Modern.az

“Qəbələ”nin sabiq kapitanı ilə bağlı apelyasiya şikayəti verilib

“Qəbələ”nin sabiq kapitanı ilə bağlı apelyasiya şikayəti verilib

27 Avqust 2015, 14:18

“Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovla bağlı Səbayel rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.

Bu haqda Modern.az saytına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, müvafiq ərizəni Bakı Apelyasiya Məhkəməsinə təqdim edib: "Məhkəmə yaxın günlərdə keçiriləcək".

Avqustun 27-də Səbayel rayon Məhkəməsində Cavid Hüseynov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. Hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb. 

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Səbayel rayon Məhkəməsi Cavid  Hüseynovu həbs edib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbsqəti imkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır. 

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu