Modern.az

İdeoloji cəbhədə ən böyük qələbə

İdeoloji cəbhədə ən böyük qələbə

25 Avqust 2015, 20:55


Bir müddət öncə millət vəkili Flora Qasımova Qarabağla bağlı ayrıca televiziyanın yaradılmasını təklif etmişdi. Hətta yaradılacağı təqdirdə bu kanalın fəaliyyəti, strukturu haqqında da fikirlərini açıqlamışdı.

F.Qasımovanın fikrincə, bu televiziya kanalı bir neçə dildə yayımlanmalıdır: "Müxtəlif dillərdə yayımlanması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayar. Hətta təklif edirəm ki, bu televiziya kanalı elə erməni dilində də yayımlansın”. Belə bir kanalı yaradılması nə dərəcədə əhəmiyyətli və realdır? Bayağı şouların üstünlük təşkil etdiyi indiki televiziyalardan fərqlənən, ideoloji baxımdan üzərində böyük  yük daşıyan bir TV-nin ərsəyə gətirilməsi üçün nə lazımdır?

Əvvəl radio, sonra televiziya
Bu sualla müraciət etdiyimiz ekspertlər təkliflə razılaşdıqlarını dedilər. Qarabağ TV yaradılmasının kifayət qədər təqdirəlayiq təklif olduğunu deyən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, ayrıca Qarabağ televiziyası ideyasını reallaşdırmaq üçün radiodan başlamaq lazımdır:

"İlk növbədə Qarabağ radiosu yaradılmalıdır. Mərkəz isə Ağdamda və ya yaxın ərazilərdə yerləşməlidir. Razıyam ki, belə bir kanal müxtəlif dillərdə - ana dilimizlə yanaşı erməni, ingilis, rus dilində yayımlanması çox əhəmiyyətlidir. Radio müəyyən bir dinləyici auditoriyası topladıqdan sonra həm sayt, həm də televiziya variantı işə salınmalıdır”.

Dünyaya Dağlıq Qarabağ reallığını bəyan etməliyik

Q.Məhərrəmli hesab edir ki, kanalın mütləq 24 saatlıq yayım həyata keçirməsi vacib deyil: “Qarabağda, Xankəndində yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Orada formalaşan yeni nəsil öz tarixlərini, yalanla-gerçəyin fərqini bilməlidir. Biz bu kanal vasitəsilə onlara və bütün dünyaya bəyan etməliyik ki, Dağlıq Qarabağla bağlı reallıq heç də Ermənistanın iddiaları kimi deyil. Bu torpaqlar Azərbaycana məxsusdur və uzun illər hər iki xalq orada çiyin-çiyinə mehriban yaşayıb. Biz Qarabağ televiziyası vasitəsilə aramıza girən və bizi biri-birimizə düşmən edən qüvvələri onlara tanıtmalıyıq”.

Bu təklifin gecikmiş bir ideya olduğunu vurğulayan televiziya mütəxəssisinin  sözlərinə görə, yenə də gerçəkləşdirmək mümkündür: "Sadəcə, istək lazımdır. Çünki radio yaradılandan sonra yaradılacaq televiziya üçün pillə-pillə baza formalaşacaq. Bu istiqamətdə atılacaq istənilən addımda şəxsən mən hər cür dəstəyə hazıram”.

İlk qələbəmizi ideologiya cəbhəsində qazanmalıyıq

Ekspert, yazar Vüqar Tofiqli deyir ki, millət vəkili  xanım Flora  Qasımovanın bu təklifini təqdirəlayiq hesab edir. Çünki bu günkü televiziyaların əksəriyyətinin milli-mənəvi dəyərləri zəif təbliğ etdiyini nəzərə alsaq, onda bu televiziyanın açılmasının böyük rolu ola bilər.

Onun sözlərinə görə, hər bir dövlətin əsasını ideoloji iş  təşkil edir. Yüksək ideoloji iş ölkənin həm müdafiə gücünə, həm də iqtisadi potensialına bərabər  tutulur.

Və bu sahədə Azərbaycanda kifayət qədər iş görüldüyünü xatırladır: “Fikrimcə, müharibə şəraitində olan ölkəmizin də ideoloji işi yüksək qurulmalı və ilk qələbəmizi də məhz bu cəbhədə qazanmalıyıq. Deməliyəm ki, görülən işlər göz önündədir. Azərbaycan on il əvvəlki Azərbaycan deyil. Bütün sahələrdəki irəliləyişimiz və qazandığımız nailiyyətlərin kökündə ideoloji işin uğurları da dayanır.  İstər “Avroviziya”  müsabiqəsi,  istərsə də ilk Avropa oyunları ölkəmizin təbliğində ciddi rol oynaması şübhəsizdir”. 

Amma ekspert onu da etiraf edir ki, nə qədər ölkəmizi təbliğ etsək də, hələlik son istəyimizə çatmamışıq: “Yəni Qarabağımız düşmən tapdağı altındadır.  İyirmi ildən artıqdır ki, istəyimizi həyata keçirə bilmirik... Gec-tez torpaqlarımıza qayıdacağımıza şübhəm yoxdur. Amma əlimizi yana salıb gözləmə mövqeyində  də qala bilmərik”.

Müsahibimiz vurğulayır ki, məhz bu məqamda ideoloji işə üstünlük verməliyik: “Unutmaq olmaz ki, Qarabağsız böyüyən gəncin  25 yaşı tamam olub. Bu gənc öz doğma yurd-yuvası, el-obası barədə, işğal altında qalan maddi-mədəni irsimiz barədə  nə qədər məlumatlıdır?  Sabah doğma yurduna qayıdan gənc hansı hissləri keçirə bilər. Bilirikmi?” 

V.Tofiqlinin fikrincə, bu suala ən doğru cavabı “Qarabağ” televiziyası verə bilər. Çünki televiziya ideologiyanın ən aparıcı qüvvəsidir. ABŞ-ın İraq və Yaxın Şərqdə apardığı müharibələri zamanı telekanalların oynadığı rolu əvəzsizdir. Bu gün Rusiyanı götürək. Ölkə ən gərgin dövrü yaşasa da, televiziyaların sivil yolla dövlət siyasətini təbliğ etməsi əhalidə dövlətə etimadı və etibarı dayanıqlı edir.

Ekspert əmindir ki, “Qarabağ” Televiziyasının məhz cəbhə zonasında açılması, orada fəaliyyət göstərməsi güclü ötürücülərlə Ermənistana kimi ən sadə üsullarla yayılması qələbəmizi bəlkə təmin edə bilər və ya ən azı Qarabağımızı bizə yaxınlaşdıra bilər. Üstəlik ermənicə verilişlərin təşkili, ermənilərə özlərinin fitnəkarlığını isbat edən verilişlərin göstərilməsi, erməni şovinizminin açılmasında rolu əvəzsiz olacaqdır.


Qarabağla bağlı nə varsa, hamısına müsbət yanaşıram

Bunu Modern.az saytına “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. O, deputat Flora Qasımovanın “Qarabağ” TV yaradılması təklifinə münasibət bildirərkən deyib ki, belə bir televiziya kanalının yaradılması əla olar:

“Bizim hər yerdə nümayəndəmiz var. İstənilən tədbirə dəvət zamanı mütləq iştirak edirlər. Amma ayrıca televiziya kanalının yaradılması yaxşı olardı. Deputatın təklifini mən də dəstək verirəm. Təki belə bir kanalın ərsəyə gəlməsi mümkün olsun. Amma bu təkcə bizim təkliflərimizlə başa gəlmir, müvafiq dövlət qurumları bu işlə məşğul olmalıdırlar”.

Qarabağ həqiqətlərini çatdıran kanallar kifayət qədərdir  

Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov isə deyib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən kifayət qədər teleradio yayımçısı var ki, onların hər biri Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində öz töhfələrini verir, bu işə həssaslıqla yanaşırlar. Qurum rəsmisinin sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən yayımçılar bu vəzifənin icrası ilə xüsusilə məşğuldurlar: "Bundan başqa, bildiyiniz kimi, MTRŞ tərəfindən 2013-cü ildə "Caspian İnternational Broadcasting Company” şirkətinə 6 illik lisenziya verilib. Bunun nəticəsində TV peyk vasitəsilə dünyanın müxtəlif ərazilərinə yayımlanır və ölkə həqiqətlərinin, milli-mədəni irsimizin, o cümlədən Qarabağ həqiqətlərinin müxtəlif xarici dillərdə dünyaya çatdırılmasına öz töhfəsini verir”.

Təvəkkül Dadaşov bu sahədə hər zaman işlərin görüldüyünü diqqətə çatdırıb: "Hazırda bu işlərlə məşğul olunur. Lakin ehtiyac olacağı təqdirdə bu istiqamətdə yenə də tədbirlər görüləcək”.

“Niyyətimdən geri çəkilməyəcəm”

MTRŞ nümayəndəsinin bu fikirləri isə təklifin müəllifi tərəfindən təəssüflə qarşılanıb. “Mən irəli sürdüyüm təklifi reallaşdırmaq üçün əlimdən gələni etməyə hazıram. Amma Milli Televiziya və Radio Şurası bu istəyimə müsbət cavab vermədi”. Bunu Modern.az saytına deputat Flora Qasımova bildirib. O, qurumun bu reaksiyasının onu məyus etdiyini deyib: “Onlar əsas olaraq Azad Azərbaycan teleşirkətinin “CBC” kanalının olmasını əsas gətiriblər. Amma məsələ burasındadır ki, mən Qarabağa aid ayrıca kanalın yaradılmasını təklif edirəm.

Qurumun bu açıqlaması mənim bir qədər geri çəkilməyimə səbəb oldu. Gözləyirdim ki, məni dəstəkləyənlərin başında məhz Milli Televiziya və Radio Şurası gələcək. Amma olmadı”.

Flora Qasımova bu istiqamətdə işləri davam etdirəcəyini də vurğulayıb: “Nəzərdə tutduğum iki məsələdən biri məhz budur. Növbəti parlament seçkilərindən sonra deputat seçilərəmsə, mütləq bu televiziyanın yaradılmasına çalışacağam. Yaşlı ermənilər azərbaycanca bilir və bizim kanalları rahatlıqla izləyib məlumat ala bilirlər.

Mənim istəyim indi yetişməkdə olan ermənilər üçün nəzərdə tutulmuş kanaldır. Necə ki ermənilər öz “həqiqət”lərini azərbaycanca yayır, biz niyə bunu etməyək?! Biz təbliğatımızı onların öz dilində çatdırmalıyıq.

P.S. Yazı  QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə gerçəkləşən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində dərc olunur.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal