Modern.az

Aşıq toyu

Aşıq toyu

31 Avqust 2015, 10:10

                                          (hekayə)

Kərəm kişinin evində əsl toy-bayramdı. Nəvəsinin qırxı çıxırdı. Bu, onun dördüncü oğul nəvəsiydi. İndi evdə, maşallah, altı kişiydilər. Bircə oğlunu boya-başa çatdırıb evləndirənə qədər gecə-gündüz Tanrıya pənah aparmışdı. Nəslinin kəsilməsindən yaman qorxurdu. Ötən illəri səksəkə içərisində keçirən Kərəm kişinin indi xoşbəxtliyi başından aşırdı. Qəribəydi, nəvələri – özü də hər dəfə oğlan uşağı dünyaya gəldikcə, oğlu Nəsimi onun üçün daha da şirinləşir, əlahiddələşirdi. Cəmiyyətə yararlı övlad böyütməsindən, oğlunun da ümidini doğrultmasından, ən başlıcası, taleyin onun üzünə gülməsindən məmnundu. İllər boyunca yeganə oğlunu qoruması üçün pənah apardığı Tanrıya duaçı olmaqdan yorulmurdu.

         Nəsiminin işdən qayıtması ilə onsuz da çırağı gur yanan bu evdə elə bil Günəş doğurdu.

-      Qəlbən təbrik edirəm səni, oğlum, o gün olsun ki, sevincdən sənin də köksün kükrəsin, bolluca baba qüruru keçirəsən.

-      Sağ ol ata, mən də səninlə fəxr edirəm.

-      Dayan, dayan, gözümə bir təhər dəyirsən, sözlü adama oxşayırsan?!.

-      Yox, ata, vallah heç bir problem yoxdur...

-      Xahiş edirəm, düzünü de, mən səni beş barmağım kimi tanıyıram, fikrin yaman uzaqlardadır. Elə bil, məyussan?!. Mütləq bunun çox ciddi səbəbi var, xarakterinə bələdəm, gizlətmə, de...

-      ...

-      Oğlum, olmuya, uşaqların gələcəyi səni narahat edir... Darıxma, sizə bu payı verən Tanrı onların da ruzisini, qismətini yetirəcək...

-      Yox, ata, o sarıdan problem yoxdur, şükür Allaha...

-      Bəs, nədi sənin dərdin bala?!.

-      Heç bilmirəm, necə deyim ki, fikrimi dəqiq çatdırım... Ata, məni ağrıdan dilimizin saflığının itməsidir, xüsusilə, artıq ziyalılarımızın belə ana dilində fikirlərini dolğun, səlis və rəvan çatdıra bilməmələridir!?.

-      Anladım səni, başına dönüm... Bu, millətin bəlasıdır, tək sən çəkəsi yük deyil. Çoxları sən dərddədir...

-      Bax, ata, sən də ziyalısan, elə götürək bu günü... Bizim universitetdə adlı-sanlı idmançılarla görüş idi. İnanırsan, dünyanın, Avropanın tanınmış idmançılarına üstün gələn çempionlarımızın bircəciyi belə nə demək istədiyini bizə ağıllı-başlı çatdıra bilmədi. Mən azərbaycanlıları deyirəm e... Hiss eləyirsən ki, maraqlı nəyisə söyləmək istəyirlər, di gəl, hamısı alayarımçıq, fikirlərini səlis çatdıra bilmədilər ki, bilmədilər. Əlacsızlıqdan bəziləri keçdi rus dilinə, o dəqiqə başladılar bülbül kimi ötməyə... Dərd orasındadır ki, xüsusi fikir verdim, idmançıları təbrik edən müəllim yoldaşlarımın, tələbələrin çoxu belə danışdılar da, danışmasalar ondan daha yaxşı...

-      Oğlum, sən dilçisən, bunu incəliyi ilə duyursan. Təsəvvür et ki, indi çoxumuz dilimizi nə qədər kasıblaşdırdığımızın, cılızlaşdırdığımızın mahiyyətinə vara bilmirik!?. Dədə-babalarımızın ən gözəl sözlərinin əksəriyyətini yaddan çıxarmışıq, işlətdiyimiz sözlərin çoxunu isə düzgün tələffüs etmirik?!. Dərdin böyüklüyü bundadır... Heyf, sədd heyf ?!.

-      Ata, ən dəhşətlisi odur ki, xüsusilə “jurnalist”lər qədər bu dilə balta vuran yoxdur?!. Vaxtilə yazıçılarımız, şairlərimiz, jurnalistlərimiz bacardıqca dilimizin keşiyindəydilər, onlardan bəziləri isə dilimizin daha da zənginləşməsi üçün əsl milli qeyrət nümunəsi göstərirdilər. Məktəblərinsə adam heç adını belə tutmaq istəmir. Dərsliklər elə bir kökə salınıb ki, şükür hələ bir təhər fikrimizi çatdıra bilirik. Dilimizin tələffüsünün bərbadlaşmasının, köklü dəyişikliklərə uğramasının da kimsə mahiyyətinə varmaq istəmir. Bunun ən böyük səbəblərindən biri rusun sözünü rus, ingilisin sözünü ingilis, fransızın sözünü fransız kimi dəqiq tələffüs etmək üçün ağzımızı əyməyimizdədi. Elə ki, soydaşlarımızdan kimsə əcnəbi sözləri öz dilimizə uyğunlaşdırıb danışır, “əkə” deyib başlayırıq onu lağa qoymağa. Bax beləcə, ağzımızı əyə-əyə tədricən danışıq tərzimizi də itiririk. Ata, gürcü, erməni, latış, qazax, nə bilim, istənilən digər millətin nümayəndəsi rus və ya ingilis dilində danışanda o dəqiqə ayırd edə bilirsən ki, bu hansı millətdəndir. Di gəl, azərbaycanlı əcnəbi dillərdə danışanda heç azərbaycanlıların özləri belə onun millətini dəqiq təyin edə bilməzlər?!.

-      Oğul, əslində, aşıq toylarının aradan çıxmasıyla getdi dilimizin bərəkəti!!!

       Atasının bu qənaəti Nəsimini yaman tutdu. Ani tərəddüddən sonra birnəfəsə dilləndi:

-      Ata, xahiş edirəm, tezliklə mütləq yaxşı dəllək tapasan, uşaqların dördünü də birdən müsəlman edəcəm. Lap yerinə düşdü. Böyük oğlum da bu payız məktəbə gedəsidir...

     Çaşqın vəziyyətdə qalan Kərəm kişi çəkinə-çəkinə soruşdu:

-      Xeyirdimi, oğul, bu qəfil tələskənlik nəyə lazımdır?!.

-      Xeyirdir, ata, xeyirdir... Sən dəllək axtararsan, mən də keçmiş tələbə yoldaşlarımın köməyi ilə Azərbaycanın bütün bölgələrindəki əsl aşıqları soraqlayacam, gələn həftə toydu... Özü də aşıq toyu... Mən balalarımın öz doğma südnən, sümüynən gələn dilində alayarımçıq danışmalarına razı ola bilmərəm. Müsəlman olmaqla yanaşı onların öz dilimizlə bağlı xeyir-duasını aşıqlarımız verməlidirlər... Heç o yan, bu yanı yoxdur...

-      Halal olsun, oğul... Bir daha sənə heyran qaldım. Deyirəm, bəlkə, üçünü sünnət etdirək, bu balacanı saxlayaq sonraya, lap körpədi axı?!. Onsuz da ağlamağına ara vermir... Necə məsləhətdir?!.

-      Yox, yox, ata, məhz onun üçün elə əsl məqamdır, heyf, o biriləri üçün bir az gecikmişik... Onlar hələ qundaqdaykən müsəlman olmalı və doğma dilimizin şəddi-şirəsini duymağa başlamalıdırlar...

-      Sözüm yoxdur, oğul, tam razıyam. Həm də bu sənin haqqındır, övladlar sənindir!!!  

       Bir həftə sonra Kərəm kişinin həyətində bir çal-çağır başladı ki, gəl görəsən... Dədə-baba qaydasınca qurulmuş toy mağarında aşıqlar meydan sulamağa başladılar, sözdən qurşaq tutdular. Aşıq Ədalət, Aşıq Əhliman, Aşıq Qələndər, Aşıq Xanış, Aşıq Kəmalə, Aşıq Ulduz, Aşıq Mübariz, Aşıq Hacı, Aşıq Gülarə Azaflı, Aşıq Solmaz, Aşıq Samirə, Aşıq Əvəz, Aşıq Mahmud, Aşıq İsfəndiyar, Aşıq Məlik, Aşıq Sayad, Aşıq Abas və elimizin-obamızın digər tanınmış söz ustadları telli sazı sinələrinə basıb, elə bir büsat qurdular ki, azca keçmiş mağar toy əhlinə darlıq elədi. Arılar ətiri bihuşluq doğuran çəmənlərə, bağlara üz tutduğu kimi camaat da başladı Kərəm kişinin məhəlləsinə axışmağa...

-      Oğul, deyəsən, bizi işə saldın axı?!.  

-      Ata, darıxma, Allah kərimdir. Bir şey fikirləşərik. Vallah, sevincimin həddi-hüdudu yoxdur. Gör, əslində bizim millətin qan yaddaşı nə qədər dərin və tükənməzdir?!.

-      Oğul, mənsə başqa cür deyərdim, gör, ulularımız bizə nə qədər mükəmməl milli-mənəvi sərvətlər miras qoyub gediblər. Bizsə, yadların qəlp dəyərlərinə uyub, bu cür dağ ağırlığında xəzinəmizə yiyə dura bilmirik?!.

      Mağarda iynə atsan yerə düşməzdi. Nəhayət, ağsaqqallar məclisin yaxınlıqdakı geniş futbol meydançasında davam etdirilməsini məsləhət bildilər. Ağsaqqalların qarşısında aciz qalan stadion rəhbərliyinin burada mağarların çatılmasına icazə verməkdən başqa çarəsi qalmadı. Bircə saatın içində neçə-neçə mağar bir-birinə calandı, səbəbkarların dördü də keçirildi yuxarı başa. Məclis qızışdı, nə qızışdı. Çoxdandı dədə-baba qaydasınca aşıq toyu üçün burunlarının ucu göynəyən ustadlar başladılar bəhsə-bəhsə, deyişməyə... Dastanlarımız, nağıllarımız, şifahi xalq ədəbiyytamızın inciləri bir-birini əvəzlədikcə məclis coşqun dəniz tək çağladı. Ağlı kəsəndən aşıq toyunun sirri-sehrinə düşənlər bu ahıl çağlarında elə bil təzədən doğulmuşdular, hətta, bəzilərinin yanaqları göllənmişdi. İlk dəfə bu cür toya tamaşa edən yeniyetmə və gənclər də sanki başqa planetdəydilər. Məclisin yenidən axara düşdüyü məqamda Kərəm kişi oğluna sarı əyilib Nəsimiyə sonbeşiyini nişan verdi.

-      Oğul, bayaqdan məəttəl qalmışam balacaya... Fikir ver, bu qədər səs-küyün içində neçə saatdır bircə dəfə də olsun cınqırı çıxmayıb. Elə bil, gecə-gündüz ağlamasın deyə bizi başının üstə keşik çəkdirən bu deyil?!. Allah, şükür sənin kəramətinə!!!

      Nəsimidə bu reallıq qarşısında aciz qaldı, deməyə söz tapmadı. Beləcə həmin günü mağarda Dədə Qorqud ruhu cövlan elədi. Kərəm kişiyə, Nəsimiyə təbriklərini, yenicə müsəlman olanlara isə xeyir-dualarını yetirənlər günlərlə bu toyun zəngin təəssüratını bölüşdülər.

        Illər bir-birini əvəzlədi. Hər dəfə Nəsimi həyat yoldaşı ilə birgə toya getməyə hazırlaşanda uşaqları sevincək “Ata, ata, aşıq toyudur?!.” –deyə soruşanda onun susmaqdan başqa çarəsi qalmırdı... Ta böyük oğluna toy eləyənədək... Həmin aşıq toyunda da iynə atsaydın yerə düşməzdi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu