Son dövrlərdə Ağstafa rayonunda geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Ağstafa şəhərində bir sıra yeni sosial obyektlər, yaşayış binaları tikilmiş, şəhərin prospekt və küçələrində yenidənqurma və abadlıq işləri aparılmışdır. Həmin tikintilərlə yanaşı olaraq rayonun mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi də diqqət mərkəzində saxlanılıb.
Qəzalı və yararsız binada yerləşən Ağstafa şəhər Musiqi məktəbinin yeni binaya köçürülməsi illərlə qarşıda duran əsas məsələlərdən biri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli Sərəncamı ilə yeni Musiqi və İncəsənət Mərkəzinin tikilməsi bu problemi həll etdi. Qədim musiqi aləti olan ud formasında inşa edilən olaraq yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, ərazidə geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması nəzərdə tutulur. Yeni musiqi və incəsənət mərkəzinin binasında fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları olacaqdır. Binada inzibati otaqlar, yeməkxana, akt zalı və qrim otaqlarının olması da nəzərdə tutulur. Binada müasir avadanlıqlarla təmin olunmuş və akustika şərtlərinə cavab verən konsert zalı da olacaqdır.13 noyabr 2014-cü ildə təməli qoyulan Mərkəzdə tikinti işləri sürətlə davam etdirilir.
Qısa zaman ərzində inşaatçılar tərəfindən binanın tikintisində xeyli işlər görülmüş, mərkəzin dəmir beton karkas sistemi quraşdırılmışdır. Mərkəzin konsert salonunun dam örtüyü qoyulmuş, binaya arxitektur baxımdan gözəllik verən arxa fasad hissəsi tamamlanmışdır. Hazırda binanın sinif otaqları, zal və foyesində, eləcə də yardımçı otaqlarda daxili tamamlama işləri aparılır. Tikintidə layihə üzrə nəzərdə tutulan işlərin sürətlə aparılması təmin edilir.
Modern.az