Modern.az

“Azərbaycanda qadınlara çoxsaylı əlavə statuslar verilib”

“Azərbaycanda qadınlara çoxsaylı əlavə statuslar verilib”

25 Avqust 2015, 16:39

Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai maarifləndirmə və ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib. 

 

Modern.az bildirir ki, tədbirdə çıxış edən “Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri, "Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı layihə haqqında geniş məlumat verib.

Onun sözlərinə görə, ölkəmizdə qadın, gender bərabərliyi mövzusu dövlətimizin daim diqqət mərkəzindədir: “Qadın Konsensus Mərkəzi”nin həyata keçirdiyi bu layihə ictimai maarifləndirmə və müzakirələr vasitəsilə qadınların fəaliyyətini ölkədə daha da artırmağa yönəlib.

Düşünürəm ki, qadınların ictimai mühitdə fəaliyyəti məsələsini gündəmdə saxlamaq olduqca vacibdir. Müasir cəmiyyət qadına çoxsaylı əlavə statuslar verib. Artıq qadının həyata keçirdiyi funksiyalar mətbəx, ailə, uşaq böyüdüb tərbiyə vermək çərçivəsindən çıxıb. Bu gün biz onları əlimizdə əsas götürüb, bu yolda uğurlara imza atmağa çalışmalıyıq”.  

Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov,  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  diqqətə çatdırıblar ki, ölkə prezidenti Azərbaycanda qadın hüquqlarının qorunması məsələsinə xüsusi önəm verir: “Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə əməl edərək gender bərabərliyini yüksək formada inkişaf etdirir. Dövlətin hazırladığı proqramlar və layihələrin həyata keçirilməsində qadınlar yaxından iştirak edir. Bu baxımdan da qadınların cəmiyyətdə fəal iştirakı yeni yanaşma və dəyişikliklər tələb edir”.  

Sonra tədbirdə “Məişət zorakılığı və erkən nikahlarla mübarizə” , “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar” ,  “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyinin təminatı”  mövzuları ətrafında geniş müzakirələr aparılıb.


Vüsalə Qəzənfərqızı    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal