Sağlam adamlar həyatı sevirlər – şirini, acısı ilə birgə. Onun haqqında yazarkən ağlıma gələn ilk fikir bu oldu. Onu hər zaman nikbin, ovqatlı, gülümsər gördüm, hətta işinin başından aşdığı vaxtlarda da, içində ağrısı, problemi olanda da. Nikbinlik – həyatı olduğu kimi qəbul etdiyindəndir, yaxşı bilir, bu dünya sevincdən də, kədərdən də xali deyil. Xoş ovqatı, gülümsər çöhrəsi insanları sevməyindəndir. Ən əsası isə odur ki, üzünün ifadəsi hansısa təmənna xatirinə çöhrəsinə qonan süni, qeyri-səmimi görüntü deyil. “Hər kəsin sizi sevməsini istəyirsinizsə, gülümsəyin” deyən Deyl Karneginin tövsiyyəsi kimi umacaqlı da deyil...
Gör, nə vaxtdan tanıyıram onu. Neçə illərdir “doğma ocaq”da bir yerdəyik – Azərbaycanın 1 nömrəli televiziyasında, AzTV-də. AzTV təkcə bizim üçün yox, çoxları üçün bu statusdadır. İlk TV kimi onu görmüşük, ona heyrətlənmişik, bizə televiziyanın nə olduğunu o göstərib. Saysız-hesabsız telekanalların meydanda olmadığı vaxtlarda dünyanı evimizə gətirib, bizi çox mətləblərdən xəbərdar edib. Hələ ona baxa-baxa əlçatmaz bir arzu da keçib xəyalımızdan: “Orada işləyə bilsəydim...” Vaxt gəlib bu arzu da gerçəkləşib. Amma AzTV təkcə ona görə isti ocaq deyil ki, orada işləyirik. O, bizi, həm də cəmiyyətə təqdim edib, bizə çoxlu dost qazandırıb. AzTV-nin 30 ildən artıq müddətdə mənə tanıtdığı və əzizlərimin sırasına yazdığı insanlardandır Mülatif müəllim – AzTV məktəbinin müəllimlərindən biri, qocaman jurnalist, Prezidentin fərdi təqaüdçüsü Mülatif Adurov...
****
Ənənəvi səslənsə də, deyəcəyəm: özünü və ömrünü jurnalistikaya həsr edib. Jurnalistikaya yolu 21 yaşından, “Sovet Ermənistanı” qəzetinin redaktoru, dayısı Cəfər Vəlibəyovun yanından başlayıb. Onda Qərbi Azərbaycanda, Böyük Vedidə yaşayırmış. 1951-də deportasiya olunublar, Bərdədə məskunlaşıblar... Sonra... 1966-da, tələbə vaxtı “Bakı” və “Baku” axşam qəzetlərinə dəvət olunub. Qəzetin yaradıcısı, baş redaktoru, jurnalistikamızın nüfuzlu simalarından biri, hər birimizin unudulmaz müəllimi Nəsir İmanquliyevdən əsl qayğı görüb, onu işə, məhz Nəsir müəllim götürüb. O illərdə yumoristik yazıları, felyetonları, hekayələri, lətifələri ilə daha çox tanınıb. Hətta Nəsir müəllim “redaksiyamızın Əziz Nesini” deyib ona. 14 il çalışıb bu qəzetdə. İndiyədək dilindən düşmür o illər də, qayğı gördüyü insan da. Deyir, Nəsir İmanquliyevin yetirməsiyəm, onun “şineli”ndən və sınağından çıxmışam. Hələ evlənəndə elçiliyini də Nəsir müəllim edib, ev almağına da kömək göstərib. İllər keçir, ömür ötür, yaxşılıq da, pislik də unudulmur... Müəllimi və xeyirxahı haqqında “Dəyərli insan” adlı bir yazısı da var. “İşçinin qüsurunu üzə vurmazdı, dolayısı yolla bunu yumor dili ilə elə çatdırırdı ki...” deyir həmin yazıda. Nəsir müəllimi, həm də “qartal gözlü redaktor” kimi xatırlayır. Özü də eynən müəllimi kimi rəftar edərdi “Xəbərlər”in əməkdaşları ilə, redaktor kimi də gözündən heç nə yayınmazdı. Elə indi də redaktənin ustasıdır...
****
1980-in 1 yanvarından indiyədək AzTV-dədir. Beynəlxalq Radio Verilişlərində şöbə müdiri olub, TV-nin “Səhər görüşləri”, “Dalğa” proqramlarında, İctimai-siyasi proqramlar redaksiyasında böyük yol keçib. 1996-2006-cı illərdə AzTV-nin “gözünün işığı” “Xəbərlər”də əvvəlcə baş redaktor müavini, sonra baş redaktor işləyib...
2006-cı ilin dekabrından isə ona efirdən əvvəl verilişlərin ideya-bədii səviyyəsinə nəzarət edən komissiyanın üzvü kimi daha məsuliyyətli iş həvalə olundu. 2011-in oktyabrında, sağ olsun Arif müəllimi (Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri), onu yenidən “Xəbərlər”ə qaytardı – baş redaktor müavini kimi, yəqin, buradakı fəaliyyətini daha gərəkli hesab etdiyindən. Həmin gün, bəlkə də, məndən çox sevinən olmamışdı. Dəyərdi bu sevinməyə... Amma çox keçmədi ki, o, “Xəbər otağı”nda hamının sevimlisi oldu, xüsusilə təzə gələn gənclərin. İndi onu özünə müəllim hesab edənlərin sayı daha çoxdu...
Yeri gəlmişkən, ömrü boyu cəmi iki iş yeri olub Mülatif müəllimin. Və indiyədək nə “Bakı” və “Baku”nun, nə də AzTV-nin təəssübünü, namını heç kimə verməyib...
****
Mülatif müəllim xoşbəxt adamdı. Elə təkcə ona görə ki, onu tanıyanları peşman etməyib heç vaxt. Dünənində qalanlar da, bugünündə olanlar da, uzun illərin dostları, həmkarları da, elə dünən televiziyaya ayaq açan gənclər də ürəkdən “Nə yaxşı, sizi tanıdıq” deyirlər. Kiminin yadında sadəcə jurnalist kimi qalıb, kiminin yadında daha çox tənqidi yazılar müəllifi kimi. Kimi bədii yazılarını indi də xatırlayır. Kimi isə onu işçisinə dəyər verən, müdafiə edən, hətta yeri gələndə onun xətasını, səhvini belə üzərinə götürərək, özünü zərbə altında qoyacaq qədər mərd baş redaktor kimi yada salır. Bütün bu xatırlamaların kökündə isə onun jurnalist kimi peşəkarlığı, rəhbər işçi kimi idarəçiliyi ilə yanaşı, insanlığı da dayanır, məncə. Birgə işlədiyimiz illərdə mən onu insan kimi daha yaxşı “oxuya” bildim. O, ən çətin məqamlarda da insanlığını itirməyib, heç kimə, heç nəyə münasibəti dəyişməyib. Onun kiminsə haqqında pis danışdığını, kimisə nifrətlə yada saldığını eşitmədim. Mən bir şeyə də gün kimi inanıram ki, o, hətta fikrində, düşüncəsində belə bir kimsəyə zərər vurmayıb, hətta bunu istəməyib də. Hərdən fikirləşirəm, görəsən, heç ömrü boyu qarşısına pis adam çıxmayıb? İnanmıram... Sadəcə, o, pisləri görmür, pisliyi xatırlamır, çünki xoşniyyətlidi. Onu da bilməmiş deyil ki, yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Əslində, hamı haqqında yaxşı danışmaqla elə özünü tanıdır, özü haqqında danışır...
****
Mülayim, təmkinli insandı Mülatif müəllim. Bu sıraya mütləq həssas, kövrək, ürəyiyumşaq sözlərini də əlavə etmək lazımdı. O, bəlkə də, tanıdığım insanların ən ürəyiyuxasıdı.
...Komissiyada işlədiyi vaxtlar idi. Onda az-az görürdük bir-birimizi. Hərdən televiziyanın həyətində rastlaşardıq. Bir dəfə qarşılaşdığımızda daha çox ləngidi, sözlü adama oxşayırdı. Həmişəki kimi yenə gülümsünürdü, amma təbəssümündə bir təəssüf, məyusluq, peşmançılıq aydın hiss olunurdu, sanki nədəsə günahkar idi. Yalançı təvazökarlıq etməyəcəyəm, əvvəlcə yenə ünvanıma təriflər söylədi və bir an duruxdu, gözləri doldu. “Bilirsən, hər dəfə sənin səsini eşidəndə, özümü danlayıram... O qədər peşman oluram ki, niyə “Xəbərlər”də sənə layiq olduğun diqqəti, qayğını göstərməmişəm...” Nəyi dediyini göydə tutdum, əslində, o, fikirləşdiyi anlamda həqiqəti söyləyirdi... Mənim nəzərimdə isə ondan hər zaman gördüyüm çox fərqli, çox uca, çox səmimi münasibətin qiymətli yox idi... Bunu xatırlatmaya da bilərdim bu yazıda. Amma həmin gün illər sonra edilən səmimi etirafın özü məni olduqca təsirləndirmişdi. Onun böyüklüyü idi bu. Böyüksənsə, etiraf edə bilirsən... Mənsə bu etirafın qarşısında çiynimi çəkərək: “Niyə elə düşünürsünüz? Sizdən həmişə qayğı görmüşəm...” demişdim. O isə əlini təəssüflə yellədərək uzaqlaşmışdı...
****
Yenidən “Xəbərlər”ə qayıtdığında hər gün mənimlə salamlaşıb sonra gedərdi otağına. Əvvəlki “Xəbər otağı”nda otağı ayrı idi. Hal-əhval tutardı, Böyük Vedini xatırlayardı, Ağdamdan danışardı... İndi də hər dəfə onunla söhbətləşəndən sonra elə bilirəm gedib Ağdamı görüb gəldim. Ordakı adamların qibtəediləcək sadəliyi, doğmalığı, saflığı var onda...
Bir dəfə çox fikirli idim, lap bulud kimi dolmuşdum, bir himə bənd idim, çırtma vuran olsaydı... Gördü, başımın üstünü aldı. Məni ovundurmaq istədi. Zarafatla: “Gəmilərin batıb?..” dedi. Yox, bu həna o hənadan deyildi, bu dəfə məni ovutmaq, “dünəndən bu günə qaytarmaq” asan olmayacaqdı. Əksinə, doğmasını görən uşaq kimi daha da kövrəldim. Başladım, nə başladım: “Ağdamdakı günlər üçün burnumun ucu göynəyir, evimizə getmək istəyirəm, Mülatif müəllim. İstəyirəm, yenə atam davazanı açsın üzümə, anamın gözlərindən öpüm, qardaşımın boynuna sarılım... Həyətimizdəki gilas ağacının altına xalça salıb kitab oxuyum...” Sözümün ardını gətirə bilmədim... Sonra da sanki kömək umurmuş kimi gözlərimi ona zillədim. Ay aman! O, məndən betər gündə idi ki! Gözləri qan çanağına dönmüşdü...
Çox olub belə hallar. Çox kövrəltmişəm onu...
****
...Həm də zarafatcıldı Mülatif müəllim, yumor hissi güclüdür, baməzə söhbətləri, mənalı zarafatları var. Bir zarafatı düşdü yadıma... Bir səhər tezdən işə gələn kimi məni yanına çağırıb gülə-gülə dedi: “Bu gecə elə rahat yatmışıq ki...” Başa düşmədim, təəccüblə üzünə baxdım. “Natiqlə (oğlum Natiq onda əsgərlikdə idi) danışanda de ki, Mülatif müəllim Vətənin bütün əsgərlərinə salam deyir...” Nəyə işarə etdiyini anladım. “Elə deyirəm ki, ürəyin xarab olmasın, biləsən ki, burada da sənin övladından xeyir görənlər var...” dedi. Əslində, məqsədi əsgərlikdə olan oğlumla maraqlanmaq idi. Heç vaxt heç nə onun diqqətinsdən yayınmır...
****
Mülatif müəllimin dilindən düşməyən bir insan da var. O insan ki, onu “səhər işə, axşam evə” tələsdirib, hər səhər min bir qayğı ilə yola salıb, axşam intizarla yolunu gözləyib. Bu günün özündə də belədir...
Həyat yoldaşı Zemfira xanım. Sözün hər mənasında gözəl xanım. İş-gücü, peşəsi öz yerində, amma Mülatif müəllim taleyinə ən çox bu qadına görə minnətdardır. Birlikdə isti ocaq qurublar, bir oğul, bir qız böyüdüblər, nəvə sahibi olublar. İndinin özündə də hər dəfə Zemfira xanımdan danışanda gözlərinin nuru artır. Bir gün gəldi ki, bəs dünən Zemfiraya nərgiz alıb apardım, nərgiz çiçəyini çox sevir. Yenə o qədər razılıq etdi ki, ondan: “Mən belə insan görməmişəm, Firuzə, Zemfira ayrı aləmdi...” Sonra kövrəldi: “İraq-iraq, o dara düşsə...” sözünün ardını gətirə bilmədi, susdu, gözləri doldu, sonra sağ əlini göstərib, işarə ilə bildirdi ki, kəsib onun üçün verərəm... Yazı yazdığı əlini ha...
Mülatif müəllim özü dara düşəndə, əməliyyat olunanda, canı ağrıyanda isə (keçmiş olsun) eyni münasibəti Zemfira xanımdan gördük, çarpayısının yanından çəkilmədi... Mən onları bir-birinə çox bənzədirəm, bir insanlıq var canlarında. Qızları Aynur, oğulları Zaur, nəvələri Aydan və Fidanla nəfəs alırlar...
Bir dəfə söhbətimizdə “Qurani-Kərim”dən sitat gətirdi Mülatif müəllim: ““Sevdiyin qadını bacın kimi qoru, həyat yoldaşın kimi sev, anan kimi hörmət et...” Mən Zemfiraya belə baxmışam həmişə...”
Ana demişkən... İstəyirəm Mülatif müəllimin anasını da xatırladım, ona rəhmət oxuyum. Həqiqə İbrahim qızı. Adi qadın olmayıb. Dövrünün ən nüfuzlu təhsil ocağı olan Qori Seminariyasını bitirib. Bu fədakar qadın həyat yoldaşının ölümündən sonra 7 uşağı təkbaşına böyüdüb. Fədakarlığı bununla bitmir. Həqiqə xanım Qərbi Azərbaycanda “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunan, “Əməkdar müəllim” adı alan ilk azərbaycanlı qadın olub. Hələ, Ermənistan Ali Sovetinə deputat da seçilib...
****
Uğurlu gündə doğulub Mülatif müəllim – 1 sentyabrda. Sovet dövrünün adamları üçün çox əlamətdar tarix idi və tarixdə də qaldı həmin gün. Onun özü, ailəsi üçün isə hər zaman məxsusi təqvimdir. Bu il 75 yaşı tamam olur. 75-i qarşılamaq xoşdur, heç şübhəsiz. “Müdriklik yaşı”na ürəkdən təbrik deyənlər də, yəqin ki, çoxdu. Birini də mən deyim...
“Allah bilir kimə neyləyir...“
...Ötən il idi. Mülatif müəllim Modern.az-da silsilə yazılarından birində məndən də yazmışdı, daha doğrusu, bir söhbətimizi xatırlatmışdı. Sitat: “Uzun illərdir AzTV-nin “Xəbərlər” redaksiyasında işləyir Firuzə Nadir. ...Bir dəfə görüşəndə çox fikirli idi. Mən deyənləri sanki eşitmədi. “Ayaqlarım yaman ağrıyır, yeriyə bilmirəm”, ardınca zarafatla, - “Allah bilir kimə neyləyir” - pıçıldadım.
- Hə, vallah, göydə Allah var, o bilir, kimə neyləyir, - dedi.” SİTATIN sonu.
“Fikirli” olduğumdan demişdim o sözü, yəqin ki. İndi isə “fikirli” deyiləm və ürəkdən deyirəm: “Bəli, Mülatif müəllim, göydə Allah var, o bilir, kimə neyləyir! O, yaxşı bilir, kimə 15 dəfə 5 verdiyini! Tanrının verdiyi 15 qızıl 5-niz mübarək!..
Bu, Göydə uca Allahın sizə verdiyi qiymətdi!..
Yerdə isə ən böyük dəyəri sizə Azərbaycanın birincisi, bütün jurnalistlərin dostu Prezident İlham Əliyev verib. Bu qiymət Prezidentin fərdi təqaüdüdür. “75” də, Prezident təqaüdü də hər adama qismət olmur...
Qalır yaşamaq. Elə isə rahat yaşayın – həyatda ən böyük xoşbəxtlik, məncə, rahat yaşamaqdır. Gümrah və sağlam olun! Bundan sonrakı ömrünüzü də çox sevdiyiniz, onsuz yaşamağın mümkün olmadığını söylədiyiniz Zemfira xanımla birlikdə yaşayın – övladlarınız, nəvələriniz də ətrafınızda...
Təbrik edirəm, doğma və əziz insan!..