“Manatın indiki məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazarındakı qiyməti nəzərə alınmır”. Modern.az saytı xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov açıqlama verib.
Ekspert qeyd edib ki, neftin dünya bazarındakı qiymətinin indiki kursa hər hansı təsiri yoxdur: “Bu baxımdan, neftin dünya bazar qiyməti yüksələn zaman manatın kursu düşə bilər və ya əksinə neft ucuzlaşan zaman məzənnə müqayisəli arta bilər. Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi təqdirdə bu davam edəcək. Neftin dünya bazar qiyməti isə birmənalı şəkildə indiki deyil, strateji məzənnəyə təsir göstərir.
Əvvəllər, Mərkəzi Bank bir valyutalı səbətdən istifadə edirdi. Məzənnə dollara birbaşa, digər valyutalara çarpaz müəyyənləşdirilirdi. Bu o demək idi ki, manatın dollara məzənnəsi dəyişmirdi və digər valyutaların ABŞ puluna kursu necə olurdusa, milli valyutamız da onlara uyğunlaşdırılırdı.
Yəni manatın dollara məzənnəsi dəyişmir, digərləri ilə isə dünya valyuta bazarındakı dəyişikliklərə uyğun tənzimlənirdi”.
Vüqar Bayramov deyib ki, bu ilin fevral ayından 2 valyutalı səbətdən istifadə edilir və artıq avro dollar ilə yanaşı dayanır: “Dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə, artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir. Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnəsi dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir.
Məsələn, avro dollara nisbətən 3 faiz möhkəmlənir. Mərkəzi Bank həmin kurs dəyişikliyini nəzərə alan zaman avronun manata məzənnəsi milli valyutamızın dollara kursuna nisbətən daha çox dəyişir.
Manat avroya nisbətən hiss edilən səviyyədə yumşalsa da, dollara nisbətən cüzi möhkəmlənir.
Yaxud əksinə, dollar avroya nisbətən 3 faiz dəyişirsə, o zaman manat Avropa puluna nisbətən kəskin möhkəmlənir, amma dollara nisbətən həmin faizlə ucuzlaşmır. Dollar/manat/avro nisbəti dolların avronun dünya bazarındakı məzənnəsinə tam uyğun olur.
Bu ona gətirib çıxarır ki, avronun manata kursu daha çox, dolların məzənnəsi müqayisəli xeyli az faizlə dəyişir. Mövcud valyuta səbətini qoruduğu müddətdə Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi halda neftin dünya bazar qiymətinə deyil, avro-dollar asılılığına əsasən kursu müəyyənləşdirəcək.
Deməli, Mərkəzi Bankı xüsusi kurs müəyyənləşdirməsə və Avropa pulu ABŞ valyutasını “künc”ə sıxışdıra bildiyi halda manat dollara qarşı möhkəmlənəcək”.
Gülşən RAUFQIZI