Modern.az xəbər verir ki, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” - “Sumqayıt” matçında qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib.
Klubun rəsmi saytında verilən məlumata görə, şura sədri həmçinin 9 futbolçunun milli komandalarımıza dəvət olunmasına da münasibət bildirib: "Hazırda işgüzar səfərlə əlaqədar Azərbaycanda olmasam da, komandanın çıxışını izləyirəm və klubdaxili vəziyyət barədə şura üzvlərindən mütəmadi məlumat alıram. “Sumqayıt” klubu ilə oyunda qazanılmış qələbə münasibətilə futbolçuları təbrik edirəm. Düzdür, çempionata istədiyimiz kimi başlamamışdıq, amma bu qələbənin uğurun başlanğıcı olduğunu düşünürəm. İnanıram ki, çempionatdakı fasilədən sonra komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçusunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər".
Modern.az