“Bu ilin dövlət büdcəsində hərbi xərclər xüsusi yer tutur. Bu, birinci il deyil ki, Azərbaycanın hərbi xərcləri xərclər arasında birinci yerdədir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və ordu quruculuğu prosesinin sürətləndirilməsi, gücləndirilməsi üçün Azərbaycan dövləti əlindən gələni edir. Bu gün orduya ayrılan xərclər Silahlı Qüvvələrimizi gücləndirir. Bu gün Azərbaycan Ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur və əlbəttə ki, biz bu istiqamətdə aparılan işləri davam etdirəcəyik”- deyə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda söyləyib.
O, deyib ki, gələn il Azərbaycanın bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur.
”Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunub və bu gün bu, reallıqdır. Zaman keçdikcə əlbəttə ki, biz bütün xərclərimizi, o cümlədən müdafiə xərclərimizi daha da artıracağıq. Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik, heç bir başqa ölkədən asılı deyilik, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq”.
Dövlət başçısının sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadiyyatını, ordusunu xalqın iradəsi və zəhməti hesabına qurur.
“Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq”-deyə İlham Əliyevin sözlərinə görə, işğal edilmiş ərazilərə bu yaxınlarda ATƏT-in qiymətləndirmə missiyası göndərilib.
“Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Beş il bundan əvvəl, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası ilk dəfə olaraq işğal edilmiş torpaqlara göndərilmişdi. O missiya tərəfindən hazırlanmış hesabat açıq-aydın göstərir ki, erməni qəsbkarları, erməni vandalları hansı cinayətlər törətmişlər.
Bu günlərdə həyata keçirilən missiya əlbəttə ki, həm müqayisə aparmalı, eyni zamanda, orada baş verən dağıntıları, cinayətləri öz hesabatında bir daha əks etdirməlidir. Mən ümid edirəm ki, missiyanın hesabatı ədalətli, obyektiv olacaq, balanslaşdırılmış olmayacaqdır. Çünki danışıqlar prosesində bir çox hallarda vasitəçilər fəaliyyətini balanslaşdırılmış yanaşma ilə qururlar. Ancaq bu sahədə heç bir balanslaşdırmadan söhbət gedə bilməz. Çünki bu, bizim torpağımızdır, orada bütün binalar ermənilər tərəfindən dağıdılıb, bir dənə daş üstə daş qalmayıb, bütün tarixi abidələrimiz, məscidlərimiz, evlər dağıdılıb və talan edilib. Bütün bunlar erməni vandalları tərəfindən törədilib. Orada bütün maddi dəyərlər erməni talançıları tərəfindən oğurlanıb və dağıdılıb.
İşğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir. Biz bunu bilirik və çox müsbət haldır ki, dünya birliyi bu barədə bir daha məlumat alacaqdır. Mən çox ümid edirəm və bir daha demək istəyirəm ki, bu hesabat obyektiv olsun və reallıqları əks etdirsin. Budəfəki missiyanın xüsusiyyəti bir də ondan ibarətdir ki, onun tərkibinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilibdir. Bu, çox vacib haldır, həm siyasi, həm də praktiki cəhətdən. Ümid edirəm ki, biz yaxın zamanlarda bu hesabatla tanış olacağıq.
O ki qaldı, münaqişənin həlli ilə bağlı məsələyə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi vardır və Azərbaycan bu mövqedən bir addım geri atmayacaqdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz. Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında - İrəvan xanlığı, Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
İkinci erməni dövləti Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaradıla bilməz. Biz bu prinsipial mövqeyi bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəyik. Biz praktiki işlərimizlə, atılan addımlarla, ölkəmizi gücləndirməklə bu günü yaxınlaşdırırıq ki, torpaqlarımız işğalçılardan azad olunsun.
Beynəlxalq təşkilatlara gəldikdə, deyə bilərəm ki, son zamanlar bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini bildirmişlər. Əlbəttə ki, bunların arasında BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsas rol oynayır. Ondan başqa, ATƏT-in qərarları, Avropa Şurasının, İslam Konfransı Təşkilatının və son zamanlarda Avropa Parlamentinin qətnamələri və qərarları birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğala son qoyulmasını tələb edir.
Bu, məsələnin siyasi və hüquqi tərəfidir. Məsələnin praktiki tərəfi də mövqeyimizi gücləndirir, çünki bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyildir. Azərbaycan çiçəklənən, qüdrətlənən, güclənən, müasir, dinamik inkişaf edən, öz resurslarına arxalanan ölkədir. Ermənistan kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə dolanan ölkədir. Yəni, bu iki ölkəni müqayisə etmək mümkün deyildir. Bu gün gətirdiyim rəqəmlər, gələcək planlar haqqında dediyim sözlər bunu göstərir. Heç şübhə etmirəm ki, illər keçdikcə fərq daha da böyüyəcək və beləliklə, biz hərbi potensialımızı daha da gücləndirməklə məsələnin həllinə nail olacağıq.
Ermənistanda bir məsələni də unutmamalıdırlar. Bu, demoqrafiya məsələsidir. Bu gün Azərbaycan əhalisinin sayı 9 milyondan artıqdır. Ermənistanda isə ölkədən kütləvi şəkildə köç baş verir. Çünki insanlar orada dözülməz şəraitdən beziblər. Orada yaradılmış polis rejimi insanlara imkan vermir ki, azad şəkildə yaşasınlar. Erməni qəsbkarları təkcə Azərbaycan xalqının qanını axıtmayıblar. Hərbi cinayətlər təkcə Xocalıda və başqa yerlərdə törədilməmişdir. Onlar 2008-ci ildə öz xalqına qarşı qəddarlıq, cinayətlər törətmişlər. Ordu tərəfindən 10-dan yuxarı vətəndaş öldürülmüşdür. Yəni Azərbaycan həm siyasi, həm iqtisadi, həm demoqrafiya cəhətdən əlbəttə ki, böyük dərəcədə fərqlənir. Mən əminəm ki, bu məsələlərin kompleks şəkildə, bax bu yolla inkişaf etməsi bizi məqsədimizə gətirib çatdıracaqdır”.