Modern.az

“Mərkəzi Bank bəsit açıqlamalarla ajiotajı aradan qaldıra bilməyəcək”

“Mərkəzi Bank bəsit açıqlamalarla ajiotajı aradan qaldıra bilməyəcək”

22 Avqust 2015, 12:22


“Həm Mərkəzi Bank rəhbərliyi, həm də Maliyyə Nazirliyi dəfələrlə manatın taleyinin dünya bazarındakı neftin qiymətindən asılı olduğunu bildirib.

Rusiya, Qazaxıstan kimi iqtisadiyyatı Azərbaycana yaxın olan qonşu dövlətlərdə baş verənlər bizim ölkədən də yan keçmir. Baş verənlər əslində bu baxımdan normaldır. Çünki həmin ölkələrin də iqtisadiyyatı Azərbaycan kimi neftdən asılıdır. Buna görə də valyutadəyişmə məntəqələrində dollara tələbatın artması normaldır”.

Bunu Modern.az saytına iqtisadçı Natiq Cəfərli valyutadəyişmə məntəqələrində dollara artan tələbatla bağlı bildirib.

Ekspertin fikrincə, baş verənlər Azərbaycanda milli valyutanın növbəti dəfə dəyərdən düşməsi ehtimalı barədə fikir formalaşdırır: “Təbii ki, bu ajiotajın yaranması dollara tələbatı artırır. Çünki insanlar 21 fevral devalvasiyasını düşünür. Mərkəzi Bank o zaman da ajiotajı yatırmaq üçün normal iş görə bilmədi.

Ajiotajın artmasına səbəb Mərkəzi Bankın verdiyi açıqlamalar oldu”.

Natiq Cəfərli Mərkəzi Bankın avqustun 21-də axşam saatlarında ajiotajla bağlı banklara müraciətini məqbul saymır: “Bu da əslində bir işə yaramır. Banklara, valyutadəyişmə məntəqələrinə dolları baha satmamaq tövsiyə edilir. Bununla Mərkəzi Bank məzənnəni 1.07-ə qədər qaldırıb satan valyutadəyişmə məntəqələrinin fəaliyyətini qanunsuz hesab edir.

Düşünürəm ki, bu, çıxış yolu deyil.

Bu cür açıqlamalar şayiələri, ajiotajı daha da artırır. Mərkəzi Bank bir-iki cümləlik bəsit açıqlamalarla əhalini sakitləşdirə bilməz.

Mərkəzi Bank normal iqtisadi siyasət yürütsə, mütəmadi və iri həcmli, insanların təxmin edə biləcəyi açıqlamalar versəydi vətəndaş bu gün hazırlıqlı olardı və əlavə narahatlıq yaranmazdı. Amma təəssüf ki, yaşananlar göz qabağındadır.

Yaxın gələcəkdə neftin bu qiymətində manatın növbəti ucuzlaşma prosesi qaçılmaz olacaq və biz növbəti devalvasiyasını görəcəyik”.

İqtisadçı əlində müəyyən qədər sərbəst vəsaiti olan vətəndaşların vəziyyətdən az zərərlə çıxması üçün bunları məsləhət görüb:

“İnsanlar bilməlidirlər ki, manat daha əvvəlki kimi bahalaşmayacaq. Bu mümkünsüzdür. Amma dollar manat qarşısında bahalaşa bilər. Ona görə də məntiq bunu deyir ki, kimin əlində sərbəst vəsait varsa, onu dollara çevirib saxlamalıdır. Ən azından itkilərin qarşısını almaq mümkün olar.

Əgər devalvasiya olmasa belə, manatın gələcəkdə bahalaşmayacağını nəzərə alaraq vətəndaş əlindəki manatı dollara çevirməklə heç nə itirməyəcək. Amma manat ucuzlaşanda kifayət qədər qazana bilər”.  

Gülşən RAUFQIZI    

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama