“Nərimanov rayonu ərazisində yerləşən 73 saylı orta məktəb söküləcək”. Bu haqda Modern.az saytının sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva məlumat verib.
Sektor müdiri deyib ki, məktəbin söküntüsü növbəti il üçün planlaşdırılıb:
“Azərbaycan prezidentinin 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən Nərimanov rayonu 73 saylı tam orta məktəbin sökülərək yenidən tikilməsi nəzərdə tutulub. İşin icrasına 2016-cı ilin yay aylarında başlanması gözlənilir”.
Bu məktəbdə təhsil alan şagirdlərin aqibətinə gəlincə, qurum rəsmisi belə deyib: "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na icraçısı Bakı Şəhəri İcra Hakimiyyətidir.Tikinti müddətindən asılı olaraq müvafiq qərar veriləcəkdir".
Məktəbdə çalışan müəllimlərin və övladları burada təhsil alan valideynlərin Modern.az-a bildirdiyinə görə isə təhsil ocağının sökülkəndən sonra yenidən tikiləcəyinə inanmırlar. Çünki 73 saylı məktəb Nərimanov ərazisindəki Böyük Şor adlanan yaşayış sahəsində yerləşir. Bu ərazinin isə yaxın gələcəkdə tədricən sökülməsi planlaşdırılır. Məktəbdə çalışan müəllimlərə özlərinə yeni iş yeri tapmaları üçün xəbərdarlıq edildiyi də bildirilir.
Gülşən RAUFQIZI