“Avqustun 29-da Qəbələdə, Qafqaz Karvansaray Hoteldə mürəbbə festivalı keçiriləcək”.
Bu haqda Modern.az saytına Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova məlumat verib.O qeyd edib ki, festivalda iştirak etmək üçün Azərbaycanın 30 bölgəsindən nümayəndələr dəvət olunub: “Hər bölgə 8 növ mürəbbə ilə iştirak edəcək. Bunlar gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələridir.
8 növ mürəbbədən başqa hər regiona məxsus qeyri-adi mürəbbələr də təqdim edilə bilər. Regionlardan təqdim edilən mürəbbələr üzrə qiymətləndirmə aparılacaq və qaliblər müəyyən olunacaq. Nəticələrə uyğun 1-ci, 2-ci, 3-cü və 4-cü yerləri tutan şəxslərə diplom və mükafatlar veriləcək”.
Ceyran Əsgərova sayca üçüncü olacaq festivala Gürcüstan, Filippin, Serbiya, Rusiya, Saxa (Yakutiya), Çuvaşiya, Türkiyə, Qırğızıstan və İrandan qonaqlar dəvət olunduğunu deyib: “Festivalın keçirilməsində məqsəd Azərbaycan mətbəxinin təbliğidir”.
Gülşən RAUFQIZI