Dünən prezidentin sərəncamı ilə xalq şairi Fikrət Qoca “Şərəf” ordeninə layiq görüldü. Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, 80 illik yubileyi yeni qeyd olunan şairdən müsahibə alıb:
- Sizi mükafat münasibətilə təbrik edirik. Təəssüratlarınız yəqin ki, çoxdur...
- Bəzi adamlar mükafat alandan sonra deyirlər ki, mən gözləmirdim. Amma düşünürəm ki, bu adamlarda riyakarlıq var. Prezident məni əvvəlcə ölümün əlindən aldı. Getdim müalicə olundum və 80 illik yubileyimi görə bildim. Amma mənim üçün ən gözlənilməzi o oldu ki, yubileyimə prezident şəxsən özü çox isti münasibət göstərdi, təbrik məktubu ünvanladı, nəhayət “Şərəf” ordeni ilə mükafatlandırdı. Bundan başqa nə ola bilərdi ki? Ona minnətdarlığım çoxdur. Allah ona uzun ömür versin! Mənə də bir az ömür versin ki, borcundan çıxa bilməsən də, heç olmasa, layiqincə “çox sağ ol” deyə bilim.
- Xəbəri ilk dəfə eşidəndə necə reaksiya verdiniz?
- Çox təsirlənmişdim. Heç nə deyə bilmədim. Baxmayaraq ki, ürəyim dolu idi. Sağ olsunlar, elə bir ucdan zəng vurub təbrik edirdilər.
- Yazıçı dostlarınızdan, Azərbaycan Yazıçılar Birliyindən ilk olaraq kimlər zəng vurub təbrik etdi?
- Çox adam zəng vurdu, dostların çoxu əlaqə saxladı. Yazı yazırdım. Bir telefondan 10 dəfə zəng gəldi. Nəhayət götürdüm, həmin adam da məni bu münasibətlə təbrik etdi. İlk təbriki həmin adamdan aldım. Sonra xəbər yayılan kimi dalbadal zənglər gəldi və hamısına təşəkkürümü bildirdim.
- Hazırda nə yazırsınız?
- 80 elə bir yaşdır ki, adam gərək böyük səfərə hazırlıq görə. Həm də elə bir yaşdır ki, gərək öz arxivini sahmana salasan, nələrin olub-olmadığını görəsən. Mən də bu gün öz arxivimlə məşğulam. Seçilmiş əsərlərimi bərpa edirəm. Elələri də var ki, yenidən təkmilləşdirmək istəyirəm. Bilmirəm, məndən sonra onları kim edəcək. Odur ki, nə qədər ömrüm var, o qədər də bu işləri şəxsən özüm yerinə yetirmək istəyirəm.
- İşdə olduğunuzu dediniz. Yazıçılar Birliyində hazırda hansı işləri görürsünüz?
- Əslində məzuniyyətdə olmalı idim. Amma görürsünüz ki, sizinlə də Yazıçılar Birliyindən danışıram. Çünki burada hər zaman iş olub. Nə qədər gənc kadrlar, nə qədər ədəbiyyata maraq var, o qədər də Azərbaycan Yazıçılar Birliyində iş var. Odur ki, bu gün də burada öz işimizlə məşğulam. Səhhətimiz imkan verdikcə, buna çalışacağıq.
- Səhhətiniz necədir?
- Vallah, nə deyim? 80 yaşlı adam özünü necə hiss etməlidirsə, mən də özümü bu gün o cür hiss edirəm.
Elmin NURİ