya 91,5 faizi Çinin Azərbaycana göndərdiyi, 63 milyon dolları və ya 8,5 faizi isə bizim Çinə göndərdiyimiz mallar təşkil edib. Doğrudur, bu il Çinin Azərbaycana ixracı bir qədər zəifləyib.

Amma yuanın devalvasiyası ixracata yeni təkan verməklə Çin mallarının dünya bazarına axınını bir qədər də gücləndirəcək. Bundan Azərbaycan bazarına da müəyyən “əlavə pay” düşəcək. Nəzərə alsaq ki, 2013-cü ildə Çinin ölkəmizə göndərdiyi mallar Azərbaycanın idxalının 5 faizdən bir qədər artığını, 2014-cü ildə isə 7,6 faizini təşkil edib, deməli, bu rəqəm yuanın devalvasiyasından sonra arta da bilər.

Nəticədə Çinlə ticarətdə əvvəlki qədər pula daha çox mal almaqla hər ay bir neçə milyon dollar qabağa düşə bilərik. Amma bu uduş bir neçə milyon dollarlıq simvolik məbləğlər ola bilər. Son vaxtlar Azərbaycanda müşayiət olunan qiymət artımının Çin iqtisadiyyatında baş verən böhranla birbaşa əlaqələndirilməsi isə qeyd etdiyim kimi, düzgün deyil.

Əksinə yuanın ucuzlaşması Çin mallarını da ucuzlaşdıracaq. Azərbaycanda malların qiymətinin artması ölkə iqtisadiyyatında gedən proseslərin məntiqindən, manatın devalvasiyasından sonra yaranan yeni situasiyadan, inhisarçılıqdan, süni qiymət artımından asılıdır. Yay mövsümü başa çatdıqca, həmişə olduğu kimi bu il də qiymətlərdə artımın müşahidə olunmağa başlaması, ikinci ildir ki, Rusiyaya göndərdiyimiz kənd təsərrüfatı məhsullarının artması və digər amillərdən daha çox qaynaqlanır.  

Gülşən RAUFQIZI 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama