“Qarabağ müharibəsində iştirak etməyənlər veteran vəsiqəsi alırlar, əsl döyüşənlər isə qalıb kənarda”. Bu sözləri Modern.az-a açıqlamasında Goranboy rayonundan olan Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov bəzi dövlət qurumlarında Qarabağ döyüşçülərinə göstərilən laqeydlik barədə danışarkən deyib. O, veteranlara bəslənilən ögey münasibətin səbəbini anlamadığını və bundan çox narahat olduğunu vurğulayıb.
“Qardaşım Həsənov Rəsul Ələsgər oğlu Sumqayıt şəhərində yaşayır. Müharibədə iştirak edib.Lakin veteran vəsiqəsi vermirlər. Bu barədə hərbi komissarlıqdan Müdafiə Nazirliyinə sorğu göndərilib. Lakin qulluq etməsi ilə bağlı heç bir cavab gəlməyib.
Bildirirlər ki, elə adam qulluqda olmayıb. Halbuki, hərbi biletində, şəxsi işində qulluq etdiyi qeyd edilib. Arxivə də sorğu göndərmişik. Yoxlamadan “belə adam siyahıda yoxdur” cavabı verirlər.
Bütün bunların hamısı rüşvətxorluqla bağlıdır. Müharibədə iştirak etməyənlər veteran vəsiqəsi alırlar. Əsl döyüşənlər isə qalıb kənarda”-deyə M.Həsənov bildirib.
Leyla Əfqan