Modern.az tərəkəmələrə həsr etdiyi yazılar silsiləsini davam etdirir. Bu dəfə tərəkəmə tayfalarından olan, uşaqlığı elə onların arasında keçən şair Dayandur Sevgin tərəkəmə həyatının qəribəlikləri haqqında danışacaq:
Bakıdan gələnlər elə bilirdilər...
- Tərəkəmələr çay yanında, bulaq yanında, yəni su olan yerdə məskən salıblar. Onların məskənləri hər zaman uzun müddətli olmayıb. Daha çox həm qoyunların əmələ gəldikləri görəndən, həm də daha uyğun otlaqlar tapandan sonra yerlərini dəyişiblər. Odur ki, biz elə Altaydan bu tərəfə qoyun otara-otara gəlmişik. Bu əslində maraqlı olduğu qədər də çox çətin bir işdir. Bakıdan gələnlər deyirlər ki, çox maraqlıdır. Amma bunun o qədər çətinlikləri var... Hər gün səhər saat beşdə haradasa 500-ə yaxın quzunu qoyunu əmmək üçün buraxırlar. Onlar analarını tapana kimi o qədər səs-küy olur. Eyni anda həm 500 quzu mələşir, həm də 500 qoyun. Bunun elə təkcə səs-küyü qulaq batırır.
Bu qoyun ki, var...
Qaydaya görə çobanlar səhər sübhdən qoyunları otlaqlara aparmalıdır. Çünki əgər sübh tezdən, məsələn, saat 5-6-da aparmasalar, qoyun gün ərzində doymaz, sonra da əmələ gəlməz. Qoyun otlayan zaman mütləq onun yanında insan olmalıdır. Çünki onun canında canavar qorxusu var. O qoyuna imkan vermir ki, doyunca otlasın. Odur ki, yanında insan olmayanda doymur. Bu da məhsuldarlığa çox mənfi təsir edir. Qoyun şüursuz heyvandır. Amma qorxu instinkti onda çox güclüdür. Odur ki, otlaya-otlaya da gözləri orda-burdadır.
Qan su yerinə axardı...
Tərəkəmələr arasında, o oba ilə bu oba arasında kütləvi davalar düşərdi. Əvvəlcə onu deyim ki, davadan qabaq obadakılar bir samovar ağ suya xeyli şəkər tozu qatıb onu şərbət kimi içərdilər. Çünki qolları qüvvətləndirir. Odur ki, davaya gedən hər oba üzvü ondan bir stəkan içərdi. Əllərinə qalın bir örtük bağlardılar ki, çomaq dəyəndə özlərini qoruya bilsinlər. Bir də görürdün ki, 30-40 adam bu tərəfdən, bir o qədər də adam o biri tərəfdən girirdilər davaya. Başları yarılan kim, qolu-qıçı sınan kim... Çoxlarını sonradan xəstəxanaya aparardılar. Bunların hamısını gözlərimlə görmüşəm. İş ondandır ki, onları ayırmaq da mümkün deyildi. Çünki araya girəndə çomaq sənə dəyəcəkdi.
Bir dəfə tez-tez danışan bir adam tələsik gəldi ki, davaya gedirik, tez şərbətləri içmək lazımdır. Adamlar da içib dava olan yerə yollandılar. Mən də uşaq idim. Təbii ki, araya girən deyildim, amma maraq üçün onların dalınca getdim. Dağın ətəyinə çatanda bir elin camaatı dağın aşağısında qalmışdı, bir elin camaatı isə dağın yuxarısında. Bu ona dedi ki, kişisən qalx yuxarı, o buna dedi ki, kişisən düş aşağı. Elə bir-birlərinə bunu deyə-deyə qaldılar. Dava da olmadı. Biz də təəssüf etdik ki, niyə dava olmadı və biz tamaşa edə bilmədik.
Çobanın gözü buludda olar
Söz yaradıcılığı elə tərəkəmədən gəlir. Qardaş, Bakıda oturan adam heç söz qoşa bilməzdi. Özün Bakıda yaşayan adamsan. Heç Bakıda yaşadığın vaxtı bir dəfə başını qaldırıb göyə baxmısan? Bakıda heç kim göyə baxmır. Hamı yerə baxa-baxa gedir. Amma kənddə adamın bir gözü həmişə göydə olur. Tərəkəmənin də gözü həmişə göydə olur. Qoyunu buraxır düzə, özü arxası üstə uzanıb göyü seyr edir. Buludlardan düzələn fiqurları sayır. Söz bax bu cür məqamlardan yaranır. Folklorumuzun bir çox gözəl nümunələri tərəkəmələrdən gəlib. Gözəl bayatılar, atalar sözləri yaradıblar.
Tərəkəmə sözü, çöl sınağı
Sənə bir atalar sözü deyim: “Öküz yükün əyməsə, daş qəribliyə düşməz”. Eşitmisənmi? İzahın deyim. Öküzə yük vururlar. Bir tay bu tərəfdə, o biri isə o tərəfdə olur. Tayın biri yüngül, o biri ağır olur. Ona görə qeyri-bərabərlik olduğu üçün tayın yüngül olan tərəfi əyilir. Bunun üçün onun üstünə daş qoyub bərabərləşdirirlər. Sonra mənzil başına çatanda həmin daşı öküzdən ayırıb tullayırlar. Bu o deməkdir ki, daş bir yerdən başqa yerə - qəribçiliyə düşdü. Ona görə deyirlər ki, əgər öküz yükün əyməsə, daş da qəribçiliyə düşməz. Bu, sonradan el məsəlinə çevrilib. Mənası başqadır. Yəni sən bu işi etməsəydin mən də onun güdazına getməzdim.
Qonaqlı-qaralı ellər
O vaxt tərəkəmədə belə bir adət var idi: Tutaq ki, dünən bir nəfər ona qonaq gəlibsə və qonağa heyvan kəsilibsə, tərəkəmə heç vaxt bu gün gələn qonağa dünənki heyvanın ətindən yemək verməzdi. Bu, həm qonaq, həm də tərəkəmə üçün təhqir hesab olunardı. Odur ki, yeni qonaq üçün yeni heyvan kəsilərdi. O da əvvəllər var idi, indi haradan olsun? Əgər qonaq maşınla gəlibsə, heyvanın bir şaqqasını da maşının yük yerinə qoyardılar ki, evinə, ailəsinə aparsın. Amma bəzi məqamlarda bu iş təmənnalı da olardı. Məsələn, professor tərəkəmələrə elə-belə qonaq gəlməzdi. Sən yəqin görməzsən, yaşın azdır, sovet dövründə pul verib uşağı universitetə qəbul etdirmək olurdu. Onlar da professoru razı salmaq üçün nətəhər lazımdısa, hörmətin edərdilər. Professor çox razı gedərdi. Seyran Səxavətin “Dağların o tayında qalan dünya” adlı əsərində bütün bunlar çox gözəl yazılıb. Seyran Səxavət də tərəkəmə həyatını çox yaxşı bilir. Amma indi o şeylər qalmayıb.
Getdi o günlər...
Kəlbəcərlə, Qarabağla, o dağlarla getdi o günlər. O günlər də getdi, o tərəkəmələr də. İndi İsmayıllıda, Şamaxıda, nə bilim haralardasa tərəkəmələr var. Amma onlar tərəkəmə deyillər? Tərəkəmə dediyin bir ay yol gedər, bir ay sürüsünü dağlardan aşırıb otlaqlara, yaylaqlara aparar. Qoyun da yolda bərkiyər, əmələ gələr. Amma indi... İndi sürünü səhər aparıb günorta geri qaytarırlar. Bu olmadı ki...
Qoyunu belə oğurlayardılar...
Qoyunu duzla bəsləmək lazımdır. Qoyun duzu çox sevir və nə qədər abağına töksən yeyir. Həm də qoyunun əmələ gəlməsi üçün düz çox vacibdir. Qabaqlar, hələ maşın olmayan vaxtlarda, atlarla, dəvələrlə yaylaqlara xeyli duz aparılardı. Elə qoyunu oğurlayanda daş duzdan istifadə edərmişlər. Bilirsən necə? Deməli, qoyunlar sürü halında otlayan zaman oğrular iri daş duza ip bağlayıb sürünün içinə salardılar. İp çox uzun olardı - haradasa 500 metr. Özləri də təbii ki, bu məsafədən gözləyərmişlər. Axşam düşəndə ipi yavaş-yavaş geri çəkərmişlər. Əlbəttə, duza alışan qoyunlar onun arxasınca gedərmiş. Beləcə, oğrular bu yolla bütün sürünü özləri tərəfə gətirər, gözdən-qulaqdan iraq yerdə istədikləri qədər qoyunu oğurlayarmışlar.
Tərəkəməçilik öldü, bir də dirilməz...
Zamanın gərdişi elədir ki, hamı gələcəklə hərəkət edir. Keçmişə fikir verən yoxdur. Odur ki, bir daha o torpaqlara gedən olmayacaq. Kimdir bir də tərəkəməçilik edən? O vaxtın tərəkəmələri indi kompüter arxasında oturub. Öldü tərəkəməçilik, bir də dirilməz.
Elə yeri gəlib, onlara aid yazdığım bir şeir də deyim:
Əl ağacı
Əl ağacı demə, xətrimə dəydi,
İgidin əlində ər ağacıdı.
Qurdu damaq eylər, oğrunu peşman,
Çobanın çiynində zor ağacıdı.
Qorxağın əlində darıxar, bezər,
Mərdlə hər ağrıya, acıya dözər,
Kişinin çiynində bayrağa bənzər,
Nakişi başında dar ağacıdı.
Barını gəzirik hey budaq, budaq,
Demirik bir yol da qolundan tutaq,
Pulluya sandıqdı, tüfəngə qundaq,
Qeyrət ağacıdı, ar ağacıdı.
Başda papağımız qeyrət tacımız,
Halala öyrəşib çörək sacımız,
Nə qədər sağıqsa əl ağacımız,
Öləndə qəbirdə gor ağacıdı.
Dayandur, şeir də dövlətdi, vardı,
Acgözə bu dünya özü də dardı,
Çolağa çəlikdi, bağbana bardı,
Dəryada gəminin dor ağacıdı.
Elmin NURİ