Modern.az

Tibb Universitetində ilk dəfə böyrək köçürmə əməliyyatı - FOTO

Tibb Universitetində ilk dəfə böyrək köçürmə əməliyyatı - FOTO

27 Avqust 2015, 10:34

 

Bu günlərdə Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə  klinikasında universitet  tarixində  ilk  dəfə olaraq   böyrək  transplantasiyası  əməliyyatı  həyata  keçirilib. 1989-cu  il  təvəllüdlü  xroniki  böyrək  çatışmazlığından  əziyyət  çəkən  və   uzun müddətdir ki,  hemodializ  seansları  alan xəstəyə  anasından alınan  böyrək  köçürülüb.

ATU-dan Modern.az-a verilən məlumata görə, övladına  2-ci  dəfə  həyat verən  anadan - donordan  böyrək  alınma  əməliyyatı  Azərbaycanda  ilk dəfə olaraq endoskopik  (retroperitonoskopik)  üsulla  icra  edilib.

Hal- hazırda  donorun  (ana) və  xəstənin  (oğul)  ümumi  vəziyyəti  qənaətbəxşdir.  Əməliyyatda  ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü,  professor Nuru  Bayramovun  başcılığı  ilə klinikanın  baş  həkimi dos.Asiman Həsənov,  həkim-cərrah  Ruslan Məmmədov, həkim-uroloq  Fikrət Əhmədov, nefroloq  Orxan Quliyev, anestezioloq  Cavid  Paşayev  və  digər  tibb  personalından ibarət heyət  iştirak edib.

İstanbul  Bilim Universitetinin  professoru Barış  Akın  ATU-da icra edilən bu ilk  orqan köçürülməsi əməliyyatında  yaxından iştirak edərək  dəstək  olunub. ATU-nun rektoru,  akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olub, hər ikisinə şəfa diləyərək tezliklə sağalıb yaxınlarına qovuşmalarını arzulayıb.

Qeyd etmək lazımdır ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunub və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı tibb müəssisəsidir. 



Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu