“Sentyabrın 1-də Bakı-Sumqayıt istiqamətində tikintisi nəzərdə tutulan 1,6 kilometrlik əlavə yol birləşdiriləcək”.
Bu haqda Modern.az saytına Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib. O deyib ki, əlavə yol baş Sumqayıtı Sumqayıt stansiyasına birləşdirəcək: “Sabah yolun birləşdirilməsi başa çatdıqdan sonra sentyabrın 2-dən qatarlar sınaq üçün xəttə buraxılacaq”.Nadir Əzməmmədov bildirib ki, Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının istismara verilməsi üçün son tamamlama işləri aparılır.
Onun sözlərinə görə, gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə sentyabr ayının 10-a qədər cavab veriləcək. İqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə cavab olaraq bunları deyib:
“Gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciət araşdırılır, məsələ katiblikdə işlənilir. Tarif Şurasının kollegial qərarından sonra Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı müəyyən edilmiş qərar ictimaiyyətə açıqlanacaq”.
Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla “Stadler Rail Group” şirkətinin 3 KİSS markalı qatarı və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istismara veriləcək.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Sərnişinlər surət qatarları vasitəsilə cəmi 40 dəqiqəyə Bakıdan Sumqayıta və əksinə hərəkət edə biləcəklər. Bakı-Sumqayıt arasında uzunluğu 63 km olan yol əsaslı təmir olunub və 1,6 km uzunluğunda əlavə yol inşa edilib.
Gülşən RAUFQIZI