Modern.az

Hakimiyyətin deputatlığa namizədləri bu həftə dəqiqləşəcək

Hakimiyyətin deputatlığa namizədləri bu həftə dəqiqləşəcək

24 Avqust 2015, 12:25

Azərbaycanın qanunverici hakimiyyət müstəvisində yaxın 5 illik perspektiv və planlarını müəyyən edən hədəflərə çatmaq üçün mühüm sayılan hadisəyə az qalıb.

Söhbət bu ilin noyabr ayında Milli Məclisə keçiriləcək növbəti seçkilərdən gedir.   Seçkiqabağı qeyri-rəsmi təbliğatın gücləndiyi bir zamanda parlamentdə ən çox deputat mandatına sahib olan hakim Yeni Azərbaycan Partiyası (YAP) çoxdan bəri gözlənilən və bir çoxlarının həyəcanına səbəb olan sürprizlərini elan edəcək.  

Modern.az saytının əldə etdiyi məlumata görə YAP-ın bu həftə ərzində seçki siyahıları dəqiqləşdiriləcək. Bu siyahıda isə xeyli sürprizlər olacaq.  

Bir çox YAP üzvlərinin diqqətlə, maraqla, gözlədiyi seçki siyahıları bəzi vəzifə sahibləri üçün xüsusilə həyəcanvericidir.   Belə ki, bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, YAP bu seçkilərdə əvvəlkilərdən fərqli olaraq rektor və digər vəzifə sahibi olanların deputatlığa namizədliyini irəli sürməyəcək.  

Üstəgəl, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına müsahibələrinin birində bəyan etmişdi ki, YAP bütün dairələrdən namizəd irəli sürəcək. Bu isə parlamentdə təmsil olunan digər partiyaların həyəcanına səbəb olub.  

YAP-ın seçki siyahılarını dörd gözlə açıqlanmasını istəyənlərdən biri də parlament müxalifətidir.

Çünki YAP tərəfindən 125 dairənin hamısından deputatlığa namizədlərin verilməsi Milli Məclisdə olan digər partiyalara güzəştin edilməməsi anlamına gəlir.  

Buna görə də parlamentdəki rəqiblərinin arzu və istəklərinə sədd çəkən hakim partiyanın seçki siyahılarını hamı gözləyir.

“Bəlkə, deputatlığa namizədlər siyahısı 125 dairəni əhatə etmədi” kimi ümidlərlə yaşayan parlament müxalifətinin liderləri də büruzə verməsələr də, şüurlarının dərin qatlarında YAP-ın hədəf və istiqaməti haqqında düşünürlər.    

Aqşin Kərimov    


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama