“Bəzi insanların hələ də əmanətlərini manatla saxlaması bir daha sübut edir ki, ölkəmizin ən böyük problemi maarifləndirmədir. İkinci problemimiz də birincidən irəli gəlir. Bu, kadr problemidir. Bank sistemi də buna nümunədir”.
Bunu Modern.az-a maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov bildirib. Onun fikrincə, indiki problemlər neftin qiyməti kimi obyektiv səbəbdən də irəli gəlir: “Lakin ölkədəki bank sisteminin əsas problemi kadrla bağlıdır. Savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur.Bank krediti geri ala bilmirsə, əmanətinizi necə qaytaracaq?.. Bəziləri banklara etibarın olmadığını bilsə də, əlindəki pulun bir hissəsini evində saxlayır, digər hissəsini banka qoyur. Belələri düşünürlər ki, yəqin, iki oğru (evi soyan oğru və bank) eyni vaxtda onu qarət etməz.
Əkrəm Həsənov vətəndaşları ən təhlükəsiz banklar barədə məlumatlandırıb: “Hər şeyə rəğmən ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır - Beynəlxalq Bank və AzərTürkBank. Çünki dövlət onların götürdüyü əmanətlərinə görə cavabdehdir. Ən təhlükəli banklar isə ölkədəki Rusiya banklarıdır: VTB və Nikoil bank. Bu banklara etibar etməyin! Çünki Rusiyada vəziyyət bizdən də ağırdır, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər”.
Gülşən RAUFQIZI