Modern.az

Nikah bağlamaq üçün 33 mindən çox şəxs müayinədən keçib

Nikah bağlamaq üçün 33 mindən çox şəxs müayinədən keçib

Təhsil

26 Avqust 2015, 18:25

“İyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib”.

Bu haqda Modern.az saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu bildirilir.

“Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu