Modern.az

“Rasim Əliyevin yerində mənim yaxınım da ola bilərdi"

“Rasim Əliyevin yerində mənim yaxınım da ola bilərdi"

31 Avqust 2015, 18:08


“Qəbələ”nin sabiq kapitanı Cavid Hüsynovun vəkili Adəm Məmmədov “Sanki Azərbaycanda tanınmış qələm sahibi öldürülüb” ifadəsinə görə ona bildirilən iradlarla bağlı açıqlama verib.

Hüquq müdafiəçisi Modern.az saytına deyib ki, ona bildirilən iradlarla razılaşmır:

“Rasim Əliyevin başına gələnlərdən heç birimiz sığortalanmamışıq. Bu yaxınlarımın da, qardaşımın da, övladımın da başına gələ bilər. Hüquq müdafiəçisi olmağıma baxmayaraq, mən də belə hallardan sığortalanmamışam.

Əlbəttə, onun ölümündən hamı kimi mən də təəssüflənirəm. Jurnalist oldu-olmadı, məşhur oldu-olmadı, ortada insan faktoru, onun ölümü var, bundan təəssüflənməmək olarmı?

Biz onun ailəsinin dərdinə şərikik, başqa cür ola da bilməz”.

Adəm Məmmədov düzgün anlaşılmamasını belə izah edib: “Mən, sadəcə Rasimin jurnalist fəaliyyəti ilə bağlı deyil, adi məişət zəminində öldürüldüyünü vurğulamışam. Məsələnin siyasiləşdirilərək ajiotaj yaradıtmasının əleyhinə olduğumu diqqətə çatdırmışam. Çünki Rasimin ölümü jurnalist fəaliyyəti ilə bağlı olmayıb. Hüquq müdafiəçisi kimi bunu açıqlamağımda hər hansı nöqsan yoxdur. İstənilən halda insan ölümünü pisləyirəm. Rasimin məşğul olduğu reportyorluğun jurnalist peşəsinin ayrılmaz qolu kimi özünəməxsus çətinlikləri var.

Bəzi mətbu orqanlar Rasim Əliyev haqda “jurnalist peşəsinin icrası zamanı öldürülüb” yazdığından  mən belə bir açıqlama vermişəm. Bir daha deyirəm, hadisə sırf məişət zəminində baş verib”.

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs - qəti imkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu