Modern.az

Jurnalist Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb - FOTO

Jurnalist Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb - FOTO

25 Avqust 2015, 17:26

 

Jurnalist Aida Eyvazlı bu gün Qazaxıstanın Astana şəhərində Beynəlxalq Türk Akademiyasında akademiyanın prezidenti Darxan Kuandikolu Xıdıralı ilə görüşüb.  Modern.az xəbər verir ki, jurnalist Azərbaycandan gətirdiyi türk dünyasının tarixindən, dünəni və bu günündən bəhs edən kitabları - millət vəkili Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi Qlobal İnteqrasiyanın Avropa modeli" kitabını, Azəri-Türk qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının türk dünyasına həsr etdiyi kitablarını və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabını təqdim edib. 

Görüş zamanı Türk dünyasının birliyinin möhkəmlənməsində Qazaxıstan və Azərbaycan prezidentlərinin həyata keçirdiyi əməli işlərdən danışılıb. 

Beynəlxalq Türk Akademiyasının yaranma tarixi barədə məlumat verən Akademiyanın prezidenti Darxan Kuandıkolu bildirib ki, Türk Akademiyasının yaranması barədə təklifi 2010-cu ildə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev təklif edib. 5 ildir ki, Astanada bu qurum fəaliyyət göstərir. Akademiya yarandığı gündən bir çox ilklərə imza atıb. Ötən il bu Akademiyanın divarları arasında Azərbaycan tarixində izləri qalmış Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin yubileyləri keçirilib. 1915-ci ildə qondarma erməni soyqırımının ildönümü ərəfəsində Parisdə Qazaxıstan Respublikasının təklifi ilə UNESKO-da “Dədə Qorqud mirası və Türk dünyası” adlı beynəlxalq simpozium keçirilib. 

Yeni yaranan Türk Akademiyasının kitabxanası da günü-gündən zənginləşir. Bu gün Türk Akademiyası kitabxanasında 31 mindən artıq kitab var. Burada azərbaycan bölümündə də kitablar yerləşir. Akademiyanın prezidenti bu günlərdə türk dünyasının məşhur araşdırıcısı, macar yazıçısı Mandoki Konur İştvvanın 13 min kitabını Beynəlxalq Türk Akademiyasına əmanət etməsini də böyük hadisə adlandırıb. Qeyd edib ki, Türk dünyasının tanınmış insanlarının belə kitabxanalarını bu akademiyada qəbul etməyə hazırdırlar. 

Darxan Xıdıralı eyni zamanda bildirib ki , Beynəlxalq türk Akademiyası bir sıra maraqlı konsepsiyalar hazırlayıb. Bu konsepsiyalardan biri də, “Türk Dünyasının İnteqrasiyası” proqramıdır. Bu konsepsiyada Türk dünyasının tanınmış oğlu İsmayıl Qaspralının “İşdə, dildə, əməldə birlik” ideyaları yer alıb. Akademiyanın gördüyü təqdirəlayiq işlərdən biri də Qazaxıstan məktəblərində 8-ci sinifdən başlayaraq Ortaq Türk Dünyasının Tarixindən bəhs edən kitabın tədris olunmasıdır. 

Akademiyanın prezidenti, kitabın Türk dünyasının bütün məktəblərində yayılmasını arzu edir. Maraqlı xəbərlərdən biri də odur ki, bu yaxınlarda qədim Altayda aparılan arxeoloji qazıntı zamanı qədim məzarların birindən yaşı uzaq keçmişə, Dədə Qorqud dövrünə aid qopuz tapılıb. Həmin qopuzu Türk Akademiyası bərpa etdirərək, indi burada saxlayır.

Jurnalist Aida Eyvazlı millət vəkili Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi Qlobal İnteqrasiyanın Avropa modeli" kitabının bir neçə dilə tərcümə edildiyini, bu günlərdə isə qazax dilində tərcüməsinin başlandığı haqqında Akademiyanın prezidentinə məlumat verib. Akademiyanın prezidenti belə bir kitabın zamanında yazıldığını, bütün türk dövlətlərində, eyni zamanda qonşu ölkələrdə də yayılmasının vacibliyini qeyd edərək bildirib ki, kitabın Qazaxıstanda nəşr olunması da Türk Akademiyası, qazax türkoloqları üçün maraqlı hadisə olacaq.

Modern.az
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal