Modern.az

Ağayar kişi bu fikirdədir ki, itin də adamı olmalıdır

 Ağayar kişi bu fikirdədir ki, itin də adamı olmalıdır

25 Avqust 2015, 16:55

“Olur , olur, belə işlər də olur” silsiləsindən

Söhbətin şirin yerində yanımızdan az qala metro vaqonu boyda bir “Jeap” maşını keçdi. Açıq pəncərədən gözündə qara eynək, sarışın saçlı gənc bir qız açıq-aşkar görünürdü, yanında da səhv etmirəmsə əla bəslənmiş, necə deyərlər, tüklərindən yağ daman gözəl-göyçək bir alman ovçarkası. Yanımda foto-aparat olsaydı nə çəkərdim şəkillərini...

Qara-qorxu olmasaydı elə telefonla da çəkmək mümkün idi. Sadəcə tanımadığın adamın, maşının,... itin şəklini çəkmək baş qağrısından savayı bir şey olmazdı. Ağayar kişi sönməkdə olan siqaretinə axrıncı qullabı da vurub kötüyünü onsuz da çirkin, zir-zibilin içində üzən kanala vızıldatdı. Sonra tilovun yerini dəyişdi. -Vallahi, qədeş, balıq tamarzısı-zad deyiləm, evdə darıxıram, gəlib burada vaxt öldürürəm. Sən nə yaxşı, buralarda... Ağsaqqalın şirin bakılı ləhcəsi ilə dediklərinə, sorğusuna bircə kəlmə ilə cavab verdim.

-Ağayar dayı, burada kirayəşinik. Uzun gündür, darıxdım, dedim bir kanalın qırağına gəlim, görüm nə var-nə yox...

-Nə olacaq, gördün də... Tanınmış bank müdürlərindən birinin qızıdır. Yanındakı iti, inan ki, ən əziz adamından çox istəyir. Evləri bu aralıqdadır. Evləri deyəndə ki, Allah bilir neçə hektarın içində nəhəng bir villa tikiblər. Qonaq-qaraları çox olur. Deyilənə görə elə itlərinin beş-altı otağı var. Ayrıca hovuzu, yataq otağı, istirahət guşəsi... həri, həri. Saçımım-saqqalımın ağaran vaxtı nöşün yalan deməliyəm. Bu itin “sevgilisi” Riqada yaşayır. İldə bir neçə dəfə bu qız iti təyyarə ilə aparıb “sevgilisinə” qovuşdurur. Hə, necədir səninçün...

Ağayar kişi danışdıqca kanalın hər iki tərəfindəm qalaqlanmış zir-zibilin içində eşələnən az qala itlikdən çıxmış kimsəsiz, yetim, adamsız küçüklərin, qocalıb əldən düşümüş köpəklərin bir qarın çörək üçün necə əlləşib-vuruşduqlarını, bir-birinə necə diş qıcadıqlarını seyr edirdim. “Ac qılınca çapar.”

Görünür, bu sözlər yalnız imkansız adamlar üçün deyilməyib. Əvvəlki cümlədə “adamlar” sözünü havayıdan işlətmədim. Bu bir danılmaz həqiqətdir ki, sözünü deyən, arxanda durmayan, sənə hayan çıxmayan birisi olmasa işlərin axsayacaq, təntiyəcək, hövsələdn çıxacaqsan. İnsan özünə daim dəstək axdarır, qolundan tutası, vəziyyətdən çıxarası adam arzulayır. Müqayisə nə qədər qüsurlu olsa da elə itlərin, atların, ağacların da adamı olmalıdır, dadına çatan, köməyinə yetən tapılmalıdır. Ağayar kişi sanki ürəyimdən keçənləri açıq kitab kimi oxudu.

-Qədeş, bu kanalın laləzar vaxtını da görmüşəm. Gömgöy, tərtəmiz suyu vardı, kənarında yaşıllıq salınmışdı, cürbəcür ağaclarəkilmişdi. Hər iki tərəfində ki, boş yerləri zavodda, tikintidə işləyənlərə bağ sahəsi kimi paylamışdılar. O vaxtdan mən də buradayam. Heç şəhərə getmirəm, bütün ili burada qalıram. Təəssüf, çox təssüf ki, kanalın, bağların bu kökə düşməsi elə mənim gözümün qabağında baş verib.Zir-zibil aylarla daşınmır, kanal da əsl çirkab yuvasına çevrilib. Buradan tutduğumuz balıqlar da qəribə iy verir. Elə-belə, xobbimdir, özümçün tutram.

Çox vaxt qaytarıb atıram suya. Suya deyəndə ki...

Deyirəm ki, qədeş, bu kanal bir varlı adama məxsus olsaydı yəqin qoymazdı bu günə düşməyə. İndir hamımızındır deyə bu günə qoymalıydıqmı onu... Yolqırağı ağacların, qazonun axırına da insafsızcasına çıxmışıq. İmkanlı adamlar yaxşı imarətlər ucaldıblar, heç olmasa yola-rizə də baxsınlar. Yaşıllığa, bu kanalın təmizliyinə də fikri versinlər. Allaha xoş gedər, inanın. Bax bu itlər ki var, vaxtilə həyətlərdə böyüyüblər, bəsləniblər. Sonra sahibləri bağ mövsümünün axırında buraxıblar küçələrə. İndi kimsəsizdirlər, adamsızdırlar. Ağayar kişi bu sözləri deyib susdu. Gözləri yaşarmışdı. Bəlkə elə o özü də adamsız idi... 

Sağollaşıb ayrıldıq. Dostumun maşnı ilə paytaxta, iş yerinə tələsirdim. Sumqayıtla Saray kəndini ayıran körpü, körpünün altından keçən dəmiryol xətti, qamışlığın içində itib batan kanal, sahibsiz, çəlimsiz küçə itləri, Ağayar kişinin rəngi-ruhu qaçmış, avazımış sifəti gözümün qarşısından getmirdi.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal