Modern.az

Deputatlardan Modern.az-a xüsusi TƏBRİKLƏR

Deputatlardan Modern.az-a xüsusi TƏBRİKLƏR

1 Sentyabr 2015, 13:17

Bu gün Azərbaycan informasiya məkanında özünü təsdiq edən və ciddi xəbər portalı imicini yaradan Modern.az saytının 6 yaşı tamam olur. Milli Məclisin deputatları Modern.az-ı ad günü münasibətilə təbrik ediblər:

Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov:  

“Bu gün Azərbaycan mediasında öz dəsti xətti, maraqlı xəbərləri və layihələri ilə seçilən Modern.az xəbər portalının 6 yaşı tamam olur. Online medianın sürətlə inkişaf etdiyi hazırki dövrdə Modern.az xəbər portalı Azərbaycanda və dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, araşdırma, müsahibə və digər istiqamətlərdə materiallar təqdim edir. 

Dəyərli saytın rəhbərliyi və bütün əməkdaşlarını xəbər portalının ad günü münasibəti ilə təbrik edirəm. Onlayn media sahəsində özünəməxsus yeri olan və aparıcı informasiya qurumu kimi qəbul olunan Modern.az saytına maraqlı xəbərlər arzu edirəm.  

Saytın bütün əməkdaşlarına isə möhkəm cansağlığı, səadət diləyir, yerinə yetirdiyiniz məsuliyyətli və vacib işlərinizdə yeni-yeni uğurlar arzulayıram!”

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov:

- Hörmətli Elşad müəllim!

Modern.az saytının 6 yaşının tamam olması münasibətilə Sizi və bütün redaksiya heyətini təbrik edirəm. Azərbaycan informasiya məkanında öz yeri, dəsti-xətti və xüsusi çəkisi olan Modent.az saytı bu dövr ərzində çox məhsuldar bir yol keçib, ictimai, siyasi, mədəni və sosial həyatın bütün sferalarını geniş oxucu auditoriyası üçün işıqlandırıb, təhsil və mədəniyyət işçilərinin, elm xadimlərinin tribunasına çevrilib. Rəngarəngliyi, aktual mövzuları, hadisələrə fərqli yaşama tərzi sərgiləyən və oxucuların inamını doğruldan Modern.az saytının ən böyük üstünlüyü sözün, informasiyanın məsuliyyətini dərk etməsi, hadisələrə oybektiv, qərəzsiz prizmadan yanaşması və informasiya bolluğu dövründə öncüllüyünü əldən verməməsidir.

Hörmətli Elşad müəllim!

Bakı Dövlət Universiteti ilə rəhbərlik etdiyiniz sayt arasında olduqca səmərəli əlaqələr qurulub. Universitet həyatı ilə bağlı obyektiv, dolğun və davamlı məlumatlar yayımladığınıza, elmin və təhsilin inkişafına göstərdiyiniz diqqətə görə "Universitetin dostu" mükafatına və “BDU-ya informasiya dəstəyi” xatirə mükafatına layiq görülmüsünüz. Modern.az saytının öz xəttinə sadiq qalacağına, milli mətbuat tariximizdə nüfuzunu qorumaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyinə inamımı bildirir, saytın bütün kollektivini ürəkdən təbrik edir, daha böyük uğurlar və nailiyyətlər arzu edirəm.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev:

- Modern.az mənim inandığım, güvəndiyim və ilkin informasiyanı aldığım saytlardan biridir. Ümumiyyətlə, Azərbaycanda sosial ictimai münasibətləri, dövlət quruculuğu prosesini, hüquqi və qanunvericilik sahəsində olan yenilik və perspektivləri ictimaiyyətə obyektiv və qərəzsiz çatdıran kütləvi informasiya vasitəsidir. Saytın yaranması, fəaliyyəti, eləcə də bugünkü mərhələyə gəlib çatmasında əməyi olan hər bir kəsə uğurlar arzu edirəm. Modern.az-ın informasiya məkanında özünəməxsus yeri var və aparıcı informasiya mənbəyi kimi qəbul olunur.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev:

- Düşünürəm ki, saytda olduqca peşəkar jurnalistlər çalışır və onlar cəmiyyəti maraqlandıran bütün məsələlərə obyektiv, düzgün və qərəzsiz yanaşmağı bacarır. Modern.az xəbər portalını digər mətbuat orqanlarından fərqləndirən, özünəməxsus cəhətlərdən biri informasiyanı düzgün olmaqla bərabər, eyni zamanda qısa zamanda çatdırmasıdır. Modern.az-ı 6 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

Deputat Aydın Abbasov:

- Saytın rəhbəri Elşad Eyvazlıya öz minnətdarlığımı bildirirəm ki, Modern.az-ı yüksək səviyyədə tanıdıb. Saytı digər mətbuat orqanlarından fərqləndirən özəlliklərdən biri də əməkdaşlardan bəzilərinin, eləcə də saytın rəhbəri Elşad Eyvazlının Kəlbəcərdən olmasıdır. Böyük əziyyətlərlə ərsəyə gələn bu sayta uğurlar arzu edirəm. Bundan sonra da Azərbaycanımızın, parlamentimizin, ümumiyyətlə ölkədə baş verən prosesləri hər zamankı kimi qərəzsiz, obyektiv və düzgün cəmiyyətimizə çatdırmağa nail olasınız.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisadi elmlər üzrə elmlər doktoru Eldar İbrahimov:

- Modern.az saytı cəmiyyətdə sosial münasibətlərin formalaşmasında, eyni zamanda cəmiyyəti maraqlandıran məsələlərin obyektiv və qərəzsiz işıqlandırılmasında xüsusi rol oynayır. Modern.az-ın özünə xas olan keyfiyyətlərindən ən başlıcası onun jurnalistika ənənələrini qoruyub saxlamasıdır. Modern.az rəhbərliyini və kollektivini 6 yaş münasibəti ilə təbrik edirəm, arzu edirəm ki, yaş artdıqca daha böyük uğurlara imza atasınız.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı:

- Modern.az hamının və hər kəsin saytıdır. Obyektivliyi, düzgünlüyü, eyni zamanda ədalətliliyi ilə seçilir. Müxtəlif janrlarda olan yazıları Modern.az-dan oxumaq hər kəsə xoşdur və mən arzu edirəm ki, 6 il 60, 600 il olsun. Modern.az bu qısa müddətdə böyük hörmət qazanıb. Arzu edirəm ki, gələcəkdə həm obyektivliyi, həm ədalətliliyi, həm düzgünlüyü, həm də əməkdaşların da əsl jurnalist olmağı ilə digərlərindən seçilsin. 

Millət vəkili Fuad Muradov:

 - Modern.az Azərbaycan mediasında özünəməxsus üslubu olan bir portaldır. Daha çox maarifləndirici layihələr, araşdırmalar və müxtəlif rubrikalar Modern.az-ı digər portallardan fərqləndirir. Eyni zamanda xəbər keyfiyyətinə görə də seçilən əsas saytlardandır. Qeyd edilməlidir ki, Modern.az-ın hazırladığı və cəmiyyətə təqdim etdiyi layihələr birbaşa sosial sifarişin tələblərini yerinə yetirir. Daha çox oxunaqlı və maraq kəsb edən mövzuların seçilməsi də onu deməyə əsas verir ki, kollektiv istənilən bir hadisəyə yaradıcı yanaşır. Digər tərəfdən, Modern.az parlamentin fəaliyyətini izləyən portaldır. Düşünürəm ki, məhz bu aspekt saytı digərlərindən fərqləndirir. Mən Modern.az-ı 6 yaşı münasibəti ilə təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Hər zaman yeni layihələrin ünvanı olan Modern.az-dan gələcəkdə də bu cür yüksək peşəkarlıq gözləyirəm.

Deputat Aqil Abbas:

- Hörmətli Elşad bəy! Sizi və rəhbərlik etdiyiniz saytın bütün əməkdaşlarını 6 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, sizə daha böyük yaradıcılıq uğurları arzu edirəm.

6 yaşınız tamam olduğu bu tarixə qədər siz Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olmusunuz, özünüzün operativ və təhlili yazılarınız, informasiyalarınız ilə gündəmi öz aranızda saxlaya bilmisiniz. Bu da sizin və kollektivinizin peşəkarlığının bəhrəsidir.

İnanıram ki, həmişə böyük maraq və diqqət göstərdiyim Modern.az özünün bundan sonrakı fəaliyyətində də qazandığı nüfuzu qoruyub saxlayacaq, peşəkarlığını daha da artıracaq, təkcə Azərbaycanın deyil, eləcə də regionun və türk dünyasının sayılıb-seçilən informasiya mənbələrindən biri olacaq. Bir daha sizi təbrik edir və uğurlar diləyirəm.

Millət vəkili Çingiz Qənizadə:

- Başda Elşad müəllim olmaqla bütün kollektivinizi təbrik edirəm və qeyd edim ki, bu gün Azərbaycanda oxucunu özünə cəlb edən 3-4 sayt varsa, onlardan biri də Modern.az-dır. Bu da təbii ki, ilk növbədə onun tərəfsiz və qərəzsiz olmasından, informasiyaya obyektiv yanaşma tərzindən formalaşmış xüsusiyyətdir. Nəzərə alaq ki, oxucunu özünə cəlb etmək heç də asan deyil, amma Modern.az 6 il ərzində buna nail ola bilibsə, belə hesab edirəm ki, bu, sizin uğurlu işinizin nəticəsidir. Arzu edirəm ki, hər zaman oxucular üçün əsas informasiya mənbəyi olan saytlardan biri olaraq qalasınız.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov:

- 6 yaşınız münasibəti ilə təbrik edirəm, uğurlar arzu edirəm. Modern.az fəaliyyət göstərdiyi dövrdə xüsusilə Milli Məclisin işıqlandırılmasında iştirak edib. Deputatlarla, ayrı-ayrı insanlar, ictimai-siyasi xadimlərlə bağlı geniş, əhatəli şəkildə informasiyalar verib, öz səhifələrində işıqlandırıb.

Deputat Aqiyə Naxçıvanlı:

- Modern.az informasiyanı dəqiq və düzgün verən informasiya portalıdır. Baş verən bütün hadisələrə çox tez reaksiya verir, ictimaiyyəti maraqlandıran, eyni zamanda da narahat edən məsələləri çözməyə çalışır. Dedi-qodudan, yalan məlumatlardan mümkün qədər kənar olmağa çalışır. Ona görə də bu saytı mən çox bəyənirəm və düşünürəm ki, ictimaiyyətimizdə də insanlar çox vaxt Modern.az-dan əldə etdikləri məlumatlara inanırlar.

Deputat Zahid Oruc:

- Öncəliklə sizi təbrik edirəm. Modern.az saytı ləyaqətli informasiya mənbəyidir. Müstəqillik illərində biz media vasitələrinin fəaliyyəti üçün məhz həmin kriteriyanın nə qədər önəmli olduğunun şahidinə çevrilirik. Modern.az saytı ölkəmizi ictimai-siyasi həyatının ən mühüm xəbərlərini özünün manşetinə daşımaqla bərabər, hər zaman dövlətçilik kursunu, yüksək vətəndaşlıq ideallarını rəhbər tutub, obyektivliyi, qərəzsizliyi əsas meyara çevirib.

Son dərəcə ali düşüncələrlə Azərbaycan cəmiyyətindəki sabitliyə, inkişafa xidmət edib. Xüsusilə də maarifçiliyə, cəmiyyəti maraqlandıran məsələlərə önəm verib, daim bu məsələləri göz önündə saxlayıb. 

Ötən illər ərzində mən də millət vəkili kimi saytın qonağı olub, müxtəlif rubrikaları sualları cavablandırmışam. Etiraf etmək lazımdır ki, bu məkanda  Modern.az kimi qüvvələri tapmaq çətindir, ona görə də siz bizə çox əzizsiniz. Sizin bu ləyaqətli fəaliyyətiniz rəhbəri Elşad Eyvazlı daxil olmaqla, bütün komanda üzvlərində illərlə görünüb, zamanın sınağından keçib. Ona görə 6 yaşınız mübarək olsun, sizi 100 yaşlı bir sayt olaraq görmək arzusu ilə təbriklər.

Millət vəkili Vahid Əhmədov:

-  Modern.az-ı 6 yaşı münasibəti ilə təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edirəm. Modern.az bir sayt olaraq Azərbaycanın milli müstəqilliyini müdafiə edən, ölkənin ictimai-siyasi həyatını daim göz önündə tutan informasiya portalıdır. Yazılarında düzgünlük, dəqiqlik əsas meyarlardandır. Saytın bütün əməkdaşlarını 6 yaş münasibətilə təbrik edir, daha böyük uğurlar arzu edirəm.

Deputat Jalə Əliyeva:

- İlk növbədə saytın bütün əməkdaşlarını təbrik edirəm, daha böyük uğurlara imza atmanızı arzu edirəm. Modern.az hər zaman Azərbaycan cəmiyyətində sabitliyə, sosial vəziyyətin yaxşılaşdırılmasına və problemlərin mətbuatda obyektiv şəkildə işıqlandırılmasına çalışıb. Həmçinin də parlamentdə və ölkədə baş verən proseslərə qərəzsiz, obyektiv və düzgün formada yanaşma üsulu ilə seçilir. Arzu edirəm ki, bundan sonra da Modern.az saytı hər zaman öz sözünü deyən, Azərbaycan həqiqətlərini əks etdirməyi bacaran bir sayt kimi yaddaşlarda qalsın.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli:

- Saytın bütün kollektivini təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirəm. Bir neçə il öncə elektron kütləvi informasiya vasitələri yaranmağa başladı. Müqayisə üçün deyim ki, sel gələndə özü ilə hər şeyi yuyub gətirir. Bax belə bir dövrdə o cür axının içərisində həqiqətən də təmiz bir sayt yarandı. Özündə obyektivlik, ədalət, sensasiyaya uymamaq, xoşa gəlmək üçün material və başlıqları oynatmamağı cəmləşdirib. Bütün bunlar Modern.az saytının imicini formalaşdırır. Modern.az saytı Azərbaycanda ən ciddi və obyektiv mətbu orqanlarından birinə çevrildi. Sizin yazılara tez-tez başqa saytlar da istinad edirlər. Bəzi saytlar öz oxucularının sayını belə şişirdirlər. Amma Modern.az saytı oxucu sayını belə göstərmir. Bütün bunlar onu göstərir ki, Modern.az saytının kollektivi məsuliyyətli adamlardan ibarətdir. Onlar öz sənətini sevir, jurnalist adına layiq iş görürlər və mən bu gün sizin sayt vasitəsilə başqa saytlara da müraciət edirəm. Mənəviyyatsız yol seçib, başlıqları dəyişib, fikirləri təhrif edib, materialları kontekstdən çıxartmasınlar. 

Deputat Rauf Əliyev:

- Azərbaycan informasiya məkanında özünəməxsus yer tutan Modern.az saytının fəaliyyətə başlamasının 6 illiyi münasibəti ilə kollektivin bütün üzvlərini təbrik edir, işinizdə uğurlar arzu edirəm. Modern.az saytı yarandığı vaxtdan etibarən cəmiyyətdə baş verən hadisələri operativ surətdə, obyektiv qiymətləndirərək həmişə ümumi dövlət və ümumxalq mənafelərini üstün tuturlar. Çoxlu sayda informasiya vasitələrinin mövcud olduğu bir zamanda öz oxucu kütləsini formalaşdıraraq öz səmimiliyinizlə və peşəkarlığınızla rəğbət qazanmısınız. Vətəndaşı olduğunuz dövlətin, millətin maraqlarına həmişə sadiq qalan bir kollektiv kimi bir daha sizi ürəkdən təbrik edir, məşğul olduğunuz bu mühüm işlərin yerinə yetirilməsində müvəffəqiyyətlər arzu edirəm.

Millət vəkili Fazil Mustafa:

- Modern.az sayti ardıcıl olaraq izlədiyim saytlardandır. Xüsusilə də Milli Məclislə bağlı daha maraqlı üslubda mövqeləri yerləşdirir. Hansı mövzuda yazı verirsənsə, siyasi, ideoloji tərəflərinə baxmadan təqdim edir. Saytın 6 illik tarixini qeyd etməyə dəyər. Çünki jurnalistikanın etik prinsiplərini bu müddətdə qoruyub saxlamaq ciddi peşəkarlıq tələb edir. Elşad bəyə və saytın kollektivinə uğurlar arzulayıram.

Millət vəkili Qənirə Paşayeva

-
Modern.az saytını, onun kollektivini, dəyərli həmkarlarımın hər birini təbrik edirəm. Onlara bu gözəl, şərəfli peşədə uğurlar arzu edirəm. Modern.az bizim üçün ona görə çox əziz saytdır ki, Milli Məclisin fəaliyyətini ən geniş şəkildə işıqlandırır və insanları millət vəkillərinin qaldırdığı məsələlər, parlamentdə müzakirəyə çıxarılan qanun layihələri, onların ətrafında aparılan diskussiyalarla tanış edir. Eyni zamanda tariximizlə, böyük şəxsiyyətlərimizlə bağlı gənc nəsillər arasında vətənpərvərlik ruhunun artırılması ilə bağlı da maraqlı yazılarla çıxış edir.
Modern.az-ı təbrik edir və hər zaman bu gözəl fəaliyyəti davam etdirməyi və gələn ad gününü işğal altında olan torpaqlarda qeyd etməyi, oradan da gözəl xəbərlər yazmağı arzu edirəm.

Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslanov:

- Modern.az portalının rəhbəri, hörmətli Elşad Eyvazlı,
ən xoş arzularla sizi və kollektivinizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvləri və şəxsən öz adından fəaliyyətinizin 6-cı ilinin tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Dünya birliyinə inteqrasiya edən Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maarifləndirməyə, ümummilli maraqların ifadəsinə, dürüst gündəlik xəbərlərə olan tələbat milli mətbuatımız tərəfindən ödənilir. Müstəqil, tərəfsiz, qərəzsiz, doğru-dürüst informasiyanın çatdırılması, həmçinin dözümlülük, rəngarənglik və başqalarından fərqlənməyi əsas prioriteti kimi qəbul edən Modern.az saytı qısa müddətdə oxucuların rəğbətini qazanıb.

Milli Məclisin fəaliyyətinin işıqlandırılmasında da sizin rəhbərlik etdiyiniz xəbər portalı fəal iştirak edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə də Modern.az kollektivi diqqətlə yanaşır. Əminəm ki, qarşılıqlı işgüzar əməkdaşlığımız bundan sonra da daha da inkişaf edəcək.

Sizi və kollektivinizi bir daha bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir, sizə can sağlığı, uzun ömür, milli mətbuatımızın inkişafı nə apardığınız şərəfli işinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə: “Modern.az saytının kollektivini ad günü münasibəti ilə təbrik edirəm.

Qısa zamanda böyük mətbuat aləmində öz məxsusi yerini tutan yeni xəbər portalı artıq Azərbaycan mətbuatının sayılan ünvanlarından birinə çevrilib.

Obyektivlik, operativlik, tarixi ekskurs saytı tanıdan və sevdirən xüsusiyyətlərdən hesab edilə bilər. Modern.az eyni zamanda bir jurnalistika məktəbinə çevrilə bildi. Onun sayəsində neçə-neçə gənc artıq mətbuatda tanınan və yeni yazıları gözlənilən qələm sahiblərinə çevriliblər.

"Əkinçi"dən başlayan milli mətbuatımız bu gün bir çox nüfuzlu qəzet və saytlarla zəngin ənənəni davam etdirir. Bu axarda isə MODERNləşmədən mümkün deyil.

Bir daha dostlarımızı təbrik edir, onlara uğurlar və yeni zirvələr arzu edirəm”.

Millət vəkili, professor Musa Qasımlı: “Hörmətli Elşad müəllim və əziz Modern.az-çılar sizi 6 yaşınız münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram. Sevincinizə şərik oluram. Söyləyim ki, Modern.az saytının informasiya lövhəsini fərdi kompyuterimin “işçi masasına” qoymuşam və hər gün açan kimi baxıram. Bu sayta isti münasibət bəsləməyimin bir neçə səbəbi vardır.

Hər şeydən əvvəl, ilk vaxtlarda sayta belə münasibətim Elşad müəllim Eyvazlı ilə tanışlığımla və onun şəxsiyyətilə bağlı olub. Çünki Elşad müəllimi hələ “Kaspi” qəzetində işləyərkən tanımış və onun haqqında ilk təəssüratım belə yaranmışdı: təbii, sakit, mehriban, böyük-kiçik yerini bilən və yaxşı tərbiyə görmüş bir adam. Bu keyfiyyətlər heç şübhəsiz, ailədən, kökdən və doğma Kəlbəcərimizin təbiətindən irəli gəlib. Daha sonra isə saytın daimi izləyicisi olduğum üçün Elşad müəllimin bir jurnalist və media kapitanı kimi peşəkarlığına dair fikirlərim tam formalaşdı.

Bu keyfiyyətlərin üzdən tanımasam da, saytın mənə zəng edən demək olar, bütün əməkdaşlarında olduğunu hiss edirəm. Daim dəqiq, obyektiv, qərəzsiz informasiya verdiyi, heç kimə böhtan atmadığı, milli-dövlətçilik maraqlarından qəti, aydın çıxış etdiyi üçün rəğbət və etimad qazanan Modern.az saytı Azərbaycan mətbuat tarixində özünəməxsus yeri tutur, oxucuların rəğbət və etimadını qazanıb.

Dostlar, bu yolda sizə müvəffəqiyyətlər arzulayıram. 6 yaşınızı qeyd etmək sizə yaraşır. Gün o gün olsun ki, 20, 30, 50 və daha neçə yaşınızı qeyd edəsiniz!”

Hazırladı: Vüsalə Qəzənfərqızı 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama