Bakı şəhəri üzrə Təhsil İdarəsi “Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyası”nda nəzərdə tutulan təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması çərçivəsində tədbirləri davam etdirir.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata əsasən qurumun tabeliyindəki 2 məktəb - 133 və 150 saylı tam orta məktəblər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 saylı məktəb-liseyinə birləşdirilib.2011-ci ildə əsaslı təmir olunan 133 saylı tam orta məktəb 400 şagird yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir.
Həmin ildə əsaslı təmir olunan 150 saylı tam orta məktəb isə 800 şagird yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər təşkil edir. Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Gülşən RAUFQIZI