Qarabağ qazilərinin və veteranlarının 1-ci toplantısını keçirən təşkilat komitəsi Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edib. Bu haqda Modern.az saytına Qarabağ veteranı Vaqif Əlisoy məlumat verib.
Müraciətdə bildirilir:
“Bildiyiniz kimi, Azərbaycanın “Qəbələ” futbol klubu Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Borussia Dortmund” klubu ilə eyni qrupda mübarizə aparacaq. Azərbaycan dəfələrlə idman yarışlarına evşahibliyi edib, sonuncu, Bakıda keçirilən Avropa Oyunları da dediklərimizi əyani sübut edir. Dünya ictimaiyyəti yarışların təşkilinə yüksək qiymət verib.
Azərbaycanda keçirilən idman yarışlarında başqa xalqların idmançıları ilə yanaşı, ərazimizin 20 faizini işğal edən Ermənistan dövlətinin və eyni zamanda milliyyətcə erməni olan digər dövlətlərin idmançıları iştirak edib. Azərbaycan beynəlxalq idman prinsiplərini əldə rəhbər tutaraq üzərinə düşən öhdəliyi ləyaqətlə yerinə yetirib. Azərbaycan xalqına, dövlətinə, onun ərazi bütövlüyünə, bayrağına hörmət etməyən hər hansı şəxs Azərbaycan dövləti və xalqı üçün qəbuledilməzdir.
“Borussia” komandasında oynayan erməni vətəndaşı Henrix Mxitaryan belə şəxslərdəndir. Əldə etdiyimiz təkzibedilməz faktlara görə, Henrix Mxitaryan həm erməni, həm də beynəlxalq idman mətbuatına müsahibələrində dəfələrlə Dağlıq Qarabağda olduğunu, separatçılara maddi və mənəvi dəstək verdiyini və erməni olaraq bundan qürur duyduğunu açıqlayıb.
Bu yaxınlarda Azərbaycanın Xarici İşlər Nazirliyi Henrix Mxitaryanın “Borussiya” komandasının heyətində Azərbaycana gəlməsinə etiraz etmədiyini açıqlayıb. Güman edirik ki, Xarici İşlər Nazirliyi qazilərin və veteranların müraciətini nəzərə alıb Henrix Mxitaryan barədə geniş araşdırma aparacaq və faktlar təsdiq edilərsə onun Azərbaycana gəlişinə viza verməyəcək”.
Müraciəti Təşkilat komitəsinin aşağıdakı üzvləri imzalayıb:
Camal Əhmədov
Arif Paşa
Üzeyir Cəfərov
Nurəddin Xoca
Tərlan Eyvazov
Qalib Rəhimov
Azay Kərimov
Vaqif Əlisoy
Aydın Şükürov
Habil Şirinov
Bünyamin Qəmbərli
Rey Kərimoğlu
Etimad Əsədov
Nazim Bayram
Fizulu Rzaquliyev
Firudin Məmmədov
Kamil Şirinov
Gülşən RAUFQIZI