Modern.az

“2016-cı ilin büdcəsi hazırlananda bəzi layihələr təxirə salınsın, bir neçə nazirlik birləşdirilsin” - TƏKLİF

“2016-cı ilin büdcəsi hazırlananda bəzi layihələr təxirə salınsın, bir neçə nazirlik birləşdirilsin” - TƏKLİF

2 Sentyabr 2015, 13:27



2015-ci ilin dövlət büdcəsi təsdiq olunanda neftin 1 barelinin qiyməti 90 dollardan hesablanıb. Həm dünya bazarlarında neftin qiymətinin kəskin enməsi, həm də manatın dollar qarşısında devalvasiyası 2016-cı ilin dövlət büdcəsinin hazırlanması zamanı bir çox məsələlərdə qənaət edilməsini labüdləşdirir.

Ekspertlər 2016-cı ilin dövlət büdcəsini necə görürlər?

İqtisadçı Oqtay Haqverdiyev Modern.az saytına deyib ki, 2016-cı il üçün dövlət xərcləri azaldılmalıdır: “Bir çox layihələr təxirə salınmalıdır. Bu layihələr 5 il sonra da reallaşsa, heç bir zərəri olmayacaq. Bunun üçün əslində konkret rəqəmlərə baxmaq lazımdır. Bəlkə heç büdcəni azaltmayacaqlar. Nəzərə almaq lazımdır ki, bizim valyuta ehtiyatlarımız var. Prezident də büdcənin azaldılmaması qərarını verə bilər. Belə olan təqdirdə neftin qiyməti 50 dollardan hesablanacaq. Əgər çatışmazlıq olarsa, Dövlət Neft Fondundan vəsait götürülə bilər. Nəzərinizə çatdırıram ki, bu, variantlardır. Konkretlik üçün rəqəmlərə baxmaq lazımdır. Yalnız bu halda demək olar ki, hökumət bizi hara aparacaq”.

Ekspert bir-birini təkrarlayan qurumların birləşdirilməsinin vacibliyini də vurğulayıb:

“Azərbaycan kiçik ölkədir, buna baxmayaraq, komitələrdən əlavə 20 nazirlik var. Bir neçə nazirliyin əsasnaməsini yanaşı qoysaq, görərik ki, funksiyaların əksəriyyəti təkrarlanır. Əlbəttə, bu,  problemin həllində əsas istiqamətlərdən biri və ən vacibidir. Mən bunu neçə illərdir deyirəm.

Böyük Britaniya kimi ölkənin cəmi 17, Amerikanın 14 nazirliyi var. Azərbaycan kimi kiçik bir ölkədə 20 nazirlik var və bu qədər məmur ifrat saydadır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu - hər ikisi demək olar eyni funksiyaları daşıyır, niyə də birləşdirilməsin? Eyni məsələ ilə məşğul olduqları halda niyə ayrı-ayrı qurum olmalı, hamısının ayrı-ayrılıqda müavinləri, sürücüsü, katibəsi üçün vəsait ayrılmalıdır? Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır”.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, 2016-cı ilin dövlət büdcəsinin formalaşması zamanı əvvəlki illərdən fərqli olaraq israfçılığın qarşısı alınmalıdır: “Mənasız layihələrə qoyulan vəsaitlər azaldılmalı, əhalinin sosial təminatına yönəlik fəaliyyət güclənməlidir. Regionlarda məşğulluq məsələsinə diqqət artırılmalıdır. Çünki regionlarda yalnız infrastruktur dəyişikliyi, parkların salınması yetərli deyil. Əhalinin yaşayış səviyyəsi aşağı düşüb. Bunun qarşısı alınmalıdır. Ona görə dövlət büdcəsindən daha qənaətli və məqsədyönlü vəsait ayırmaqla vəziyyətdən çıxmaq olar. Korrupsiya və yeyinti qeydə alındığından tikinti sektorunda da işlər azalmalıdır”.

Fazil Mustafanın fikrincə, formalaşacaq büdcənin sosial ağırlıqlı olması vacibdir: “Ən azı əhalinin narazı hissəsinin problemləri həll olunmalıdır. Müəllimlərin, aztəminatlı ailələrin, əlillərin, yəni hansıların ki, gəlir mənbəyi yoxdur və dövlətin ümidinə qalıblar, mütləq nəzərə alınmalıdır. Sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməli, vergi yükü azaldılmalı, istehsal və emal sənayesi inkişaf etdirilməlidir.  Demək olar ki, hazırda ölkədəki özəl sektor sıradan çıxır. Fermer fəaliyyət göstərir, amma Çindən və ya başqa ölkədən texnikanın alınmasına aylarla vaxt gedir. Düşünürəm ki, ən elementar iynədən tutmuş şprisə qədər hər şeyi ölkədə istehsal etməliyik, meyvənin xaricdən idxalı azaldılmalıdır. Ümumilikdə isə düşüncə dəyişməlidir ki, əhali üçün faydalı büdcə formalaşsın”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama