Bu il Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə iki aydan çox vaxt qalır. Vaxt daraldıqca deputatlığa namizəd olacaq şəxslər də artıq öz təbliğat işlərini qurmaq yönündə çalışmalarını genişləndirirlər.
Bu istiqamətdə atılan addımlardan biri də sosial şəbəkələrdə aktivləşməkdir. Belə ki, əvvəllər sosial şəbəkələrdə olmayan, ondan yararlanmayan deputatlarımız bu gün sosial şəbəkələrdə özlərinə profillər, səhifələr yaradıb aktiv şəkildə özləri haqqında məlumatları paylaşır, bu və ya digər məsələlərə fikirlərini bildirirlər. Bununla onlar öz seçicilərinə istiqamətlənən fəaliyyətlərini yerinə yetirməyə və onların diqqətini çəkməyə çalışırlar.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da son dövrlər sosial mediadan effektiv istifadə seçki proseslərində, seçki işinin qurulmasında, təbliğat işlərində istifadə halları artıb:
“Sosial mediadan deputatların hamısının istifadə etdiyini deməzdim. Amma müəyyən bir hissəsi sosial mediadan istifadə etməyə çalışır. Hələlik Azərbaycanda yetərli aktiv, canlı seçki mühiti hiss olunmur, amma sosial mediada bununla bağlı açıqlamalar, bəyanatlar, mövqelər verilir, ictimai müzakirələr duyulur. Düşünürəm ki, indiki məqamda ən optimal və səmərəli yol məhz sosial mediadan istifadə etməkdir”.
Osman Gündüzün fikrincə, deputatlığa namizədlər üçün sosial media seçki prosesinin təşkilində daha çevik, daha effektli vasitədir:
“Bundan əlavə, sosial media Azərbaycanda ictimai rəyə təsir edən faktordur. Yetərincə auditoriyası var. Facebook, Twitterdə hesabı olan insan əziyyət çəkmədən öz informasiyasını paylaşa bilir. Namizəd də, seçki prosesinin iştirakçıları da heç bir xərc çəkmədən, böyük əziyyət sərf etmədən bunun vasitəsilə öz informasiyalarını çatdıra bilirlər.
Ona görə düşünürəm ki, bu seçki prosesində də sosial mediadan aktiv istifadə edənlər əvvəlki illərlə müqayisədə daha çox olacaq”.
Aytən ZƏHRA