Müstəqillik illərində Azərbaycan mediası əsaslı yeniliklərə imza atdı. Bu baxımdan bir çox cəhətlərdən söz açıla bilər. Ancaq bunların içərisində operativlik xüsusi vurğulanmalıdır.
İlk başlanğıcdaca aydın idi ki, operativlik xüsusən internet üzərində yayımlanan media üçün xarakterik fəaliyyət dəst-xətti kimi diqqət çəkəcək, rəqabət mühitində başlıca göstəriciyə çevriləcək. Məhz belə bir durumda ortaya artıq formalaşmış olan ənənələrin necə qorunub saxlanılacağı məsələsi çıxdı.
Düşünürəm ki, 6 yaşını qeyd edən Modern.az saytı özünün iş prinsipləri ilə bu suala kifayət qədər aydınlıq gətirdi. Modern.az saytı fəaliyyəti ilə Azərbaycanda yeni tipli media orqanı üçün bir növ, kriteriyalar müəyyənləşdirdi. Sayt ənənələrə sadiqlik ruhuna kökləndi, hər cür operativ təqdimatı dəqiqlik və obyektivlik kimi peşəkarlıq düsturuna çevirməklə nümunə rolunu oynadı.
Bü günün Modern.az-ı yaradıcı insanların toplaşdığı yetkin internet informasiya vasitəsidir. O, hər gün təkcə ölkədə və dünyada baş verən proseslər barədə məlumatlar çatdırmır, eyni zamanda maraqlı və bənzərsiz təqdimatları ilə oxucularının görüşünə gəlir. İstər-istəməz düşünürsən ki, bu görüşlərin yaşı 6 deyil, daha çoxdur.
Qısa müddət ərzində cəmiyyətdə oturuşmuş statusa yiyələnmək dərin axtarışların, jurnalist peşəsinə məsuliyyətlə yanaşmanın nəticəsidir. Əminəm ki, Modern.az mövcud dəst-xəttinə sadiq qalmaqla daha neçə illəri özü üçün əlamətdar təqvimlərə, xoş xatirələrə çevirəcəkdir.
Saytın əməksevər kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
6 yaşınız mübarək!
Hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri